“Bugünlər Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir. Söhbət 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatından gedir. Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər. Bu hadisə Azərbaycanın dünyada idman mərkəzlərindən birinə çevrildiyini göstərir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, beynəlxalq miqyasda böyük populyarlığa malik futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Nəzərə alaq ki, U-15 üzrə oğlanlar arasında futbol üzrə dünya çempionatı ilk dəfə keçirilir. Bu, beynəlxalq idman ictimaiyyətinin ölkəmizə artan inamının əyani göstəricisidir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim qlobal həmrəylik təşəbbüslərindən çıxış edir ki, bu da dünyada böyük təqdirlə qarşılanır. Bundan başqa, ölkəmizin müsbət reallıqları – uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq, güclü iqtisadi potensial beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında yer alır. İndiyədək respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb. Ötən il ölkəmizdə həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib.
“Ölkəmizdə ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu ilin sentyabrında Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Oktyabrın əvvəllərində isə Bakıda cüdo üzrə dünya çempionatı keçirildi. Hazırda isə Azərbaycan ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında (FIFA U-15) dünya çempionatına və festivalına ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizin töhfələrinin dünyada yüksək dəyərləndilməsinin göstəricisidir” – deyən deputat əlavə edib ki, cənab İlham Əliyevin ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Onun milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Ötən dövrdə paytaxt Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 23 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.
“Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Qürurverici haldır ki, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları medalların sayı ilbəil artır” – deyə, millət vəkili vurğulayıb.
“Azərbaycan”