Koronavirus pandemiyasına qarşı mübarizənin
ön cəbhəsində dayananların fədakarlığı ən
yüksək qiymətə layiqdir
Tibb işçiləri, təəssüf ki, bu il öz peşə
bayramlarını koronavirus pandemiyası ilə mübarizədə keçirirlər.
Koronavirusla mübarizədə öz fədakarlıqları
ilə seçilən həkim və tibb işçilərinin əməyi xüsusilə qeyd edilməlidir. Bu gözəgörünməz
bəla ilə mübarizənin ön cəbhəsində olan tibbi personalın gecə-gündüzünün olmaması
nəticəsində minlərlə insan amansız ölümün pəncəsindən xilas edilib.
Həmin mübariz həkimlərimizdən biri olan Gülara
Abbasova da aylarla ailəsindən uzaq düşüb və Hippokrat andına sadiqlik nümayiş etdirərək
vətəndaşlıq, həkimlik borcunu şərəflə yerinə yetirənlərdəndir.
15 iyun 1975-ci ildə Sumqayıtda anadan olan
G. Abbasovanın valideynlərinin ağlına da gəlməzdi ki, qızları neçə illərdən sonra
ölüm-qalım dilemması qarşısında qalan insanların köməyinə çatacaq, onları amansız
və vaxtsız ölümün pəncəsindən xilas edəcəkdir.
"Uğursuzluq”dan
qələbəyədək...
Gülara Abbasova illəri bir göz qırpımında
yola saldı: gözlərini açdı ki, Sumqayıtdakı 1 nömrəli orta məktəbi yüksək qiymətlərlə
bitirib, kimya-biologiya üzrə fənn olimpiadalarının qalibidir. Arzusu həkim olmaq
idi. Ona görə də beş il ardıcıl olaraq Azərbaycan Tibb İnstitutuna qəbul üçün sənəd
verdi. Müsabiqədən keçə bilməsə də, bu "uğursuzluq” onu qətiyyən ruhdan salmadı.
Həmin müddət ərzində o, Sumqayıt Tibb Texnikumunu N.Nərimanov təqaüdü almaqla müvəffəqiyyətlə
bitirdi.
Nəhayət, həyat onun üzünə gülməyə başladı:
O, ATİ-nin Müalicə-profilaktika fakültəsinə qəbul olaraq anestezioloq-reanimatoloq
ixtisasını seçdi. Bu o zamanlar idi ki, sinif yoldaşları, qonşuları Qarabağda gedən
döyüşlərə yollanırdılar. Tələbə olsa da, ərazilərimizin erməni daşnaklarından qorunması
yolunda canlarını Vətənə sipər edənlərin yanında olmaq və bu məqsədlə də ön cəbhəyə
yollanmaq üçün Sumqayıt Hərbi Komissarlığına müraciət etdi. Bu tələbəni yolundan
döndərməyə çalışsalar da, o, həmin ağır günlərdə cəbhədə həkimlik peşəsinə ciddi
ehtiyac olduğunu əsas gətirirdi. Hərbi komissarlığın əməkdaşları onu ailəsinə gətirəndə
qərar qəti oldu: "İnstitutu bitirməyin vacibdir”
Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra
o, 9 il Sumqayıtda, yəni dünyaya göz açdığı 1 nömrəli Doğum evində çalışdı. Sonra
isə ailə həyatı ilə bağlı olaraq Bakıya köçdü və Mərkəzi Neftçilər Xəstəxanasında
Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində işləməyə başladı. Hazırda
həmin şöbənin müdiri olan həkimin bacısı Norveçdə tibb işçisidir. Qızlarından biri
isə Oslo şəhərindəki Tibb institutunda təhsil alır.
Yetmiş gündən artıqdır ki, koronavirus pandemiyasının
ölkəmizdə yayılmasına qarşı mübarizənin ön cəbhəsində dayanan
G.Abbasova hazırda bu bəladan əziyyət çəkən
xəstələrin yaxın-uzaq qohumlarının dilinin əzbərinə çevrilib.
