Əli Kərimlinin keçmiş müşaviri Zərifə Məhəddinova: “Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar”
Dağıdıcı müxalifətin Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zidd fəaliyyəti, daim ona qarşı çıxdığı, düşmən dəyirmanına su tökdüyü bu gün artıq sübuta ehtiyacı olmayan reallıqlardır. Xüsusən AXCP və onun başında dayanan Əli Kərimlinin, ona yaxın adamların bu məqsədlə antiazərbaycançı mərkəzlərlə, o cümlədən erməni və ermənipərəst dairələrlə ünsiyyətdə olması zaman-zaman ifşa olunub.
Birillik iqtidarı ilə məlum siyasətbazlar Azərbaycan xalqının etimadından birdəfəlik məhrum olduqlarından onların başında durduqları dağıdıcı müxalifət partiyaları da simasız qurumlardan başqa bir şey olmadılar. Əsl müxalifətçilik yolundan azan həmin qurumlar siyasi mübarizə metodunu ancaq antiazərbaycançı fəaliyyətdə, respublikamızın müstəqilliyini və yüksəlişini həzm edə bilməyən xarici dairələrlə əməkdaşlıqda, müəyyən dairələrdən aldıqları sifarişlər əsasında qarşıdurmalar və iğtişaşlar yaratmaqda gördülər.
Bu gün dağıdıcı müxalifətin sıraları seyrəlib. Bunun bir səbəbi bu düşərgəyə Azərbaycan cəmiyyətində etimadın olmamasıdırsa, digər səbəbi bu partiyaların rəhbərliyində təmsil olunanların elə öz ətraflarına da xəyanət etmələri, onlara qarşı şantaj və siyasi terror yolunu tutmalarıdır. Bu mənada Əli Kərimli təkcə dövlətə xəyanət etməyib. Zaman keçdikcə onun öz yaxınlarına, elə AXCP-nin özünə xəyanət etməsi barədə müxtəlif fikirlər səslənməkdədir.
Ə.Kərimlinin Əbülfəz Elçibəyə qarşı da xəyanət etməsi sirr deyil. Hələ Ə.Elçibəyin sağlığında o, partiya daxilində qruplaşma yaradaraq xəyanətin ilk addımlarını atmışdı. Bu barədə məlumatlar elə vaxtilə Ə.Kərimli ilə bir düşərgədə təmsil olunan insanların dilindən səsləndirilir. Ona görə Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı iddialarda Ə.Kərimlinin adının hallandırılması heç kimi təəccübləndirmədi. İndi AXCP-də qalan tək-tük adam da Ə.Kərimlinin xəyanətkarlığına qətiyyən şübhə etmir.
Bəli, AXCP sədrinin dövlətə və yaxınlarına xəyanətindən danışanlar elə onun öz ətrafında olanlardır. Hansı ki bu adamlar müəyyən müddət Ə.Kərimli ilə bir cəbhədə olub, lakin sonradan aldadıldıqlarını, AXCP sədrinin əsl məramının və xislətinin nədən ibarət olduğunu anlayıblar. Vaxtilə Ə.Kərimlinin müşaviri olmuş Zərifə Məhəddinovanın bu günlərdə verdiyi açıqlamada AXCP-dəki rəzalətdən söz açılıb. “Ətrafında qoçu və şər-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran heç bir kəs bu xalqın qulluğunda ola bilməz. Bunların apardıqları çirkin oyunları görürdüm” - deyən Z.Məhəddinova Ə.Kərimlinin və onun ətrafında olan insanların həm antimilli, həm də partiya daxilindəki siyasi etikadan uzaq, çirkin fəaliyyətlərini faktlarla ifşa edib.
