Bərdə rayonunun Mehdili kəndindəki Qarabağ Aqrar-Sənaye Kompleksi Avropada ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Müəssisə 2013-cü ildə istifadəyə verilmişdir. Təsərrüfatın sahibkarı zəngin həyat və iş təcrübəsi olan Vahid Rzayevdir. O, 11 il Mehdili kənd bələdiyyəsinin sədri olmuşdur. Yenilik həvəskarı olmaqla yanaşı, həmişə arayıb-axtaran ziyalıdır. Vahiddə olan bu keyfiyyətlər ümumi işə müsbət təsir göstərir. Ona görə də Qarabağ Aqrar-Sənaye Kompleksində ciddi qayda-qanun var, hər kəs öz vəzifəsini canla-başla yerinə yetirir. Bunun nəticəsində Qarabağda, düşmənlə üz-üzə innovativ texnologiyalarla işləyən müasir bir heyvandarlıq müəssisəsi yaradılmışdır.
Təsərrüfatda 7 iri tövlə, 2 talvar tikilib istifadəyə verilmişdir. 4 tövlədə sağmal inəklər, 1 tövlədə buzovlar, 2 tövlədə boğaz düyələr, 2 talvarda isə qısır qalmış inəklər və subay düyələr saxlanılır. Hər tövlədə 380-400 baş inək yerləşdirilir.
“Aqrolizing” ASC vasitəsilə təsərrüfata 2351 baş damazlıq düyə satılmışdır. Onun 1931 başı südlük istiqamətli holştin-friz, 355 başı ətlik-südlük istiqamətli simmental və 65 başı ətlik istiqamətli şarole cinsləridir. Təsərrüfatda hazırda 1895 inək vardır. İnəklər tövlədə sərbəst gəzir, istədikləri vaxt təmiz su içir və gündə 3 dəfə yemlə təmin olunurlar. İnəklərin altına küləşdən qalın döşənək sərilir. Həftədə bir dəfə köhnə döşənəklər təmizlənir və yüksək hiqroskopik keyfiyyətə malik olan təzə küləş döşənir.
Məhsuldarlığından asılı olaraq inəklər 4 qrupa bölünmüşdür. 25 litrə qədər, 35 litrə qədər, 45 litrə qədər və 45 litrdən çox süd verənlər. Düyələrə gündə 9 kq yem vahidi verildiyi halda, 45 litrdən çox süd verən inəyin hər birinə 20 kq yem vahidi verilir.
Təsərrüfata gələn qonaqlara böyük maraqla 45495 nömrəli inəyi göstərirlər. Holştin-friz cinsindən olan bu inəyin 3 yaşı vardır. Diri çəkisi 560 kq olan bu inək hər gün 60-65 kq süd verərək ölkədə birinci yerə çıxmış və “respublika rekordçusu” olmuşdur. “Axan çay” ləqəbi olan bu inək o biri inəklərdən ayrı saxlanılır. Gündə 25 kq balanslaşdırılmış qarışıq yem və 15 kq yaşıl ot verilir. “Respublika rekordçusu”na xüsusi diqqət və qayğı göstərilir.
Hazırda 1600 baş inəyin hamısı 2 sağım sexində mexaniki üsulla sağılır. Sağım gündə 3 dəfə aparılır. Hər dəfə inəyin yelinləri sağımdan əvvəl yuyulur, sağımdan sonra isə dezinfeksiya olunur. Hər inəyin günün eyni vaxtında sağılmasına nəzarət olunur. Çünki inəklər müxtəlif vaxtlarda sağılanda südünü azaldırlar. Sağım iki saat davam edir. Təsərrüfat kompüterlə idarə olunur. Kompüterçi Orxan İsmayılov gənc olmasına baxmayaraq, işinə mükəmməl yiyələnmiş, cəld işləməklə möhkəm yaddaşa malikdir. Hər bir inək barədə operativ məlumat verməyi bacarır. Ayrı-ayrılıqda hər inəyin gündəlik süd məhsuldarlığının uçotu aparılır. Belə fərdi uçotun aparılması süd sağımını azaldan inəkləri asanlıqla müəyyən etməyə imkan verir. Südünü azaldan inəklərə mütəxəssis baxışı keçirilir, azalmanın səbəbləri araşdırılır, vəziyyəti düzəltmək üçün tədbirlər görülür. Ya inəyin yemi artırılır, ya da xəstəliyi müəyyən edilib, müalicə olunur. Bundan başqa, hər bir heyvanın çəkisi, süni mayalandığı tarix, doğum tarixi, gündəlik və illik süd məhsuldarlığı, ata-anası, sağlamlığı barədə məlumatlar kompüterə daxil edilir.
Gələcəkdə naxırı daha da təkmilləşdirmək və yüksək süd verən inəklərlə təmin etmək məqsədilə buzovlar ilk günlərdən məqsədli bəslənilir və yemləndirilir. Boğaz inəklər doğuşa 15-20 gün qalmış doğum şöbəsinə keçirilir. Doğum şöbəsində inəklər və boğaz düyələr qalın döşənək üstündə saxlanılır. Burada 35-40 dərəcə istilikdə daima su olur. Doğuşdan əvvəl və doğuşdan sonra inəklər istədikləri vaxt, istədikləri qədər isti su içə bilirlər. Belə şərait doğan heyvanları xəstəliklərdən mühafizə edir.