Öz
işinin fəxarətindən simasına nur çökmüşdü
G. Abbasova nəinki öz peşəsi, həm də vətənpərvərlik
duyğuları ilə insanlara xidmət göstərir. Videoreportajlarda gördüyümüz həkimlər
komuflyaj paltarlarda və maskada olduqlarına görə onların nə gözlərini, nə də sifət
cizgilərini seçə bilirik. Bu dəfə isə insanlara şəfa verən ana, qadın telefonun
ekranından baxırdı. O qədər xoşbəxt idi ki... Çünki daha bir dəfə şər qüvvənin üzərində
qələbə çalmışdı. Bunun sevincini xəstə yiyələrinə çatdırmağı özünə borc bildiyini
dedi. Öz işinin uğurlu nəticəsindən simasına da nur çökmüşdü...
Onunla bir neçə dəqiqəlik telefonla görüntülü
söhbətdən bir əsər də yazmaq olardı. İş yoldaşı Mehparə Dadaşzadə onun sözünə qüvvət
verdi: "...İndi bu qızmar yay günlərində vətəndaşlarımız evdə, işdə, küçədə bir
köynəklə belə istidən bezdikləri halda, biz elə olur ki, 6-8 saat bu komuflyajı
əynimizdən çıxarmırıq. Ancaq dözürük və bilirik ki, müqəddəs iş görürük. Bilirik
ki, bu ağır günlərdə insanlara göydəki Allahdan sonra bir udum nəfəs almağa biz
də yardımçı oluruq...”
Onlar həm də könüllülərdir. Bildiyimiz kimi,
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin "Könüllülər ili” elan edilməsi ilə
bağlı sərəncam imzalayıb. Qəfil gələn və gözəgörünməz bu koronavirusdan bizi xilas
etmək üçün səfərbər olunan ağ xalatlı həkimlərimizin iş başında hansı şəraitdə çalışmaları
maraqlı olduğu qədər də əzablı və dözülməzdir.
Reanimasiya şöbəsinin müdiri, həkim-reanimotoloq
Gülarə Abbasova, tibb bacılarından Mehparə Dadaşzadə və Zahirə Həsənova beş-üç dəqiqəlik
dincəlmək üçün geyimlərini və maskalarını çıxarırlar. Aman Allah, bu qapalı şərait
onları nə hala salıb?! Tanınmaz dərəcədə dəyişiliblər: arıqlamaları bir yana, baş
geyimləri, xüsusən də maskanın rezinləri onların üz-gözlərini nə hala saldığının
fərqində olmasalar da, sanki bir əsr qocalıblar. Amma bu, onların xidmət mədəniyyətini,
peşə borclarını unutdurmayıb.
Şöbə müdiri Gülarə Abbasovanın ilk fikri
belə oldu: "Bu reanimasiya şöbəsində həkim Samirə Məmmədova ilə mənim rahat işləməyimizin
səbəbkarları indi sizə siyahısını verdiyim Mərkəzi Neftçilər Xəstəxanasının tibb
işçiləri və sanitarlarıdır. İlk növbədə, əziyyətə qatlaşan onlardır…”
Həkimin verdiyi siyahıdan məlum olur ki, onunla bu ağır günlərdə çiyin-çiyinə
dayanan Kəmalə Əliyeva, Səbinə Əliyeva, Zahirə Həsənova, Balacaxanım Babayeva, Günel
Baxışova, Dillər Məmmədova, Mehparə Dadaşzadə, Vəfa İsmayılova, Xəyalə Hacıyeva,
Gültəkin Məmmədova, Aysel Bağırova, Könül Əzizova, Qismət Mirzəhəsənova, Zərifə
Həsənova, Leyla Əlibəyli, Arzu Mədətli, Sehranə Cəbiyeva, Əfsanə Müzəffərova, Könül
Quliyeva, Tirana Xalapova kimi tibb bacılarıdır. Bunlardan savayı, xəstələrin sağalması
yolunda fədakarlıq göstərən Arzu Məmmədova, Sevinc Hüseynova, Telman Abbadov, Mətanət
Rüstəmi, Pərvanə Əzimova, Marina Nəsibova, Rəmziyyə Nəsirova, Elman Abbasov, Nailə
Babayeva, Dilarə Muxtarova kimi kiçik tibb işçiləri də az deyil.
