06 Dekabr 2022 01:37
952
Mədəniyyət
A- A+
Ağdam İmarət məzarlığı

Ağdam İmarət məzarlığı

 

Dünyasını çox illər öncə dəyişmiş hər hansı sənətkarın kitabını tərtib edərkən daxilən səfərbər oluram ki, bəlkə, barəsində yeni bir fakt, tarixi şəkil, yadigar əşya əldə etdim. Məhz bu niyyətlə kitabxanalara, arxiv və muzeylərə müraciət etdim ki, bəlkə, Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tərtib edəcəyim kitabda vermək üçün yeni bir fakt tapdım. Bu niyyətlə şəxsi arxivimi araşdırarkən "Elm" qəzetinin 25 dekabr 2001-ci il tarixli sayında AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin "Şuşa xanı İbrahimxəlil xan və övladlarının epitafiyaları" məqaləsi qarşıma çıxdı. 
Əgər mərhum Məşədixanım Nemətin "Şuşa xanı İbrahimxəlil xan və övladlarının epitefiyaları" məqaləsini oxumasaydım, hamı kimi mən də İbrahimxəlil xanın oğlu, sonuncu Qarabağ xanı Mehdiqulu xanın ancaq Xurşidbanu Natəvan adlı qızının olduğuna şəkk etməzdim. Məşədixanım Nemət yazır: "Azərbaycan Dövlət Tarix Arxivi, ruhanilərin fondunda İbrahimxəlil xanın və övladlarının başdaşlarındakı kitabələrə rast gəlmişəm. Kitabələr Rusiya çarı knyaz Nikolay Mixayloviçin tapşırığı ilə toplanmışdır. Çar Nikolay tapşırmışdı ki, bütün məscidlərin və görkəmli şəxsiyyətlərin məzar daşları və kitabələr tədqiq və çap olunsun". 
Əvvəldə dediyim kimi, bu məqalədə mənim diqqətimi Mehdiqulu xan Cavanşirin Xurşidbanu Natəvandan da əvvəl övladının olduğu, lakin çox körpə ikən vəfat etdiyi bilgisi cəlb etdi. Məşədixanım Nemətin farsca yazılmış epitafiyalardan birinin tərcüməsindən aydın olur ki, Mehdiqulu xan Cavanşirin Xurşidbanu Natəvandan qabaq - hicri 1244, miladi 1828/29-cu ildə də övladı olmuş, lakin qönçə yaşında (bəlkə də 40-ı çıxmamış) vəfat etmişdir.
Bu təqdimatda təəssüf hissi ilə yazılmış bir bilgi də var. Ruhu şad olmuş Məşədixanım Nemət yazır: "Şuşa və Ağdam qəbiristanlıqlarından toplanmış kitabələr haqqında Şuşa şiə qazisinin təqdim etdiyi 8.V.1910-cu il tarixli sənəddə qeyd olunan kitabələr maraqlıdır.
Biz hələ 40 il bundan əvvəl (1961-ci ildə - M.Ç.) Ağdam və Şuşada apardığımız tədqiqatlar zamanı Ağdamdakı məzarıstan ərazisində bağ salındığı üçün iki türbə binası və onların yanında Natəvanın məzarından başqa heç bir abidə qalmamışdı".
Bu sətirləri oxuyanda biganəliyimizdən, keçmişimizə sayğısızlıqdan, yaddaşsızlıqdan, sadəcə, xəcalət çəkdim. Bu övliya qəbiristanlığında basdırılanlar Azərbaycanın tarixində, mədəniyyətində, ictimai-siyasi həyatında rolu olan insanlardır. 