Hazırda təsərrüfatda 1289 baş buzov var ki, onun 650 başı erkək, 639 başı dişi heyvanlardır. Buzov doğulan kimi onun anası tərəfindən yalanaraq qurudulmasına şərait yaradılır. İnəyin buzovu yalamasının müsbət tərəfləri ondan ibarətdir ki, ana öz balasını görüb tanıyır, sonra isə buzovun dərisində olan qan damarları normal fəaliyyətə başlayır, qan yaxşı işləyir, sinir hüceyrələri oyanır və hissiyyatı artır. Balanın dərisinin üstündə olan seliyi yalayan inəkdə balalığın hərəkəti (yığılıb açılması) yaxşılaşır, nəticədə balalıqətrafı pərdə (son, ətənə) vaxtında düşür və bu selik həm də inəkdə südün əmələ gəlməsini tezləşdirir. Birinci gündən buzovlar anasından ayrılıb 5 gün müddətində mexaniki təmizlənmiş, dezinfeksiya edilmiş və qalın döşənəyi olan qəfəslərdə saxlanılır. 75 gün buzovlara süd verilir. 60 gün buzova gündə 5 litr, sonrakı 15 gün ərzində isə gündə 2,5 litr süd içirdilir. Buzovlara süd gündə 3 dəfə (saat 8-13-16-da) verilir. Beləliklə, hər buzov 337-340 litr üzlü, təzə südlə qidalanır.
35 kq-dan çox doğulan buzovların ayrıca uçotu aparılır. 4000 litrdən artıq süd verən inəklərdən alınan buzovlar baş zootexnik Tural İsmayılovun şəxsi nəzarəti altında yetişdirilir. Onların yem payında protein çox olur. Buzovlara verilən yemlərin tərkibində yonca otu və soya üstünlük təşkil edir. Gələcəkdə yüksək süd məhsuldarlığının alınması üçün məqsədli yetişdirilən buzovların hər birinə gündə 7 litr süd içirdilir. Hər dəfə də 2,3-2,4 litr süd verilir. Buzovlara süd payı ayrılarkən xəsislik, qənaətcillik edilmir, əsas hədəf odur ki, bu buzovlardan gələcəkdə yüksək məhsuldar inəklər alınsın.
Körpə buzovlara bu işi sevən Ramilə Şamilovanın 10 nəfərdən ibarət briqadası xidmət edir. Körpə heyvanlar ayda bir dəfə tərəzidə çəkilir. Çəki artımı az olan buzovlar xüsusi nəzarətə götürülür və belə buzovları briqadir Ramilə Şamilovanın özü yemləyir. Buzovlar saxlanılan bölmələr vaxtında, 15 gündən bir dezinfeksiya olunur. Ramilənin hər buzov barədə məlumatı var.
Gündə buzovlara cəmi 2300-2500 litr isti süd içirdilir. Süd 3 litrlik əmzikli şüşə qab vasitəsilə verilir. Hər dəfə rezin əmziklər və şüşə qablar qaynar su ilə yuyulub, dezinfeksiya edilir və isti buxarda qurudulur. Buzovabaxanlar briqadası buzovları soyuqdan və rütubətdən qoruyur, 20 sm döşənək üstündə saxlayırlar. Buzovlar 5 gündən sonra ümumi buzovxanaya köçürülür və 180 gün digər körpə buzovlarla bir yerdə saxlanılır. 6 aylığında isə erkək və dişi danalar bir-birindən ayrılıb, qrup halında saxlanılır. Buzovlar 15 günündən başlayaraq yumşaq ota və başlanğıc qarışıq yemə alışdırılır. Buzovların mədələri otu həzm etməyə öyrədilir.
Fərəhləndirici haldır ki, təsərrüfatda işləyənlərin hamısı yerli kadrlardır. Sahibkar Vahid Rzayev bununla əlaqədar deyir:
- Bizim təsərrüfat kadr hazırlığı məktəbinə çevrilməlidir. Avropa heyvandarlığının ən mütərəqqi, ən yaxşı təcrübələri təsərrüfatda tətbiq olunacaqdır. Yeniliklərin respublikanın digər rayonlarına yayılmasına da çalışacağıq. Mən başqa ölkələrdən təsərrüfata mütəxəssis dəvət etməyəcəm. Buna heç ehtiyac da yoxdur! Bizim yerli gənc kadrları xarici ölkələrə təcrübə mübadiləsinə göndərib, onların təkmilləşməsinə və qabaqcıl təcrübəyə mükəmməl yiyələnmələrinə nail olacağıq.
Təsərrüfatın baş zootexniki Tural İsmayılov Qax rayonunun İlisu kəndindəndir. 10 il Türkiyədə işləmiş və zəngin təcrübə qazanmışdır. Baş baytar həkimi Fərid Eyvazov isə bakılıdır. Hər iki mütəxəssis gənc olsa da, sahələrinin peşəkarıdırlar. Vicdanla işləyir, hər bir heyvana fərdi qaydada yanaşır, səhərdən axşamadək heyvanların arasında olur, daim müşahidə aparırlar.