Unutmayaq
ki, xəstələrin sayı həkimlərdən qat-qat çoxdur
G. Abbasova yorğun olsa da, ölkə vətəndaşlarına
ürək sözlərini demək üçün fürsətdən istifadə
etdi: "...Onlar olmadan heç bir xəstə sağalmaz. Siz bilirsinizmi ki, buradakı palatalarda
gündə iki dəfə yataq bezləri, xəstələrin paltarları, örtükləri, pərdələri dəyişilir?! Burada işlədilən
hər şey birdəfəlikdir. Burada təmizliyi təmin
etmədən müalicənin nəticəsini ala bilməzsən. Bizim kollektiv, ilk növbədə, tibb
bacıları və kiçik tibb işçiləri ilə güclüdür. Kiçik personalımız və ümumiyyətlə,
COVID-19-la mübarizə aparan bütün tibb işçiləri günlərlə özündə olmayan və nəfəs
aparatlarına qoşulmuş xəstələrin qulluğunda dayanır və onların yataqlarını gündə
bir neçə dəfə təmizləyirlər. Mən öz həkim peşəmlə şərəf duyuram. Unutmayaq ki, xəstələrimizin
sayı həkimlərdən çoxdur, özü də lap çox.
Bəzi insanların məsuliyyətsizliyinin, etibarsızlığının
və inamsızlığının ağrısını və ağırlığını isə dövlət, eləcə də bu mübarizədə düşmənə
qalib gəlmək üçün xəstəxana səngərlərinə atılan və ağ xalatlarını hava keçirməyən
komuflyajlarla dəyişən tibb işçilərimiz çəkirlər. Nə olar, dövlətimizə, doğmalarımızın
keşiyində duran TƏBİB-in tibb personalına əziyyət və ağrı verməmək üçün məsuliyyətli
olun. Tələb və qaydalara riayət edin”.
Çində COVID-19-la mübarizə sona çatanda əhali
tibb işçilərini ayaq üstə alqışladı. Çünki onlar bu dərdin acısını gördülər və içərilərindən
keçirdilər. Bu, Çin xalqının tibb işçilərinə verdiyi dəyər idi.
Həkim daha sonra bildirdi ki, briqadada evində
xəstəsi olan işçilər var. Eləsi də var ki, körpə uşağını qoyub gəlib: "Rəhbərliyimiz
bəzilərinə ailə şəraiti ilə əlaqədar olaraq və hətta işdən ayrılmağa icazə belə
vermək istəsə də, bizim qəhrəmanlarımız səngəri boş qoyub, bir udum havaya ehtiyacı
olan xəstələri tərk edib getmək istəmirlər. Mən martın 26-dan 27-nə keçən gündən
buradayam. Xəstəxanamızın COVID-19-a uyğunlaşması prosesində iştirak etmişəm. Burada
hər bir çarpayının, hər bir aparatın necə işləməsinə cavabdehəm. Elə vaxt olur ki,
heç gecəni 2 saat belə yatmırıq. Bəzən xəstəni ağır vəziyyətdən çıxarmaq üçün səhərə
qədər mübarizə aparırıq. Bir qızımla uzaqda olduğuna görə onlayn görüşürəm. Buradakı
10 yaşlı qızımı isə bircə dəfə şüşənin o biri üzündən görmüşəm. Bizimlə işləyənlərin
hamısının ömür səhifəsi burada belə yazılır.
Biz də evimizə getmək, doğmalarımızı qucaqlamaq, ailəvi istirahət etmək istəyirik.
Bizim əlimizdən bu şansımızı almasınlar. Unutmasınlar ki, xəstələr həkimlərdən çoxdur.
Və həkimlərimiz, tibb personalımız da hər gün bu xəstəliyə tutula bilərlər. Həkimlərin
də bir gün gücü azalsa, onda sizi kim sağaldacaq? Siz çox, biz az. Gəlin, bir-birimizi
sevə-sevə yaşayaq”.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”