31 Oktyabr 2023 09:00
16875
SİYASƏT
A- A+
Andına sadiq

Andına sadiq

 

İlham Əliyev 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi

 

"Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir... Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 
2003-cü il 31 oktyabrda əlini Konstitusiyaya və "Qurani-Kərimə" basaraq and içən İlham Əliyevin 20 ildə gerçəkləşdirmədiyi vədi qalmadı. Əlbəttə ki, yeni əsrin yeni liderinin qazandığı uğurlar təkcə gerçəkləşdirilən vədlərdən ibarət deyildir. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçdi. İlham Əliyev tam müstəqil siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxararaq ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdi. 

 

Daxili inkişaf, iqtisadi müstəqillik, misilsiz uğurlar

 

Böyük strateq, Ümummilli Lider Heydər Əliyev məktəbinin ən layiqli məzunu məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq barışdırıcı lider, ən arzuolunan dövlət başçısı, qlobal miqyaslı layihələrin müəllifi və əsl komandan kimi tanıtmağa müvəffəq oldu. Bu, ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. 
Prezident seçildikdən sonra İlham Əliyev ilk olaraq ölkədə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını hazırladı və daxili inkişafı şərtləndirən mühüm addımlar atmağa başladı. Regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023) Azərbaycanın, xüsusən də regionların simasını büsbütün dəyişdi. Bir vaxtlar özünün təbii sərvətləri olduğu halda xalqının enerjiyə olan təlabatını idxal hesabına ödəyən dövlətimiz az keçmədi ki, dünyaya enerji ixrac etməyə başladı. 
Son 20 il ərzində ümumi daxili məhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artdı. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyuldu. Onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə bu göstərici 5,5 faiz təşkil edir. 
Son 20 ildir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin cərgəsindədir. Bu dövrdə iqtisadiyyatımız 3,5 dəfə artıb. 
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

 

Uğurlu neft strategiyası, ən islahatçı Prezident, kosmos ölkəsi

 

Diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 20 il ərzində ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində etdiyi çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. 
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan "Cənub qaz dəhlizi"nin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda "Cənub qaz dəhlizi"nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi. 
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində imzalanmış tarixi "Əsrin müqaviləsi" sazişini İlham Əliyev daha 33 il uzatdı. Belə ki, 2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. 
Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi kimi nəhəng layihənin icrasına nail olundu.
Məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri əsasında həyata keçirilən layihələrlə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkə bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb. 
"Şərq-Qərb","Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. 
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xəttini görə bilərik. Azərbaycanın təşəbbüskarı olduğu, uğurla həyata keçirdiyi layihələr təkcə regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün Azərbaycan həm də beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. 
Dünya Bankının "Doing Business" 2019-cu il hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. "Doing Business 2020" hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci il hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb.
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrildi. 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-cü ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarıldı. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

 

Yüksələn beynəlxalq nüfuz, etibarlı strateji tərəfdaşlıq

 

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. 
Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik statusu qazandı. 
Ümumiyyətlə, hazırda ölkəmiz bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi çərçivəsində özünün ən uğurlu dövrünü yaşayır. 2019-cu ildə ölkəmiz hərəkatın sammitinə uğurla evsahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi.
Oktyabrın 25-də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam oldu. Ötən 4 il ərzində ölkəmizin təşkilata sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan həmçinin hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, dövlətimizin başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. Hazırda hərəkatın Qadın və Media Platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür. 
800 milyard dollarlıq xarici ticarət həcmi, 160 milyonluq əhalisi, 5 milyon kvadratkilometr ərazisi olan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr ilə əməkdaşlıq isə hər zaman yüksək səviyyədə olub. İlham Əliyev təşkilata üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ümumiyyətlə isə Azərbaycan həmişə türkdilli dövlətlərin sıx birləşməsinə öz töhfəsini verib. İlham Əliyevin təbrincə desək, ölkəmiz bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Xüsusilə vurğulanmalıdır ki, türk dünyasının potensialını vahid səy istiqamətində ilk dəfə məhz İlham Əliyev birləşdirib. Qlobal pandemiya ilə mübarizədə bu birlik formulu çox səmərəli nəticə verdi. Hazırda türkdilli ölkələrin strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması Türk Dövlətləri Təşkilatının getdikcə vahid güc mərkəzinə çevrildiyini təsdiqlədi. Türkdilli dövlətlərin başçıları arasında təmaslar yeni formatda davam edir. Təmasların mütəmadi xarakter almasında Azərbaycan Prezidentinin fəaliyyəti danılmazdır. Çünki İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən biri hesab edir və qardaş ölkələrlə iqtisadi, siyasi, humanitar, həmçinin digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan hazırda iki mühüm beynəlxalq təsisatın - İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu da onu göstərir ki, Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdən biridir. 
Bütün bunlarla yanaşı, ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə möhkəm əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Artıq bütün dünya Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərir. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizin dostlarının sayı getdikcə çoxalmaqdadır.
 