Mütəxəssislər təsərrüfatda damazlıq işi ilə elmi qaydada məşğul olurlar. Yüksək məhsuldar inəklərdən alınan dişi buzovlar ciddi nəzarətdə saxlanılır. Onların inkişafı izlənilir, düzgün yemləndirilir. Burada belə bir tələb qoyulmuşdur ki, dişi buzovlar inək olanda analarından çox süd verməlidirlər.
Müəssisədə 15 litrdən az süd verən inəklər saxlanılmır. Gələcəkdə süd istehsalının 15 min tona çatdırılması üçün strateji plan işlənib hazırlanmışdır. Naxırda inəklərin xüsusi çəkisini 60 faizə çatdırmaqla hər inəkdən 6500 litr süd sağılması nəzərdə tutulur. Gələcəkdə naxırı gündə 40-50 litr süd verən sağmal mal-qara ilə təmin etmək üçün inəklərin 20 faizi qədəri və ya 380 baş düyə yetişdirilir.
Təsərrüfatda heyvanların hamısı nömrələnir. Vaxtilə düyə yaşında Almaniyadan gətirilmiş heyvanlar əvvəlki nömrələrini indi də saxlayırlar. Doğulan buzovların hamısı 72 saat ərzində nömrələnir. Hər nömrə AZ 09 rəqəmi ilə başlayır. Bu o, deməkdir ki, həmin heyvan Azərbaycana və Bərdə rayonuna məxsusdur. Gələcəkdə heyvanlarda identifikasiya aparılarkən bu nömrələr kara gələcəkdir. Buzovlar doğulan kimi çəkilir və nömrələndikdən sonra kompüterə daxil edilir.
Təsərrüfatda 3 cinsdən olan heyvanlar saxlanılır. Holştin-friz cinsindən olan inəklər dünyada ən çox süd verən heyvanlardır. Bu cinsin təmiz qanlı inəkləri ildə orta hesabla 6000-6500 litr süd verməklə dünyanın əksər ölkələrində yayılmışdır. Kanada, ABŞ və Yaponiyada bu cins Holştin-friz adı ilə məşhurdur. Avstraliya, Yeni Zelandiya, İngiltərə, Fransa, Almaniya və digər ölkələrdə isə friz adlanır. Əslində isə bunların hamısı holland qara-ala cinsindən olan heyvanlardır. Dünya ölkələrində hələlik Holştin-friz cinsindən çox süd verən ikinci bir cins yoxdur. Bu heyvanların ət çıxarı 55 faizdir. Kubada Kartaxena təsərrüfatında Holştin-friz cinsindən olan “Urba blanka” (ağ yelin) ləqəbli inək üçüncü laktasiyada 27674 litr süd vermişdir. Ən yüksək gündəlik südü 110,9 litr (10 litrlik 12 vedrə) olmuşdur. Bu inəkdən doğulmuş törədici buğanın bir doza toxumu 500 ABŞ dollarına satılır. “Urba blanka” ləqəbli inək dünya rekordçusu olmuşdur.
Yüksək süd verən inəklər həmçinin süd buraxma keyfiyyətinə görə də qiymətləndirilir. Təsərrüfatda Holştin-friz cinsindən olan 180 başdan çox inək 1 dəqiqədə 5 litr və daha çox süd verirlər. Heyvanların bu xüsusiyyəti damazlıq işində nəzərə alınır.
Simmental südlük-ətlik istiqamətli cins olub, İsveçrənin Zimmental vadisində yaradılmışdır. İqlim şəraitinə yaxşı uyğunlaşdığına və yüksək məhsuldarlıq keyfiyyətlərinə görə dünyanın bir çox ölkələrində ən çox yayılmış heyvandır. Bu cinsdən olan inəklər İsveçrə və Avstriyada 700 litr, AFR-də 650 litr, Fransada 675 litr çəkidə olur. İllik süd sağımı müvafiq olaraq orta hesabla 3830 litr, 4100 litr, 4230 litr, süddə yağlılıq faizi 3,96; 4,1; 3,9-dur. Ət çıxarı 55-60 faizdir. İsveçrədən gətirilən simmental törədiciləri ilə yerli malların uducu çarpazlaşdırılması nəticəsində simmentallaşdırılmış mallar alınmışdır ki, bu mallar Almaniyada flekfi, Fransada monbelyard, Avstriyada ala mal, Macarıstanda madyartar, keçmiş Sovet İttifaqında isə sarı-ala mal adlandırılır.
