İnformasiya müharibələrinin genişləndiyi bir vaxtda medianın məsuliyyəti daha da artır. Bu baxımdan Bakıda keçirilən AQEM Media Forumu da informasiya vasitəsilə qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformadır. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Forumun əsas ideyası da informasiyanın hadisələri dövlətlər və xalqlar arasında dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa xidmət edən mühüm amil olduğunu bəyan etməkdir.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA “Azərbaycan” qəzetinə açıqlamasında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində də AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platforması kimi xarakterizə edilir. Bu isə AQEM-in mahiyyətini və Azərbaycan sədrliyinin əsas istiqamətlərini aydın göstərir. “Son iki il ərzində təşkilata sədrlik edən Azərbaycanın məqsədi yalnız mövcud əməkdaşlıq mexanizmlərini qorumaq deyil, həm də qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yeni platformalar yaratmaq olub. Cənab Prezidentin müraciətində də vurğulandığı kimi, Azərbaycan AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir. Media Forumun məhz Bakıda keçirilməsi bu baxımdan simvolik məna daşıyır. Çünki informasiya məkanında etimadın formalaşdırılması dövlətlərarası münasibətlərə, ictimai diplomatiyaya, regional əməkdaşlığa və hətta təhlükəsizlik mühitinə təsir edən amildir. Dövlət başçımızın da qeyd etdiyi kimi, media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir”, - deyə deputat bildirib.
N.Məmmədova qeyd edib ki, hazırda əsas problemlərdən biri dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanmasıdır: “Bu da ictimai etimada birbaşa təsir göstərir. Belə bir mühitdə media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələblər daha da artır, ortaq informasiya məsuliyyətinin formalaşdırılması zərurətə çevrilir. Bu xüsusda media nümayəndələri arasında birbaşa təmasların, təcrübə mübadiləsinin və peşəkar əməkdaşlığın genişləndirilməsi qarşılıqlı anlaşma üçün yeni imkanlar yaradır. AQEM Media Forumunun mühüm cəhətlərindən biri də bu əməkdaşlıq imkanlarını institusional müstəviyə çıxarmaq potensialıdır. Azərbaycan media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır”.
Deputat bildirib ki, Bakının belə bir tədbirə evsahibliyi etməsi Azərbaycanın AQEM sədrliyi çərçivəsində dialoq və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi də nümayiş etdirir. Bir sözlə, sülh, təhlükəsizlik və qarşılıqlı etimadın informasiya müstəvisində də möhkəmləndirilməsi müasir beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilməkdədir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”