Məlumdur ki, AXCP rəhbərliyində təmsil olunanlar bir-birilərinə qarşı kompromat toplamaqla, şər-böhtan atmaqla, şantaj etməklə məşğuldurlar. Onlar Ə.Kərimlinin yanında yaltaqlıq edir, özlərini səmimi göstərməyə çalışır, kənarda isə min oyundan çıxırlar. Ə.Kərimliyə isə ətrafında məhz belələrinin olması sərf edir. Çünki belə olduqda o, partiyadakı diktatorluğunu təmin edir, xaricdən aldığı qrantları rahat mənimsəyir və daha çox kompromat toplayır. Diqqəti buna çəkən Z.Məhəddinova açıqlamasında konkret Ə.Kərimlini nəzərdə tutaraq bildirib ki, iyrənc şantajla, əxlaq normalarından kənar işlərlə məşğul olmaq, bunu siyasətə gətirmək murdarçılıqdır: “Sən sözün düzünü deyəni sıradan çıxar, sonra da əxlaqsızın birini millətə sırımağa çalış. Bu, həyasızlığın formulasıdır. Cəmil, Şahvələd və Xədicə mənim üçün ölüblər. AXCP-də yalnız çayxana söhbətləri, ara vurmaq və düzəltmək işləri gedir. Kimdir orda siyasətçi? Gözəl, Həsən və Məmməd İbrahim?”
Məlum olduğu kimi, AXCP maliyyə məsələləri ilə bağlı, ümumiyyətlə hesabat vermir. Eyni zamanda, partiya yoldaşlarından fərqli olaraq Ə.Kərimlinin ailəsi olduqca zəngin həyat sürür. Onlar ilboyu, xarici ölkələrin ən lüks hotellərində dincəlir. Əlbəttə, Ə.Kərimlinin antiazərbaycançı şəbəkədən aldığı və miqdarını öz ətrafında olanlardan da gizli saxladığı qrantlar hesabına özünə dəbdəbəli həyat təşkil etməsini AXCP-də bilməyən yoxdur. Ə.Kərimli ətrafında olan adamlara qəpik-quruş verməklə bu məsələnin ictimailəşməsinin qarşısını almağa çalışsa da, buna nail olmayıb. Z.Məhəddinova isə açıqlamasında maliyyə məsələsinin başqa tərəfinə aydınlıq gətirib. Onun sözlərinə görə, AXCP və “Milli Şura” adlı qurumun mitinqlər keçirməkdə məqsədi puldur: “Bəlli ünvanlardan pul alırlar hər mitinqə görə. Siyasi alverlə məşğul olur həm “Milli Şura”, həm də AXCP. “Milli Şuranın” mitinqləri siyasi biznes layihəsindən başqa bir şey deyil”.
İndiyədək dağıdıcı müxalifətin və AXCP-nin başında dayananların siyasi dünyagörüşləri, qabiliyyət və bacarıqları, fəaliyyət formaları barədə çox deyilib. Birillik iqtidarları dövründə onların ölkəni hansı kökə saldıqları məlumdur. Siyasi səbatsızlıqları ucbatından hələ kövrək olan müstəqilliyimiz az qala əldən gedəcəkdi. Bunlar Azərbaycanda vətəndaş qarşıdurmasına, xaosa, anarxiyanın baş alıb getməsinə səbəb olmuşdular. Ona görə belələrinin yeri siyasət deyil. Z.Məhəddinova isə vaxtilə AXCP-nin sıralarında olduğundan öz keçmiş silahdaşlarının qabiliyyətlərinə daha yaxşı bələddir. “Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar. Bəzilərinin də qarşısına alma-armud tökəsən, bazarda satsınlar. Onda daha faydalı olar. Bunlar nə bilir ki, milli ruh nədir? Görün, Elçibəy kimləri bizə miras qoyub” - deyə o bildirib.
AXCP-də cərəyan edənlər barədə birinci dəfə deyil ki, onun sıralarında olmuş biri tərəfindən belə açıqlamalar verilir. Yaxın keçmişdə də dəfələrlə öz silahdaşları Ə.Kərimlini ifşa ediblər. Öz rəhbərinə xəyanət etmiş AXCP sədri şəxsi və çirkin mənafeləri naminə nəinki öz yaxınlarını, hətta dövlətini belə satmağa hazırdır.
Rəşad CƏFƏLİ,
“Azərbaycan”