Şarole dünyada ən məşhur ətlik istiqamətli cinsdir. XVlll əsrdə Fransanın Şarole rayonunda yetişdirilmişdir. Simmental heyvanlarına qohumluğu vardır. İri olub bədəni uzun, başı kiçik, qısa və enli, uzunbuynuzlu heyvandır. Rəngi sarıdır. İnəklərin diri çəkisi 700-800 kq, hətta 1166 kq olanları da var. Buğalarının diri çəkisi 1000-1200 kq, ən böyüyü isə 1520 kq-dır. Doğulan buzovların diri çəkisi orta hesabla 43 kq olur. Buzovlar 3 aylığında 135 kq, 6 aylığında 225 kq, 9 aylığında 300 kq, 12 aylıqda 442 kq, 18 aylıqda 550 kq-dır. Hər bir cins qaramal belə çox diri çəki vermir. Ət çıxarı 60-70 faizdir. Yemə tələbkar olmurlar, iqlimə tez uyğunlaşırlar. Tez böyüyürlər, yüksək keyfiyyətli ət məhsulu verirlər. Şarolenin ətinə mərmər ət deyilir. Şarolenin Braman malları ilə çarpazlaşdırılması nəticəsində ABŞ-da çarbrey, zebu ilə çarpazlaşdırılması nəticəsində Braziliyada kanşem ətlik cinsləri yaradılmışdır.
Şarole inəkləri Fransada çox vaxt otlaqda balaları ilə birlikdə sərbəst saxlanılır. Tez yetişən və tez kökələn heyvanlardır. Şarolenin genetik xüsusiyyətləri Qarabağ Aqrar-Sənaye Kompleksində də nəzərə alınır. Lakin burada təsərrüfatın otlaq sahəsi olmadığından Şarole inəkləri balaları ilə birlikdə tövlədə saxlanılır. Bu heyvanlara əsasən kökəlmə üçün istehsal olunan qarışıq yem verilir. Təsərrüfatda şarole inəkləri ildə orta hesabla çox az, 400-500 litr süd verirlər. Bu inəklərdən süd sağılmır. Buzovlar anaları ilə birlikdə olurlar. İnəyin verdiyi südün hamısını buzovlar istədikləri vaxt əmirlər. Təsərrüfatda qarşıya qoyulan vəzifələrdən başlıcası budur ki, 12 aylıq şarole buzovlarının diri çəkisi 300 kq-a çatdırılsın. Təsərrüfatın torpaq və otlaq sahəsi olmadığına görə şarole heyvanlarında istənilən nəticəni almaq mümkün olmur, 400-450 kq çəki ilə kəsimə göndərilir. Sərbəstliyə öyrənmiş heyvanlar tövlədə başqa cinsdən olan mal-qaranın arasında özünü narahat hiss edir və onların stress keçirdikləri açıq-aydın hiss olunur.
Təsərrüfatda Holştin-friz cinsindən olan və gündə 40 litrdən çox süd verən 153 inək qrup halında ayrıca saxlanılır və verdikləri südün müqabilində fərqli yemləndirilir.
Bu cinsdən olan heyvanların dişi danalarına, düyələrə və inəklərə süd üçün istehsal olunan balanslaşdırılmış qarışıq yem, ot və silos verilir. 40 litrə qədər süd verən inəklərə verilən yemlər nizamlanır. Bu heyvanlara tərkibində protein çox olan yemlər daha çox verilir. Çünki proteinli yemlər çox dadlı olur və iştahı artırır. Holştin-friz cinsindən olan inəklərdə qan dövranı sürətli olur. Bir litr südün əmələ gəlməsi üçün yelinə 400 litr qan gəlib-getməlidir. Bu heyvanlar yedikləri yemi asanlıqla, çox tezliklə südə çevirir, bədənlərindəki qida maddələrini ehtiyat üçün saxlamırlar. Südlük istiqamətli heyvanlarda qabırğalar, aclıq çuxuru, oyluq çıxıntısı, bel fəqərələri görünür və arıq heyvan təsiri bağışlayır. Odur ki, südlük inəklər bol yemləndirilməklə, onların çox arıq düşməsinə imkan verilməməlidir.
Simmental cinsindən olan inəklərə, düyələrə və buzovlara norma üzrə südlük-ətlik üzrə qarışıq yem verilir. Yem payına keyfiyyətli quru ot əlavə olunur. Süd və ət almaq üçün mütəxəssis məsləhətlərinə ciddi əməl olunur.
Şarole heyvanlarına əsasən kökəlmə üçün qarışıq yem verilir. Məqsəd birdir: ucuz və keyfiyyətli ət alınsın. Hər heyvana 7-8 kq yem vahidi verilir və gündə 1000-1200 qram çəki artımı alınır.
İnək və düyələrə balanslaşdırılmış yem verildiyinə görə heyvanların 70-80 faizi vaxtında həvəsə gəlir. Heyvandarlıq müəssisəsinin sahibkarı Vahid Rzayev bütün kollektivin qarşısına təxirəsalınmaz vəzifə qoymuşdur. İldə hər inəkdən bir bala almaqla, qısırlığa qətiyyən yol verilməməlidir. Bir baş da inək və düyə havayı yem yeməməlidir, təsərrüfat gəlirlə, rentabelli işləməlidir.
