Hörmətli avtomobil
yolu təsərrüfatı işçiləri!
Sizi ölkəmizdə
avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik
edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.
1918-ci ilin
iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt
və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca
sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə
yaşadan müstəqil Azərbaycan Respublikasının ötən müddət ərzində iqtisadiyyatının
sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli
töhfələr vermişdir.
Avtomobil
yollarının tikintisi, təmiri və saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə
fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bugünkü varisi Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyidir. Qurum ümummilli lider Heydər Əliyevin "Yol
- iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini haqlı olaraq öz
fəaliyyətinin başlıca devizinə çevirmişdir.
Ulu öndər
respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf
etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi
və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Yol
təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı,
işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə
gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir.
Strategiyanın
uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun
sistemli yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin
genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır. Azərbaycan ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir.
Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması
Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.
İnanıram ki,
yüksək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra
da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması
naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2018-ci il