Müzəffər Sərkərdə, Zəfərə aparan yol, gerçəkləşən xəyallar

 

İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, keçmiş "Dağlıq Qarabağ" probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. 
Ümummilli Lider Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı kimi yetişən İlham Əliyev atasının yolu ilə addımlayaraq uca şəxsiyyətin yarımçıq qalan taleyüklü işlərini, planlarını gerçəkləşdirmək istiqamətində misilsiz işlər gördü. 
Azərbaycan 1992-ci ildən 2020-ci ilə qədər işğalçı Ermənistanla danışıqlar apardı. İlham Əliyevin dediyi kimi, sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. Əgər danışıqlara vasitəçilik edən ölkələr münaqişənin sülh yolu ilə həllini istəsəydilər, heç savaş da olmayacaqdı. Ancaq ATƏT-in çətiri altında yaradılan keçmiş Minsk qrupu yalnız Ermənistanın xeyrinə işlədi və bundan yararlanan Hayastan daha da azğınlaşdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi 4 qətnamə yalnız kağız üzərində qaldı.
Əlbəttə ki, bunun sonu olmalı idi və 2020-ci ildə həmin məqam yetişdi. Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu cəmi 44 günə BMT-nin qətnamələrinin icrasını həyata keçirdi. Ermənistan təslim oldu və üzərinə öhdəliklər götürdü. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan yenə də sülh istədi və məğlub Ermənistana vaxt verdi. Müharibədən ötən 3 ildə yenə də Ermənistanın siyasi rəhbərliyi və Qarabağdakı keçmiş qondarma qurum bu vəziyyətdən istifadə edərək siyasi oyunlar oynamağa başladılar. Məqsəd Azərbaycanın suveren ərazilərində "ikinci Ermənistan" yaratmaq idi.
İlham Əliyev isə dəfələrlə bəyan etdi ki, heç vaxt Azərbaycan ərazisində "ikinci Ermənistan dövlətinin" yaradılmasına icazə verilməyəcək. Çünki Azərbaycan müstəqil, suveren, öz hüquq və haqlarını bilən qüdrətli dövlətdir.
Bu il sentyabrın 19-da isə qətiyyətli lider kimi İlham Əliyev dediyi bəyanatı həyata keçirdi. Ölkəmizin ərazisində mövcudluğunu göstərməyə can atan qondarma qurumun fəaliyyətinə xitam verildi. Bu gün artıq suverenliyini təmin edən Azərbaycan ərazilərində "boz zona" mövcud deyil. 
Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan Ağdərədə, Xocalıda, Xocavənd şəhərində və ən nəhayət, Xankəndidə Azərbaycan bayrağını ucaltdı. Xalqa müraciətində İlham Əliyev bir daha 2003-cü ilin oktyabr ayının 31-də Prezident kimi Azərbaycan xalqı qarşısında içdiyi andı xatırladı: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Həmin zaman hər bir azərbaycanlının Prezidenti olacağına və nəyin bahasına olursa-olsun, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə söz verən İlham Əliyev  xalqının ən böyük arzusunu gerçəkləşdirən Lider kimi tarixə düşdü. 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident 200 illik erməni xülyasını məhv etdi. 
İlham Əliyev bu Şanlı Zəfərlə regionda yeni reallıqlar yaratdı. Bu gün dünya da Azərbaycan Prezidentinin yaratdığı reallıqlarla hesablaşır. Çünki İlham Əliyevin məqsədi ilk növbədə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsidir. 
Bütün bunların fonunda Azərbaycan hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm işğaldan azad edilən torpaqlarımızda Böyük qayıdışın reallaşması üçün misli görünməyən tikinti-quruculuq işləri həyata keçirilir, həm Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolu gücləndirilir, həm də İlham Əliyevin təşəbbüsü ilə qlobal miqyaslı enerji layihələri reallaşdırılır.    
Bu gün İlham Əliyev gördüyü işlərlə, yorulmadan və davamlı şəkildə çalışması, müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilib. Layiqli varis kimi cənab İlham Əliyev Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi dünyaya günəş kimi doğan ölkəyə çevirməklə, işğal altındakı torpaqlarımızı düşməndən tam azad etməklə xalqımızın qəlbində əbədi heykəlini ucaldıb. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxardısa, Prezident İlham Əliyev bu ölkənin möhtəşən zəfərlərinin təminatçısı oldu. 
Əminliklə deyə bilərik ki, İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə Ulu Öndərin layiqli varisinə güvənib, ona ən güclü dayaq olub. İlham Əliyev isə xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!