Tövlədə işləyənlərin hamısı hansı vəzifəni icra etməsindən asılı olmayaraq, inək və düyələrə göz qoyur, ciddi nəzarət edir, həvəsdə olan heyvanları görən kimi onun boynundan sarı rəngli qayış asırlar. Heyvanların boyunlarına bağlanmış ciplərdən də inək və düyələrin həvəsdə olmaları barədə siqnal verilir. Süni mayalanma texniki daim inək və düyələrin arasında olur. Heyvanlar həvəsə gəldikdən 8-10 saat sonra, səhər və yaxud axşam vaxtı süni yolla mayalandırılır. Elə olur ki, bir gündə 20-25 baş heyvan süni mayalandırılır. Bəzən bir heyvan 2-3 dəfə süni mayalanır, lakin mayalanma baş vermir. Onda baytar həkimi işə qarışmalı olur və müalicə işi başlanır. Təsərrüfatda heyvanlar təmizlikdə yetişdirilir. Holştin-friz cinsindən olan inək və düyələr yalnız bu cinsdən olan elita-rekord sinfinə mənsub olan törədicilərin toxumları ilə, simmental cinsindən olan heyvanlar simmentalın, şarole cinsindən olan inək və düyələr isə şarolenin toxumları ilə mayalanır. Əgər 20-25 gündən sonra inək və düyə yenidən həvəsə gələrsə, həmin heyvan yenidən süni mayalandırılır.
Təsərrüfatda 2015-ci ildə süni mayalanma metodu ilə 1289 baş buzov alınmışdır. Bu əla göstəricidir. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli Sərəncamına uyğun olaraq süni mayalanma ilə alınan buzovlara bu ildən başlayaraq dövlət büdcəsindən subsidiya veriləcəkdir.
Doğuşa 60 gün qalmış süd sağımı dayandırılır. Bu qaydaya ciddi əməl etməyəndə inək və düyələr yaxşı dincəlmir və növbəti laktasiyaya (süd sağımına) normal hazırlaşmır. Aşağı çəkidə olan arıq inəklərdə, ilk dəfə doğan düyələrdə və yüksək məhsuldar inəklərdə sağım doğuşa 75-80 gün qalmış dayandırılır. Təsərrüfatda servis dövrünün (doğuşdan süni mayalanmaya qədər keçən dövr) 60 gündən artıq olmaması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Belə ki, inək və düyələrə doğuşdan sonra ilıq su və horra verilir. Sonu gec düşən heyvanlara şərbət içirdilir və s. Düyələr 18 aylığında, yalnız diri çəkisi 350 kq-dan çox olduqda süni mayalanmaya buraxılır.
İnəklərin və digər heyvanların normal, gümrah inkişaf etməsi və sağlam olması üçün 5 əsas şərtə ciddi əməl edilir. Tövlələr hündür və yaxşı ventilyasiyalı olduğu üçün təmiz havalı olur, təmiz su ilə təchiz edilir, keyfiyyətli yem verilir, normal işıqlandırılır. Ona görə də heyvanların stress (həyəcan) keçirməsinə imkan verilmir. Tövlədə işləyən işçilər yavaşdan danışır, heyvanların üstünə çəmkirmirlər, ağacla mal-qaranın vurulması qadağan edilmişdir. Bir sözlə, işçilər heyvanlarda stress yaranmaması üçün əllərindən gələnləri edirlər. Çox vaxt süd sağımı zamanı zəif, həzin musiqi səsləndirilir.
Heyvanların yüksək süd məhsulu verməsi üçün tövlələrdə hər bir şərait vardır. Tövlələr çox genişdir. Hər baş inəyə 6 kvadratmetr sahə ayrılır. 3-4 yerdə su təknələri qoyulmuşdur. İstədikləri vaxt sudan istifadə edirlər. Orta hesabla müxtəlif yaşlardan ibarət hər baş heyvana 30 litr su nəzərdə tutulur. İsti havalarda hər baş inək 50-60 litr su içə bilir. Heyvanlar ömrünün çox hissəsini tövlələrdə keçirir. Təkcə günəşli və sakit havada çölə buraxılır
Tövlələrdə hər 50 başa bir iri qaşov quraşdırılmışdır. İnəklər mexaniki fırlanan bu qaşovlara yaxınlaşır, bədənlərini sürtür və təmizlənirlər. Qaşovlanma nəticəsində heyvanlar dəri xəstəliklərinə tutulmurlar. Tövlələrin hər birində 12 iri ventilyator işləyir. Yayın qızmar günlərində ventilyatorlar tövlələrdə havanı sərinləşdirir.
Yayda temperatur 35 dərəcədən çox olanda, tövlədə süni surətdə su çiskinləşdirilərək havaya vurulur, mikroklimat və sərinlik yaradılır. Belə şəraitdə mal-qara arasında qızdırma xəstəliyi çox nadir hallarda olur.
Tövlələr gündə iki dəfə heyvan tullantılarından mexaniki surətdə təmizlənir. İfraz olunan peyin və sidik təkərli traktora qoşulan qreyder vasitəsilə sivrilib peyin anbarına tökülür.
Qeyd olunduğu kimi, inəklər çox vaxt tövlədə olur. Heyvanlar çox az gəzdiklərindən, dırnaqları tez uzanır. Xarici ölkələrin heyvandarlıq təsərrüfatlarında mal-qaranın dırnaqları ciddi nəzarətdə saxlanılır. Zootexnik və baytar tərəfindən heyvanların dırnaqlarına vaxtaşırı baxış keçirilir, uzanan dırnaqlar vaxtında kəsilir.