Əlbəttə, bizi əsarət altında saxlayan çar Nikolay da, onun Qafqazı idarə edən canişinləri də bizim keçmişimizə, tariximizə ona görə maraq göstərmirdilər ki, xalqımızı çox sevirdilər. Xeyr! Məqsəd xalq olaraq bizi daha yaxından tanımaq, həssas xüsusiyyətlərimizə bələd olub, üstümüzdə ağalıqlarının ömrünü uzatmaq idi. Qarabağa hakim təyin olunan general Kolyubakinin oğlu podpolkovnik Mixayil Petroviç kapitan Mirzə Adıgözəl bəydən, Qafqazın canişini knyaz Mixail Semyonoviç Voronsovun sifarişi ilə Molla Pənah Vaqif öldürüldükdən sonra İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camal Cavanşirə Qarabağın, Qarabağ xanlarının tarixini yazmağı sifariş etmələrində də məqsədləri bu idi. Məsəl var, çomağın iki ucu olduğu kimi, hər bir gizli niyyətin də işıq gələn tərəfi var. Əgər adlarını çəkdiyimiz bu çar məmurları vaxtında tarixi keçmişimizlə maraqlanmasaydılar, indi tez-tez istinad etdiyimiz Mirzə Adıgözəl bəylə Mirzə Camal Cavanşirin Qarabağnamələri yazılmazdı. 
Çar Nikolayın göstərişilə toplanıb yazılmış "Şuşa xanı İbrahimxəlil xan və övladlarının epitafiyaları" da bu baxımdan çox əhəmiyyətlidir. Sual oluna bilər, Qarabağın xanlarını və onların övladlarını niyə Şuşa qalasında yox, Ağdamda - İmarətdə gətirib dəfn edirdilər. Səbəb çox sadədir. Qarabağ xanlığının banisi, müasirlərindən fərqli olaraq, Bayat, Tərnəküt (Şahbulaq) və Şuşa kimi yeni şəhər-qalalar salmış Pənahəli xan 12 illik hakimiyyəti dövründə daxili çəkişmələrə son qoymuş, 1757-ci ildə Məhəmmədhəsən xan Qacarın (Ağaməhəmməd şah Qacarın atası), 1759-cu ildə Fətəli xan Əfşarın Şuşaya hücumlarının qarşısını almışdı. Sonuncu ilə 6 ay mühasirədə qaldıqdan sonra sülh sazişi bağlamış, böyük oğlu İbrahimxəlil ağanı ona girov verməyə məcbur olmuşdu. Pənahəli xan üçün oğlunun ayrılığına dözmək çox çətin idi. Belə bir vaxtda, 1761-ci ildə şahlıq taxtı uğrunda rəqibi Fətəli xan Əfşarla döyüşdə məğlub olan Kərim xan Zənd hiyləyə əl ataraq Azərbaycan xanlıqlarının hakimlərinə məktublar yazıb onları Fətəli xana qarşı birləşməyə çağırırdı. O, 1762-ci ildə Pənahəli xana göndərdiyi məktubda yazırdı: "Fətəli xan sadəcə düşmən deyil, o, eyni zamanda bizimlə qanlıdır. Gərək birləşmək uğrunda bütün qüvvəni əsirgəməyəsən. Məhz bu yolla həm intiqam almaq, həm də oğlunuzu xilas etmək mümkün olar. Bununla həm siz sevinərsiniz, həm də biz öz arzumuza çatarıq". 
Pənahəli xan Kərim xanın təklifini qəbul etmişdi. Fətəli xan Əfşarın müdafiəyə çəkildiyi Urmiyanı Kərim xan Zəndin birləşmiş qoşunu 9 ay mühasirədə saxlamışdı. Nəhayət, 1763-cü ilin ortalarında Urmiya ələ keçirilmişdi. Beləcə, Pənahəli xanın oğlu İbrahimxəlil ağa girovluqdan azad edilmiş, xanlıq fərmanı ilə Qarabağa qayıtmışdı. Pənahəli xan isə Kərim xanın təklifi ilə başqa xanlarla yanaşı, qələbənin nəşəsini yaşamaq üçün Şiraza getmişdi. Şirazda aldandığını başa düşən Pənahəli xan pərişan olub peşmanlıq keçirmiş və 1763-cü ildə Şirazda vəfat etmişdir. Vəsiyyətinə görə, onun "Cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı halal mülkündə dəfn etdilər" (Mirzə Camal Cavanşir). Yeri gəlmişkən, Pənahəli xanın mərmər başdaşı Azərbaycan Tarix Muzeyində saxlanılır. 
