21 Fevral 2016 01:02
4074
Mədəniyyət
A- A+
Ana dilimizi sevək və qoruyaq

Ana dilimizi sevək və qoruyaq

 

Hər bir canlının dili var. Nəinki insanlar, ağaclar, çaylar, buludlar belə öz dilində danışırlar. Dil müqəddəs varlıqdır. Onu sevəndə, qoruyanda, zənginləşdirəndə mənsub olduğu xalqı tanıtdırır, ucaldır və şöhrətləndirir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir”.
Ana dilinə xor baxmaq xalqa biganəlikdir. Öz dilini bilməyib başqa dillərdə danışmağı ziyalılıq, çoxbilmişlik kimi qiymətləndirənlər, daha çox əcnəbi dilləri öyrənməyin vacibliyindən söz açanlar qənaətlərində yanılırlar. Özünü, öz dilini sevməyənlər heç vaxt başqasını, özgə dilini sevib dəyərləndirə bilməzlər.
Ana dili xalqın mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü aydın görməyənlər başqa güzgüdə olduğu kimi görünə bilməzlər. Güzgü ləkə götürmədiyi kimi dil də ləkələndirilməməlidir.
Öz dilini bəyənməyənlərin, dilə başqa vasitə kimi baxanların kamillik qazanmasına, öz xalqının taleyinə ürəkdən yanmasına, vətəndaş olaraq borcunu ləyaqətlə yerinə yetirməsinə inanmıram. Dilinə laqeyd, ögey olanların xalqa, vətənə doğma olması inandırıcı deyil.
Azərbaycanı sevmək, şöhrətləndirmək üçün dilimizi sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir.
“Azərbaycan Respublikasının Dövlət dili haqqında” qanun, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və görülən digər zəruri tədbirlər göstərir ki, hər bir vətəndaş öz dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur.
Son illər AMEA-nın ana dilimizin saflaşması, lüğət tərkibinin yad sözlərdən, ifadələrdən təmizlənməsi və dilçiliyin inkişafı sahəsində göstərdiyi səylər önəmlidir. Sözsüz ki, bu fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var.
Akademiyanın Folklor İnstitutunun ədəbi, eləcə də xalq danışıq dilimizin qorunması və təbliği baxımından gördüyü işləri qeyd etməmək olmaz. Son bir neçə ildə institut xalqımızın şifahi söz xəzinəsinin aşkarlanması, folklor nümunələrinin toplanması və kütləvi tirajla çap olunması sahəsində çox vacib bir vəzifəni yerinə yetirməyə çalışmışdır. Yaxşı haldır ki, toplanmış nümunələrdə xalq danışıq dilimizin incəlikləri, saflığı saxlanılmış, ayrı-ayrı ləhcələrdə ifadələrə yer verilsə də, bu, dilimizin vahidlik prinsipinə xələl gətirməmişdir.
Qanunlarda, rəsmi yazışmalarda, məktəblərdə, dərsliklərdə, mətbuatda, radio və televiziyalarda, reklam işində, termin yaradıcılığında, ictimai münasibətlərdə, tədbirlərdə, görüşlərdə, demək olar ki, hər bir yerdə ana dilimiz öndə olmalıdır, səviyyəsini göstərməlidir, ahəngdarlığı, təmizliyi, paklığı ilə özünü təsdiq etməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.
Dilimizə yad sözlərin gətirilməsi təhlükəli deyil, ana dili sözlərinin onlarla əvəz olunması təhlükəlidir.
Başa düşmədiyimiz bir çox əcnəbi sözlərin yerli-yersiz dilimizdə işlənməsi, reklam olunması və bunun bir ziyalılıq meyarı kimi qəbul edilməsi qəbuledilməzdir. “Resurs”, “vakant”, “arqument”, “kvota”, “diskussiya”, “eksprement”, “kollokvium”, “mental” və bir çox sözləri dəb xatirinə tez-tez dilimizdə işlədənlərin sıralarının artması acınacaqlıdır.
Texniki tərəqqi, inkişaf və beynəlxalq əlaqələrin genişlənməsi ilə əlaqədar yeni sözlərin dilimizdə işlənməsi qaçılmazdır. Ancaq bu yerində və ölçüsündə olmalıdır. Həm də tariximiz, məişətimiz, adət-ənənələrimizlə bağlı bir çox sözlərin - mahlıc, cəhrə, mehtər, mücrü, iflik, yumaq, çarıq, xış, başmaq və sair dilimizdən silinməsinə imkan verilməməlidir. Yazıçılarımız, jurnalistlərimiz, müəllimlərimiz yeri gəldikcə bu sözlərə müraciət etməlidirlər. Çünki bədii ədəbiyyatımızda, şifahi xalq nümunələrində belə sözlər tez-tez işlədilsə də, ancaq uşaqlar, aşağı sinif şagirdləri onların mənasını hələ də hərtərəfli anlamırlar.