Dırnaq xəstəlikləri çox gec sağalır, heyvanlara əziyyət verir. Dırnaq xəstəliyinə düçar olan inəklərin süd məhsuldarlığı 20-25 faiz azalır. Nekrobatsilyoz ən təhlükəli dırnaq xəstəliyi sayılır. Mütəxəssislər heyvanları bu xəstəlikdən mühafizə etməyə çalışırlar. Bunun üçün dırnaqların quru olmasına nəzarət edilir.
Qarabağ Aqrar-Sənaye Kompleksində dırnaq texnikləri Ruslan Yusifov və Nurlan Ağayev Türkiyənin ən iri təsərrüfatlarının birində təcrübə keçmişlər, dırnağın təmizlənməsi işini incəliklərinə qədər mənimsəmişlər. Onlar gündə iki dəfə mütəxəssislərlə birlikdə heyvanların dırnaqlarının uzanıb-uzanmamasını yoxlayır, xüsusi dəzgahda vaxtaşırı təmizləmə işləri aparırlar. Axsayan heyvanlar təcili qaydada naxırdan ayrılıb profilaktoriyada müalicə edilir.
Süd istehsalı. Təsərrüfatın əsas gəlir mənbəyi süddür. Süd istehsalından gələn gəlir hesabına həm götürülmüş kredit və işçilərin əməkhaqqı ödənilir, həm də təkrar istehsal həyata keçirilir.
2015-ci ildə 8884 ton süd istehsal olunmuş və hər inəkdən orta hesabla 6191 kq süd sağılmışdır. Bu, respublikada ən yüksək göstəricidir. Südün keyfiyyəti onun tərkibində olan yağdan, zülaldan və şəkərdən asılıdır. Südün yağlılığı 3,6-3,8 faizdir. Süd istehsalının rentabellik səviyyəsi 60 faizdir. Bu, nəinki Azərbaycanda, hətta dünya ölkələri ilə müqayisədə ən yaxşı göstəricilərdən biridir. Yağlılıq 3,6 faizdən aşağı düşdükdə həyəcan təbili çalınır və yemləmə ciddi nəzarətə götürülür. İnəklərin təsərrüfatda 8 il saxlanılması nəzərdə tutulmuşdur. Çünki ən çox süd 6-7-ci laktasiyada alınır.
Südə əl vurulmur, qapalı sistemlə süd sexindən 60 tonluq soyuducu çənlərə toplanır, oradan isə birbaşa qonşu Ağcabədi rayonundakı “Atena” süd emalı müəssisəsinə göndərilir. Bir kq süd süd emalı müəssisəsinə 0,40 manata satılır. Burada süd pasterizə olunub qablaşdırıldıqdan sonra marketlərdə 1,30 manata satılır. Görün Qarabağ Aqrar-Sənaye Kompleksi təkcə süd satışından nə qədər vəsait itirir. İstehsal olunan südün hamısı birinci növ kimi qəbul edilir. Gigiyenaya ciddi əməl olunmaqla bütün işçilər xüsusi geyimlə təmin olunur və ildə iki dəfə həkim müayinəsindən keçirlər. Təsərrüfatda gündə orta hesabla 39-41 ton süd istehsal olunur. Halbuki heyvandarlıq üçün ən yaxşı il olan 1987-ci ildə Bərdə rayonunun 36 kolxozunda bir gündə orta hesabla 13-17 ton süd istehsal olunardı.
Ət istehsalı. Heyvandarlıq kompleksində illik istehsal gücü 5,4 min ton olan ət kəsimi və emalı kombinatı vardır. Bu sənaye müəssisəsini xammalla təmin etmək üçün 1000 başa qədər heyvan kökəldilir. Onun 645 başı dişi danalar, 283 başı isə müxtəlif səbəblərə görə çıxdaş edilən inək və düyələrdir. Hər baş heyvanı 400-450 kq kökəltməklə burada diri çəki hesabı ilə 380 ton ət emal etmək mümkündür. Lakin 2015-ci ildə kombinatda 272,4 ton ət emal olunmuşdur.
Erkək danalar 150 kq diri çəkiyə çatdıqdan sonra kökəltmə sexinə keçirilir və gündə hər baş heyvan ən azı 7 kq yem vahidindən başlayaraq kökəlmə yemi ilə yemləndirilir.
Şarole heyvanlarının kökəlmə imkanları böyükdür. Təcrübə məqsədilə keçən il bir baş şarole cöngəsi 6 ay kökəldilərək 1100 kq diri çəkiyə çatdırılmış və bu heyvandan 770 kq ət alınmışdır. Bu heyvanlarda dəri altına piy yığılmır. Piy ətin içində düyü formasında toplanır və mərməri xatırladır.
Bərdə rayonunun kəndlərindən də bəzi sahibkarlar öz mallarını və qoyunlarını gətirib burada kəsdirirlər. Kombinatda bir gündə orta hesabla 15 ton və ya 50-60 baş qaramal kəsmək mümkündür.
