05 May 2024 08:45
409
İQTİSADİYYAT
A- A+

Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq

 

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi təkcə rəmzi məna daşımır, bu həm də o deməkdir ki, Azərbaycan sonrakı nəsillər üçün "yaşıl dünya" qurmaq istiqamətində fəaldır. Bu ilin belə adlandırılması eləcə də COP29 missiyasına verilən dəyərin təzahürüdür. COP29  həm də Azərbaycan üçün mühüm hadisə olmaqla yanaşı, ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamıdır.
"Yaşıl iqtisadiyyat"a keçid iqtisadiyyatın modernləşdirilməsi və innovativ inkişafından, rəqabət qabiliyyətinin artırılması və enerji səmərəliliyinin təminatından, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasından başlayır. Bu məsələləri reallaşdırmaq istehsal sahələrinin ekolojiləşdirilməsini zəruri edir. Məlumat üçün bildirək ki, "yaşıl iqtisadiyyat" son onilliklərdə təbii mühitin meydana gələn bir hissəsidir, üstəlik də ondan asılı olan iqtisadiyyatdır. Bu, bütün dünyada belədir və hər il keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarında da "yaşıl iqtisadiyyat" istiqamətində  ortaya çıxan ekoloji çağırışlar müzakirə olunur. Azərbaycanın COP29-a evsahibliyi etməsi də bu zərurətdən doğan hadisədir. Ölkəmiz bu missiyanı üzərinə götürməklə müsbət ekoloji dəyişikliklər yönümündə beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu da o deməkdir ki, Azərbaycan  artıq "yaşıl enerji" iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını reallaşdırmaq üçün 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfə alıb. 
Aydın məsələdir ki, hədəfə çatmaq üçün öncə maliyyə vəsaiti lazımdır. "Yaşıl iqtisadiyyat"ın inkişafına qoyulacaq sərmayələr insanların sağlamlığında  rol oynamaqla yanaşı, iqtisadi artıma şərait yaradaraq çoxlu sayda müsbət nəticələr verə bilər. Təsadüfi deyil ki, COP29-un əsas mövzularından biri də iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi məsələsi olacaq. Çünki  dünya ölkələri iqlim təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ söhbət olaraq qalır. COP29 inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edə bilər. Bunun vacibliyini  Prezident İlham Əliyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edərkən belə ifadə edib: "Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq".
Bu gün qlobal ətraf mühit problemi dünyanın qarşısında duran əsas vəzifədir. Ətraf mühitin çirklənməsindən dolayı yeni minillikdə  ekoloji problemlər "yaşıl iqtisadiyyat"ın sürətli inkişafını tələb edir. İqlim dəyişikliyi nəticəsində yaranan fəsadlar  göstərir ki, problemin həlli üçün bütün dünya birləşməlidir. Biomüxtəlifliyin itirilməsinə, torpaqların eroziyasına, meşələrin qanunsuz kəsilməsinə, havanın və çayların çirklənməsinə, tullantıların qeyri-rasional şəkildə idarə olunmasına və digər neqativ fəsadlara səbəb olan səhvləri birlikdə düzəltməyə çalışmalıdır. Bu səbəbdən də ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılması istiqamətində əməkdaşlıq həyati vacib əhəmiyyət daşıyır. Başqa sözlə, dövlətlərarası həmrəylik və qarşılıqlı etimad bu gün hava, su kimi gərəklidir. Qeyd olunan forumda çıxış edən İlham Əliyev məhz bu fikri qabardaraq  belə deyib: "Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq, görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək".
COP29-un işə başlayacağı vaxt yaxınlaşdıqca beynəlxalq ictimaiyyət Azərbaycan kimi ölkələrin istixana qazı emissiyalarını azaltmaq və bərpaolunan enerjinin təmin olunmasını təşviq etmək üçün gördüyü tədbirlərə diqqət yetirir. Azərbaycan bu məsələ il bağlı  "yaşıl enerji" sektoruna sərmayə qoyur və enerji kompleksini  şaxələndirməklə qalıq yanacaqlardan asılılığını azaldır, üstəlik də aşağı karbonlu iqtisadiyyata keçiddə öz liderliyini təmin edir. Bu, digər ölkələrə örnək olmaqla onları  həmrəy olmağa  ruhlandırır və "yaşıl gələcəy"ə inamı artırır. Qeyd olunan forumda çıxış edən Prezident 
İlham Əliyevin bu istiqamətdə fikirləri belə idi: "Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib. Eyni zamanda bizim özümüzün "yaşıl gündəliy"imiz var və biz buna COP29-a evsahibliyi etmək şərəfinə layiq görüləndən xeyli əvvəl başlamışıq. 2027-ci ilə qədər bizdə 2 qiqavat günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün biz çox yaxşı sərmayə şəraiti yaratmışıq, sərmayədarlar var. Biz həmçinin bərpaolunan enerji mənbələrindən istifadə edirik. Bu, elə bir faktdır ki, biz onun əsasında beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməliyik, yalnız sırf neft-qazın olması ilə deyil. Yəni biz bununla bağlı hər hansı səhv addım atmırıq. Azərbaycan, onun göstəriciləri, iqlim dəyişmələrinə gəldikdə, hesab edirəm ki, onlar nümunəvi hesab oluna bilər".
Dövlət başçısının təbirincə desək, Azərbaycan COP29-a yekdil qərarla evsahibliyi edən ölkə kimi indi öz rolunu körpülərin salınmasında görür. Qlobal tədbirdə Azərbaycan tarixi,  qarşılıqlı əlaqələr, Avropa təsisatları ilə olan münasibətlər eyni zamanda coğrafi baxımdan Qərblə Şərq arasında yerləşdiyi üçün körpü olacaq. Hazırlıqların ən yüksək səviyyədə aparılması deyilənlərin reallaşacağını diktə edir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video