44 günlük Vətən müharibəsində xalqımıza və dövlətimizə qələbə sevincini yaşadan daha bir igidimizin qısa, lakin şərəfli ömür və döyüş yolu diqqətimizdən yayınmadı. Başlanğıcı ilə sonu cəmi-cümlətanı 30 illik zaman məsafəsidir.
Atadan yetim qalan Məqsədin anasının gözlərində yaşı quruyub. Bacısı Aynurun da sanki nitqi tutulub, vaxtilə əzizlədiyi, yoxluğuna inanmadığı qardaşının ömür və döyüş yolu haqqında heç nə danışa bilmir. Bircə onu deyir ki: “...Məqsəd şəhidliyi arzulayırdı, arzusuna yetdi...”
Həsənov Məqsəd Mahir oğlu 1991-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. Ağdamın Ermənistan tərəfindən 1993-cü ilin iyul ayının 23-də işğalından sonra doğma şəhərdən perik düşən ailələrdən biri kimi, Yevlaxda müvəqqəti məskunlaşmağa məcbur olublar. 1997-ci ildə Yevlax rayonundakı “Türk Qızıl-Ay” çadır şəhərciyində orta təhsilini almağa başlayıb. Bacısı deyir ki, hələ kiçik yaşlarından hərbçi olmaq istəyinə düşüb. Ailə vəziyyəti o qədər də yaxşı olmayıb.
6-cı sinifdən ata-anasına, bacısına dəstək olmaq üçün işləməyə başlayıb.
2006-cı ildə ailəsi Ağdam rayonundakı “Baharlı-2” qəsəbəsinə köçmüş, Məqsəd təhsilini orada davam etdirmişdi. 2008-ci ildə həqiqi hərbi xidmətə yola düşən Məqsəd erməni vandalizminin acı bəlalarını yaşadıqları üçün düşməndən qisas almaqdan ötrü alışıb-yanan oğullardan biri idi. Elə bu məqsədlə hərbiyə çox bağlanmışdı. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra da hərbi hissədə qalıb bu sahənin sirlərinə daha yaxından bələd olmaq istəyirdi. Lakin tək oğul olduğu üçün ailəsi razılaşmayıb. Hərbi xidməti başa vurduqdan sonra işləmək üçün Qazaxıstana üz tutur. Orada da istəyinə qovuşmur. Bundan sonra ata-anasından, doğma Vətəndən uzaqda general olmaqdansa, öz xalqının yanında olmağı, ordusunda sıravi əsgər tək qulluq göstərməyi daha üstün tutur.
Odur ki, yenidən Bakıya qayıdaraq hərbi kursda oxumağa başlayır. Bu zaman atası Mahir ömrünü ailəsinə tapşırır. Məqsəd xidməti qulluğunu Gədəbəydə davam etdirir. 3 ildən sonra yaşayış yeri Ağdam olduğuna görə, Qarabağa ezam olunur. Məqsəd xidməti qulluğu ilə əlaqədar Goranboy rayonunda yaşayır.
Bu da arzuladığı və bəlkə də səbirsizliklə gözlədiyi tarix - 2020-ci il sentyabrın 27-si. Vətən müharibəsi başlayır. Döyüşlərin gedişi müddətində tez-tez anası ilə əlaqə saxlayır, hər şeyin yaxşı olduğunu bildirir və “məndən nigaran qalmayın”, - deyir.
Müharibənin yeddinci günü Məqsəd Həsənovun hərbi maşını Suqovuşanda düşmən tərəfindən partladılır. Məqsəd anasına zəng vuraraq döyüş dostlarının şəhid olduğunu söyləyir. Daha sonra anasına “kaş ki mən də şəhid olaydım”, - deyib özünə şəhadət arzulayır.
Məqsəd sonuncu dəfə oktyabırın 5-də saat 11-də ailəsinə telefonda deyir: “...Ana, məndən narahat olmayın, hər şey yaxşıdır, özünüzdən muğayat olun”.
Bundan sonra ailəsi Məqsədlə əlaqə saxlaya bilmir. 2020-ci il oktyabrın 6-da döyüşdə yaralansa da, vəziyyətinin ağır ola biləcəyinə məhəl qoymur. Yaralıları daşımağa davam edən Məqsəd günorta saatlarında qan itirdiyinə görə gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucalır.
Şəhid Həsənov Məqsəd Mahir oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
27 sentyabr 2021-ci il! 44 günlük Vətən müharibəsinin başlamasından ötən bir illik tariximiz - canları, qanları ilə tarix yazan, “Qarabağı mənfur düşmənlərdən azad edən oğullarımızın Anım günü! yenə də paytaxt Bakı üçrəngli, ay-ulduzlu bayrağımıza bürünərək əbədiyaşar Vətən oğullarını yad edir. 3 minə yaxın şəhidimizin şəkilləri ilə keçirilən yürüş ayrı-ayrı bölgələrimizdə də Şəhidlər xiyabanını ziyarətlə davam etdirilir. Bu da hər bir şəhid anasına, bacısına, ümumiyyətlə, xalqımıza ən böyük təsəllidir.
Bütün bunlar isə şəhid anası Aybəniz xanıma, eləcə də bacıları Aynurla Telliyə, sadəcə, təsəlli deyil, həm də qürur və fəxrdir. Ağdamın Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanı da ana və bacıların ziyarət və and yerinə çevrilib. Deyirlər: “Şəhidlər ölməz, Vətən bölünməz!”
Bu da bir ailənin tək oğlunun qısa, şərəfli ömür yolunun sonuncu aşırımı. O, Suqovuşandan Kəlbəcərə doğru yol açırdı. Məqsəd şəhidliyə ucalmaqla öz məqsədinə yetdi...
Bu dünyada qalan yeganə yadigarı övladı yox, şəhid adı oldu. Kaş bütün arzularına qovuşaydı, ana torpaqla qol-boyun olduğu kimi!..
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”