Yem istehsalı. Heyvandarlıq müəssisəsində illik gücü 46 min ton olan qarışıq yem zavodu fəaliyyət göstərir. Hər il müəssisə tonlarla arpa, buğda, qarğıdalı, kəpək, qara un, makro və mikro elementlər, duz, soya, günəbaxan tumu, jmıx, soda, vitaminlər alıb müəssisədə müvafiq reseptlərə uyğun olaraq buzovlar üçün başlanğıc, böyümə və inkişaf, 16 və 18 nömrəli süd, düyə, kökəlmə yemləri istehsal edir. Yem kombinatında gündə 130 ton qarışıq yem istehsal etmək mümkündür.
Kombinatda istehsal olunan bir kq yemin tərkibində 2700-2800 kkal enerji və 18 faiz xam protein olur. Alınan qarışıq yemlər yüksək keyfiyyətli hesab olunur.
Yemin tədarükündə və saxlanılmasında Avropanın ən mütərəqqi texnologiyalarından istifadə olunur. Vaxtilə toplanılan küləş və ot tayalara vurulardı. Açıq havada qarın, yağışın altında saxlanılan qaba yemlərin 20-25 faizi çürüyüb kiflənər, yemləməyə yararsız hala düşərdi. İndi isə təsərrüfatda yem toplanışında küləş, ot və silos bir tonluq hermetik halda olan sintetik sellofan kisələrə doldurularaq taya şəklində, açıq havada saxlanılır. Bununla da yem itkisinin qarşısı alınır.
Təsərrüfatda istehsal olunan südün maya dəyərinin 70 faizini yemlərin alınmasına çəkilən xərclər təşkil edir.
Mədəni heyvandarlıq təsərrüfatı. Kompleksdə tövlələr türkiyəli mütəxəssislər tərəfindən tikilmişdir. Burada Avropanın ən müasir tikinti texnologiyalarından istifadə olunmaqla, mədəni heyvandarlıq təsərrüfatı yaradılmışdır.
Bərdə iri pambıqçılıq rayonudur. Vaxtilə bütün diqqət və qayğı yalnız təsərrüfatın bu sahəsinə yönəldilmişdir. Sovet dövründə burada heyvandarlığa fikir verilmirdi. İldə hər inəkdən orta hesabla 1100-1200 kq süd sağılırdı.
Son vaxtlara qədər, elə indi də rayonda kəndlilər mal-qaranı dədə-baba qaydası ilə saxlayırlar. Sahibkar Vahid Rzayev qarşıya mühüm bir vəzifə qoydu: Qarabağda heyvandarlıq sahəsində inqilabi dəyişikliklərin edilməsi vaxtı çatmışdır. Ona görə də Bərdə rayonunda mütərəqqi və innovativ texnologiyalarla zəngin iri südlük-maldarlıq təsərrüfatı yaradılmalıdır ki, başqa təsərrüfatlar üçün əsl məktəbə çevrilsin. O, çətin olsa da, qarşısına qoyduğu məqsədə nail oldu.
Qarabağ Aqrar-Sənaye Kompleksi Avropada ən iri südlük-maldarlıq təsərrüfatından biridir. Burada mal-qaraya yüksək xidmət göstərilir. Bu müəssisə Bərdə heyvandarlığına ciddi təsir göstərməyə başlamışdır. Kompleksdə sahibkarlara cins düyələr satılır. Adamlar kompleksə gələrək müasir texnologiyalarla tanış olurlar. 2013-cü ildə müəssisədə süni mayalanma ilə alınan buzovların böyük sərgisi keçirilmişdi. Həm Bərdədən, həm də qonşu rayonlardan sərgiyə 5000 nəfərdən çox adam gəlmişdi. Bu tədbirdən sonra rayonda heyvandarlıq sahəsində süni mayalama xeyli yaxşılaşmışdır.
Yem kombinatının istehsal etdiyi yemlərin kəndlərdə satışına başlanmışdır. Düzdür, uzun illər boyu mal-qarasını ot və küləşlə yemləməyə adət etmiş kəndlinin psixologiyasını tezliklə dəyişmək çətin olsa da, artıq onlarca kiçik sahibkar kompleksdən qarışıq yem almağa başlamışdır.
Qarabağ Aqrar-Sənaye Kompleksinin təsiri nəticəsində rayonda iki yeni maldarlıq təsərrüfatı yaradılmışdır.
Qarabağ Aqrar-Sənaye Kompleksində heyvandarlıq sahəsində beynəlxalq təcrübədən geniş istifadə edilir. Xüsusilə süni mayalamaya böyük əhəmiyyət verilir. Burada bir baş da olsun törədici buğadan istifadə olunmur. İnəklərin və düyələrin hamısı süni mayalandırılır. Süni mayalama texniki Dəyanət Eyvazovu yaxşı tanıyıram. Onuncu sinfi bitirmiş bu gənc oğlan Kənd Təsərrüfatı Nazirliyindən inadkarlıqla tələb edirdi ki, onu süni mayalama kursuna göndərsinlər. Biz isə tərəddüd edirdik. Çünki 15 günlük kursda inəklərin və düyələrin anatomiyası, yemləndirilməsi, dişi tənasül orqanlarının xəstəlikləri çox səthi öyrədilirdi.
