Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının orta məktəblərində təhsil alan IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.
AzərTAc xəbər verir ki, tur-aksiyanın Ağdaş rayonundan olan iştirakçıları avqustun 31-də İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşüblər.
Şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə keçirilən mərasimdə məlumat verilib ki, məktəblilər 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açıblar. Ekskursiya qrupunun rəhbəri, Ağdaş şəhər M.İsayev adına orta məktəbin direktoru Ədilxan Əbilov maarifləndirici xarakter daşıyan bu layihənin Ağdaş ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb. O deyib: “Mən bütün təhsil işçiləri adından deyirəm ki, bu, çox gözəl bir aksiyadır. Şagirdlər həm Azərbaycanın görməli yerləri ilə tanış olacaq, tarixi abidələri, turizm obyektlərini tanıyacaq, ölkəmizin bölgələrində gedən sürətli sosial-iqtisadi inkişafı görəcəklər. Eyni zamanda, bu səyahət yeni tədris ilində məktəblilərdə yüksək əhval-ruhiyyə yaradacaq və bu da gələcəkdə onların təhsildə yaxşı nailiyyət əldə etməsinə stimul yaradacaq”.
Ağdaş şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Günay Nəbiyeva və S.Vurğun adına məktəbin X sinif şagirdi Nəsib Tələbi bu aksiya ilə bağlı ürək sözlərini bölüşüblər. Onlar ilk dəfədir ki, Qəbələ, Şəki və İsmayıllı rayonlarına gedəcəklərini, bu tur-aksiya zamanı hər bir şagirdin ölkəmizin görməli yerlərini tanımaq, tarixi, adət-ənənələri, maddi-mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini deyiblər. Şagirdlər bu cür ekskursiyaların təşkilinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Qəbələdə “Tufandağ” Yay-Qış İstirahət Kompleksini, İsmayıllının Lahıc qəsəbəsini, Şəki xanlarının sarayını səbirsizliklə görmək istəyirlər.
Çıxışlardan sonra 40 nəfər ağdaşlı məktəbli avtobusla İsmayıllı rayonuna yola düşüblər. Məktəblilər yüksək təşkilatçılıq qabiliyyətinə malik nəzarətçi müəllimlərlə və həkimlə təmin olunublar.