05 Mart 2024 08:30
264
SİYASƏT
A- A+

Azərbaycan etibarlı tərəfdaşdır

 

"Prezident İlham Əliyevin neft-qaz, eləcə də "yaşıl enerji" sahəsində yaratdığı strategiya geosiyasi vəziyyətin yaxşılaşmasına böyük töhfə verir. Bir vaxtlar bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları "Cənub qaz dəhlizi" dövlət başçımızın qətiyyəti, uzaqgörənliyi və siyasi iradəsi sayəsində reallığa çevrildi".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat bildirib ki, artıq üç ildən çoxdur ki, Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi" vasitəsilə bir sıra ölkələrə ixrac olunur. Həyata keçirilən böyük layihələr sayəsində ölkəmizdə istehsal ediləcək "yaşıl enerji"nin də yaxın gələcəkdə Avropaya ixracı mümkün olacaq. Prezident İlham Əliyev martın 1-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Azərbaycanın zəngin təbii qaz yataqlarına malik olması, istismarda olanlarla yanaşı, yeni yataqların da yaxın vaxtlarda qaz hasil etməsi istiqamətində görülən işlər, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr haqqında məlumat verdi".
Deputatın sözlərinə görə, "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 6-sı Avropa dövləti olmaqla, ümumilikdə 8 ölkəyə ixrac olunur: "2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən "Abşeron" yatağında təbii qazın kommersiya hasilatı oldu ki, ilkin olaraq bu yataqdan qaz hasilatının həcmi 1,5 milyard kubmetr, ikinci fazada isə 4-5 milyard kubmetrə çatdırılması gözlənilir. Hasil olunacaq qazın böyük hissəsi beynəlxalq bazarlara nəql olunacaq. Nəhəng xarici şirkətlər, maliyyə institutları Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərinin nəhəng enerji şirkəti olan ADNOC Abşeron layihəsinin səhmdarıdır".
Növbəti ildə Azərbaycan "Azəri-Çıraq-Günəşli"dən, sonrakı illərdə isə "Ümid" yatağından qaz hasil ediləcək. Bununla da ölkəmizdən Avropaya ixrac ediləcək təbii qazın həcmi artırılacaq, eyni zamanda Azərbaycan qazını almaq istəyən Avropa dövlətlərinin sayı artacaq. "Görülən işlər, həyata keçirilən layihələr ölkədə təbii qazın azalmasını iddia edən qüvvələrə, dövlətlərə layiqli cavabdır. Avropada Azərbaycan qazına böyük tələbat var və ölkəmiz kifayət gədər qaz hasil etmək imkanına sahibdir", - deyə müsahibimiz qeyd edib.
Kamilə Əliyeva deyib ki, dövlət başçısı çıxışında Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, "yaşıl enerji" sahəsində də böyük layihələrin icra edildiyini vurğuladı: "Ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu cür stansiyaların tikintisi davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri Azərbaycanda bərpaolunan enerji stansiyalarının tikintisində yaxından iştirak edirlər. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından böyük potensialı var və bu sahədə digər xarici şirkətlərlə də əməkdaşlıq edilir. Azərbaycanın "yaşıl enerji" sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri və beynəlxalq təşkilatlar yüksək qiymətləndirir. Yaxın vaxtlarda ölkədə istehsal olunacaq "yaşıl enerji" də Avropaya ixrac ediləcək. Bir çox dünya dövlətləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayırlar. Bütün bu amilləri nəzərə alaraq, dünya dövlətləri yekdilliklə COP29 kimi nüfuzlu konfransın Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdilər. Bu, dünyada ölkəmizin böyük nüfuza malik olmasının göstəricisidir". 
Deputat Prezident İlham Əliyevin tədbir çərçivəsində "Euronews" televiziyasına verdiyi müsahibəsinə də diqqət çəkdi. Bildirdi ki, dövlət başçısı müsahibəsində uzunluğu 3500 km olan "Cənub qaz dəhlizi"nin bölgədə yerləşən dövlətlərlə yanaşı, bir sıra Avropa ölkələrinin də enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu vurğuladı: "Azərbaycan qazına olan tələbat hər il artır. Azərbaycanda hasil edilən təbii qazın həcmi artdıqca digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. İxrac ediləcək təbii qazın digər dövlətlərə çatdırılması üçün bir neçə Avropa dövlətlərində interkonnektorlar tikilib. Prezident İlham Əliyev müsahibəsində "Cənub qaz dəhlizi"nin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin dəstək olduğunu da qeyd etdi. Bu, İlham Əliyevə olan inamın, etimadın nümunəsidir. Dünya liderləri dövlət başçımızın sözünün imzası qədər dəyərli olduğunu yaxşı bilirlər".
Kamilə Əliyeva yekunda vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmizdə neft və qazdan gələn gəlir inkişafa, tərəqqiyə, bir sözlə, Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video