Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” adlı sənədli film çəkiləcək.
Bununla əlaqədar müvafiq işçi qrupunun iyulun 15-də AMEA-nın rəyasət heyətində iclası keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildiriblər ki, iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın 70 illiyi ilə əlaqədar qarşıda duran vəzifələrdən söhbət açıb.
Akademik İ. Həbibbəyli AMEA-nın 2015-ci ildə keçiriləcək yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, bu elm müəssisəsinin 70 illik tarixini əks etdirəcək sənədli filmin çəkilişinin qərara alındığını qeyd edib, filmin çəkilişi ilə bağlı təklif və mülahizələrini bildirib.
Diqqətə çatdırılıb ki, müvafiq işlə bağlı ilkin plan hazırlanıb və bəzi arxiv sənədləri əldə edilib, sənədli kinoxronika materialları toplanılıb.
Akademik 1945-ci ilin tarixi sənəd, foto və videolentlərinin əldə edilməsinin zəruriliyini vurğulayaraq hazırlanacaq filmdə müstəqillik illərində qazanılmış elmi nailiyyətlərin, müxtəlif arxeoloji və geoloji ekspedisiyaların fəaliyyətinin də işıqlandırılmasının əhəmiyyətindən söhbət açıb.
Filmdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə son bir il ərzində akademiyada aparılmış genişmiqyaslı islahatlarla bağlı süjetlərə də geniş yer veriləcəyini bildirən vitse-prezident bununla əlaqədar işçi qrupunun qarşısında duran vəzifələrdən ətraflı bəhs edib, qrupa daxil olan alim və mütəxəssislərin konkret vəzifələrinin müəyyənləşdirilməsi ilə əlaqədar fikirlərini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli ssenarinin elmi-publisistik üslubda yazılması, çəkiliş qrupunun vəzifələri, aparılacaq çəkilişlərin məkanı, müsahiblər, Moskva, Kiyev, Sankt-Peterburq, Tbilisi arxivlərində və elmi qurumlarında iş, vəzifə bölgüsünün müəyyənləşdirilməsi ilə bağlı təkliflərini verib. Qeyd olunan təkliflər işçi qrupu tərəfindən bəyənilib.
Müzakirələrdə işçi qrupunun üzvlərindən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, kinorejissor Ayaz Salayev, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli və elmi işçi Arif Ramazanov çıxış edərək təkliflərini bildiriblər.
Hazırlanacaq “Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik” sənədli filminin ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rejissoru Əməkdar İncəsənət Xadimi Ayaz Salayevdir.