Əsas mətləbdən ayrı düşsək də, aydınlıq üçün deyək ki, Pənahəli xanın ulu babası İbrahimxəlil ağa I Şah Abbas Səfəvinin dövründə Cavanşir elinin rəisi (başçısı) olmuşdur. Nadir şahın fəaliyyətinin ilk illərində isə Cavanşirlərin başçısı Pənahəli xanın atası III İbrahimxəlil idi. 
Pənahəli xanın mənsub olduğu Cavanşirlərdə belə bir adət varmış, ata doğulan ilk oğul övladına atasının adını verirmiş. Bu ənənə uzun illər davam etmişdir. 
Təsadüfi deyil ki, Şuşa şəhərinin banisi III Pənahəlidir. Ona qədər olan birinci, ikinci Pənahəlilər hər biri öz oğul övladına İbrahimxəlil adını vermişlər. 
Pənahəli xanın ulu babalarından biri də Sarıca Əlidir. Ağdam ərazisindəki Sarcalı kəndləri onun adı ilə bağlıdır. Pənahəli xan və törəmələri babalarına sayğı göstərərək soyadlarını Sarıcalı-Cavanşir yazmışlar. Cavanşir elinin ən nəcib tayfalarından biri məhz Sarıcalı tayfası olmuşdur. Qasım bəy Zakir iftixar hissi ilə yazırdı: 
Əyyami-sabiqdə biz idik sipah,
Səfərdə, həzərdə Pənaha pənah. 
Bu xeyli uzun ricətdən sonra Məşədixanım Nemətin vaxtilə mətbuata çıxardığı "Şuşa xanı İbrahimxəlil xan və övladlarının epitafiyaları" mövzusuna qayıdaq. Güman edirik ki, övliya qəbiristanlığından əldə olunmuş epitafiyalar heç də Pənahəli xanın törəmələrinin hamısını əhatə etmir. Məşədixanım Nemətin oxuculara təqdim etdiyi epitafiyalar İbrahimxəlil xana, Mehdiqulu xana, onun adı qəbir daşına yazılmayan övladına, Xan qızı Xurşidbanu Natəvana, onun oğlu Mehdiqulu xan Usmiyevə (1855-1900), İbrahimxəlil xanın oğlu Şıxəli ağadan olan nəvəsi Cavanşir Abbas bəyə, xanın oğlu Məhəmmədqasım ağadan olan nəvəsi podpolkovnik Kərim ağaya məxsusdur. Görünür, 1910-cu ildə övliya qəbiristanlığındakı bütün qəbirüstü kitabələr oxunub yazıya alınmamışdır. Məşədixanım Nemət 1961-ci ildə Ağdamda - İmarətdə övliya qəbiristanlığını tədqiq edəndə, özünün yazdığı kimi, iki türbə, bir də Natəvanın qəbiri olub. Halbuki 1806-cı ildə mayor Lisianeviç tərəfindən ailəlikcə gülləbaran edilən İbrahimxəlil xanın, arvadı Tutu xanım, qızı Səltənət bəyim, on iki yaşlı oğlu Abbasqulu ağa, sağlığında rəhmətə getmiş böyük oğlu Cavad ağa, vəliəhdi Məhəmmədhəsən ağa, digər oğlanları Xanlar ağa, Əhməd ağa, Məhəmmədqasım ağa, Səfiqulu ağa, Şıxəli ağa, qardaşları Mehralı bəy, Talıbxan bəy, qızı Gövhər ağa (1796-1888), nəvəsi general Cəfərqulu xan Nəva (1780-1867) və başqaları digər bir qəbiristanlıqda dəfn oluna bilməzdilər. Görünür, yuxarıda yazdığımız kimi, Azərbaycanda sovet hökuməti qurulandan sonra bolşeviklər xanlığın övliya qəbiristanlığına qənim kəsilmişlər. Tarixi irsi itirmək üçün məzarlığı məhv edib yerində bağ salmışdılar. 