Bu bir həqiqətdir ki, bu gün bəzi vəzifə sahibləri, imkanlı insanlar ana dilində danışmağı özlərinə və övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini xaricdən dəvət olunan əcnəbi dayələrə etibar edirlər. Dili “ana”, “ata” sözləri ilə deyil, “mazə”, “fazə” sözləri ilə açılan, ilk tərbiyəsini ingilis, fransız, alman, rus və digər əcnəbi dayələrdən alan, ancaq öz xalqının milli dəyərlərindən, dilindən, psixologiyasından, adət-ənənəsindən uzaq olan bu uşaqlar bir neçə dildə yaxşı danışsalar da, yaxşı “avropalaşsalar da” fəqət onların yaxşı azərbaycanlı, layiqli vətəndaş olacaqlarına ümidlər təzadlıdır. Hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq onların çoxu yenə də yad havalara oynayacaqlar, yad meyillərə uyacaqlar, öz nicatlarını yad ölkələrdə axtaracaqlar. Çünki ana dilinə yad olanların, öz xalqının milli dəyərlərini yaşatmayanların vətəndaşlığı süni mayalanma kimi bir şeydir.
Çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir, bacarıqdır, ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır.
Bu günlərdə ziyalı tanışlardan birini bərk dilxor gördüm. Səbəbini soruşanda “görmürsən qınından çıxıb qınını bəyənmir, kişi avropalaşıb” - deyə yaxın dostunun ünvanına bərk gileyləndi. Öyrəndim ki, uzun illər tələbə dostunun evində olmayan bu insan onun təzə tikdirdiyi villasının şadyanalığına gedərkən təsəvvür edə bilmədiyi bir mənzərə ilə qarşılaşır. Ailə üzvlərinin bir-biri ilə əcnəbi dildə danışdığını görən qonaq dostuna iradını bildirəndə ondan - “sən çox geridə qalmısan, Biləcəridən o yana keç gör kim Azərbaycan dilində danışır? Vəzifə tutmaq, pul qazanmaq üçün xarici dildə danışmalısan” - cavabını alır.
Kasıb bir ailədə böyüyüb ancaq sonradan vəzifə sahibi olan həmkəndlisinin tamamilə dəyişməsi, hətta ailə üzvlərinə ana dilində danışmağı belə qadağa etməsi tanışımı əbəs yerə özündən çıxarmamışdı və o narahatçılığında haqlı idi.
Bu gün xarici ölkələrə təhsil almaq üçün üz tutan gənclərin çoxunu açıq demək lazımdır ki, mükəmməl bilik almaq, elmin sirlərinə yiyələnmək deyil, bir neçə dildə danışmaq daha çox düşündürür. Valideynlərin çoxu da bu fikirdədir: “Uşaq xarici ölkədə açılacaq, xarici dilləri öyrənəcək” ifadələrini onlar həvəslə işlədirlər.
Xarici ölkələrə göndərilən gənclərin arasında öz dilini, adət-ənənəsini, tarixini yaxşı bilməyənlər, vətəndaşlıq borcunu qiymətləndirməyənlər az deyil. Belə gənclər Azərbaycanı xarici ölkələrdə heç cür ləyaqətlə təmsil edə bilməzlər. Əksinə onlar öz hərəkətləri, milli dəyərlərimizə laqeyd münasibətləri ilə ölkəmizin imicinə ziyan vururlar, yad meyillərə uyur, respublikamıza qayıtmaqdan imtina edirlər. Elə bilirəm xarici ölkələrə təhsil almaq üçün göndərilən gənclərin vətəndaşlıq mövqeyi, amalı, xalqına, dilinə bağlılığı bir meyar kimi qiymətləndirilməlidir.
Gənc müəyyən savada, dil bilmək bacarığına malik ola bilər, ancaq o milli xüsusiyyətlərə malik deyilsə və hər hansı bir ölkədə xalqımızın, dövlətimizin mənafelərini müdafiə etməyə, qorumağa cəsarəti çatmırsa əsl azərbaycanlı ola bilməz.
Biz vətəni, xalqı dilimizlə, milli dəyərlərə bağlılığımızla, həm də vətəndaşlıq qürurumuzla, torpağa, azərbaycançılıq ideologiyasına sədaqətimizlə qoruyub yaşatmalıyıq.

Tahir RZAYEV,
Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!