Kurslara əsasən zootexnik və baytar ixtisaslı kadrlar göndərilirdi. Çox vaxt bu ixtisasdan olan 40 yaşınadək adamlar azlıq təşkil edir. Onda məcbur olub ümumi orta təhsilli gənclər axtarılır, ən bacarıqlıları, bu işə böyük marağı olanlar seçilib kurslara göndərilirdi. Daxili inamım Dəyanət Eyvazovun bu işi yaxşı mənimsəyəcəyinə ümid verirdi. Belə də oldu. İndi Dəyanət süni mayalama texniki peşəsinə mükəmməl yiyələnərək bu sahədə böyük uğurlar qazanır.
Həm rayonda, həm də bu kompleksdə ciddi narahatlıq doğuran iki məsələyə də toxunmaq istəyirəm. Dünya ölkələrinin əksəriyyətində yem bitkiləri əkmək üçün torpaq sahəsi və eyni zamanda, heyvandarlıq sahəsində təcrübəsi olmayan vətəndaşlara fermer təsərrüfatı yaratmağa icazə verilmir. Mehdili kəndində yaradılmış böyük bir heyvandarlıq kompleksinin bir qarış da olsun torpağı yoxdur. Burada 5000 başadək qaramalı yemləmək üçün yem satın alınır.
Keçən il mal-qaraya yedizdirmək üçün qarışıq yem istehsal etmək məqsədilə 8500 ton yonca (dəyəri 94350 manat), 4000 ton arpa (804000 manat), 2000 ton buğda (462000 manat), 5000 ton qarğıdalı dəni (1300000 manat), 1210 ton soya (992200 manat), 750 ton kəpək (105000 manat), 460 ton günəbaxan jmıxı (133400 manat), 1500 ton saman (122000 manat), 21000 ton yaşıl qarğıdalı kütləsi (756000 manat), yemə əlavə olunan 150 ton mineral maddələr və vitaminlər (157500 manat), 160 ton mərmər tozu (88000 manat), 45 ton soda (28980 manat) və 80 ton duz (8000 manat) alınmasına nəqliyyat xərcləri ilə birlikdə 6500000 manat vəsait sərf olunmuşdur.
Halbuki bu təsərrüfata 2000 hektar torpaq sahəsi ayırmaqla yem istehsalına çəkilən xərcləri cəmi 1700000 manata salmaq mümkündür. Qalan 5000000 manatı isə başqa istiqamətlərə yönəltmək olar.
Təsərrüfat keçən il Beyləqan rayonundakı “Qarabağ taxıl” MMC-dən hər tonu 35 manatdan olmaqla cəmi 21000 ton yaşıl qarğıdalı kütləsi satın almışdır.
Alimlər, mütəxəssislər və iqtisadçılar belə nəticəyə gəlmişlər ki, əgər bu kompleksə yem bitkiləri əkmək üçün təcili qaydada torpaq sahəsi ayrılmasa, müəssisəni yaxın gələcəkdə fəaliyyətini dayandırmaq təhlükəsi gözləyir. Ona görə də İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bərdə Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən qış otlaqlarından bu kompleksə ən azı 2000 hektar torpaq sahəsinin ayrılması barədə Nazirlər Kabinetinə müraciət etməlidirlər.
Qarabağ Aqrar-Sənaye Kompleksində müasir ət kombinatı üç ildir ki, fəaliyyətsiz qalmışdır. Buradakı avadanlıqlar gündən-günə köhnəlir. İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Müdafiə Nazirliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin ordumuzun əsgərlərini ətlə təmin etmək üçün keçirilən tenderlərdə Qarabağ Aqrar-Sənaye Kompleksinin iştirak etməsinə kömək göstərmələri ümumi işimizə müsbət təsir edərdi.
Kompleksdə yaxın gələcəkdə mal-qaranın sayının 10000 başa, o cümlədən inəklərin 4000 başa çatdırılması və burada 24 min ton süd istehsalı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin bu müəssisədə gündə 50 ton süd emal edən sahənin tikilib istifadəyə verilməsi imkanlarını nəzərdən keçirməsini zəruri hesab edirik.
Vacib bir məsələyə də toxunmaq istəyirəm. Bir çox ölkədə hər iri təsərrüfatda bir cinsdən olan heyvanlar saxlanılır. Çünki cins heyvanların ayrı-ayrılıqda spesifik xidmət texnologiyaları mövcuddur. Qarabağ Aqrar-Sənaye Kompleksində isə südlük (Holştin-friz), qarışıq südlük-ətlik (simmental) və ətlik (şarole) cinslərdən olan heyvanlar bir yerdə saxlanılır ki, bu da yolverilməzdir. Belə vəziyyət heyvanların təmizlikdə yetişdirilməsinə imkan vermir. Zootexnika elmi üç müxtəlif istiqamətli cinslərdən ibarət olan heyvanların bir təsərrüfatda yetişdirilməsini məqsədəuyğun hesab etmir. Kənd Təsərrüfatı Nazirliyinin və onun “Aqrolizinq” ASC-nin mütəxəssisləri bu təsərrüfatın bir cins üzrə ixtisaslaşması üzərində təxirəsalınmaz iş aparmalıdırlar.
Çingiz FƏRƏCOV,
Azərbaycan Respublikasının
əməkdar kənd təsərrüfatı işçisi