Bu övliya qəbiristanlığı xan nəsli üçün o qədər əziz imiş ki, 1897-ci ildə Xan qızı Natəvan Şuşada vəfat edəndə xalq ehtiram əlaməti olaraq onun cənazəsini 37 km məsafəni piyada qət edərək, gətirib İmarət məzarlığında torpağa tapşırmışdı. Biz ona olan bu el məhəbbətini başdaşına farsca yazılmış epitafiyadan da görə bilərik. 1910-cu ildə üzü köçürülmüş bu epitafiyanın Məşədixanım Nemətin tərcüməsini ixtisarla oxucuların diqqətinə çatdırırıq: 
"Bu qəbir rəhmətlik, günahları bağışlanmış alim (ağıllı) Xurşidbanunundur.
...Xan qızı hörmətli Xurşid xanım /dövranın uca ulduzlu yadigarı idi./ Candan doydu, ürəyi dağlı dünyadan getdi. / İndi onun bəlası ətəyə dolmuş qəmdir bizə./ Biri vəfat ilinə artırdı dedi, fəna /onun yeri ilahələr cənnətidir. Rəbiül-sani 1314./ Bütün yaranmışlar ölümü dadmalıdır. 
Rəbiül-sani 1314=9.IX-8.X.1896 il." (1897-ci il olmalıdır - M.Ç.) 
Mən özüm gənc yaşlarımda Qarabağ xanlarının türbələrini, Xan qızı Natəvanın məzarını, Pənahəli xanın ağgünbəzli sarayını ziyarət etmişdim. Sonra özümü Pənahəli xandan yadigar qalmış iri gövdəli bir cüt xan çinarın kölgəsinə vermişdim (yeri gəlmişkən, Pənahəli xanın sağlığında o ərazidə atası İbrahimxəlil ağadan qalma iki bağı, mülkü də olub). 
O anda yatsam yuxuma da girməzdi ki, bir gün gələcək, erməni daşnakları havadarlarının dəstəyi ilə başqa şəhər və kəndlərimiz kimi, Ağdamı da işğal edəcəkdir. 27 il başqa torpaqlarımız kimi, Ağdamın da həsrəti ilə yaşadıq. Doğru demişlər ki, hər şeyin zamana ehtiyacı var. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi 10 noyabrda Ermənistanın məğlubiyyəti ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sevinc, qürur dolu müjdə xəbəri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir! 
Tanrıma minnətdaram ki, 27 il sonra, 2021-ci il 28 mayda Ağdamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi təməlqoyma mərasimində mən də iştirak edirdim. 
İkinci dəfə Ağdama 5 sentyabr 2021-ci ildə getdik. Bu səfərimiz Ağdam nümayəndəliyinin təşəbbüsü ilə baş tutmuşdu. Ağdamı, bizim ağ şəhərimizi tar-mar edilmiş gördük. İmarətə gedəndə nigaranlıq içindəydim. Övliya məzarlığına çatanda gözlərimə inanmadım. Xan qızının məzarı barbarcasına dağıdılmış, başdaşını əvəz edən büstü isə gözə dəymirdi. Yəqin ki, işğalçılar oğurlayıb aparmışdılar. 
İnanıram ki, Ağdam şəhəri yeni layihə əsasında tikiləcək, Pənahəli xanın övliya məzarlığı da qaydasına salınacaqdır. Arzu edərdim ki, İmarətdə dəfn olunan Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Gövhər ağanın, Xurşidbanu Natəvanın (bu yaxınlarda onun məzarı bərpa olunaraq açılışı olub), onun övladları Xanbikənin, Mehdiqulu xan Vəfanın, general Cəfərqulu xan Nəvanın qəbirüstü epitafiyaları münasib lövhələrdə öz əksini tapsın, büstləri qoyulsun. Xanların övliya qəbiristanlığı ziyarətgaha çevrilsin. Belə olarsa, perik düşmüş xanların, bəyzadələrin, bəyimlərin, onların epitafiyalarını üzə çıxartmış Məşədixanım Nemətin də ruhu şad olar! 

Mustafa ÇƏMƏNLİ,
yazıçı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!