Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsi ilə birgə keçirilən "Mexanikada yeni trendlər" I Beynəlxalq Elmi Konqresinin iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra universitetdə keçirilən tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirakçıları səmimiyyətlə salamladı və "Mexanikada yeni trendlər" I Beynəlxalq Elmi Konqresinin işinə uğurlar arzuladı. Konqresin mexanika elminin ənənəvi istiqamətlərinə yeni elmi baxışların gətirilməsi, nəzəri və tətbiqi mexanikanın müasir çağırışlara uyğun transformasiyası, həmçinin mexanika və mühəndislik sahəsində beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən rektor 48 illik tarixi olan və iki ildənbir Türkiyənin müxtəlif ali məktəblərində fasiləsiz keçirilən Milli Mexanika Konqresinin ilk dəfə olaraq beynəlxalq formatda və məhz Bakıda - Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmasının ölkəmizin elmi mühitində yeni mərhələnin başlanğıcı, Azərbaycanın elmi məkanının dünya elminə inteqrasiyasının, alimlərimizin beynəlxalq akademik proseslərdə fəal iştirakının bariz göstəricisi kimi dəyərləndirdi.
Professor C.Cəfərov konqres çərçivəsində müzakirə ediləcək 150-yə yaxın elmi məruzənin yalnız nəzəri nəticələrin təqdimatı ilə kifayətlənməyəcəyinə, həm də real tətbiq imkanlarını ortaya qoyacağına, paralel sessiyalarda aparılacaq diskussiyalarda mexanikanın mühəndislik, aerokosmik, biomexanika, energetika və ekoloji problemlərin həllində oynadığı rolun daha dərindən anlaşılmasına xidmət göstərəcəyinə əminlik ifadə etdi.
Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin sədri, professor Mehmet H.Omurtag mexanikanın müasir problemlərinə toxunaraq vurğuladı ki, texnologiyaların sürətli inkişafı ilə mexanika sahəsində yeni nəzəri yanaşmaların və hesablama üsullarının tətbiqi vacibdir. H.Omurtag bildirib ki, bu kimi konqreslər gənc alimlərin yetişməsinə, elmi ideyaların mübadiləsinə və mühəndislik sahəsində qlobal elmi proseslərə inteqrasiyasına mühüm töhfə verir.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konqresin təşkilat komitəsinin həmsədri professor Asəf Zamanov tədbirə ADPU-nun evsahibliyi etməsinin qardaş ölkələrin elm adamlarının əməkdaşlığının genişlənməsinə vacib töhfələr verəcəyini vurğulayaraq bildirib ki, ABŞ, Almaniya, Avstriya, İtaliya, Türkiyə və Azərbaycanın müxtəlif universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış alimlərin qatıldığı bu konqres mexanika və mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır.
Qeyd edildi ki, müasir dövrdə elm sürətlə dəyişən texnologiyalar, süni intellekt, hesablama imkanları və rəqəmsal yanaşmalar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Mexanika elmi isə bu proseslərin ayrılmaz tərkib hissəsidir. Professor A.Zamanovun sözlərinə görə, mürəkkəb mexaniki proseslərin modelləşdirilməsi və analizi artıq yalnız klassik üsullarla deyil, həm də yüksək performanslı hesablama texnologiyaları və innovativ proqram təminatları vasitəsilə həyata keçirilir. Bu baxımdan konfransın Azərbaycanda keçirilməsi həm gənc tədqiqatçılar, həm də regionun elmi inkişafı üçün mühüm fürsətlər yaradır.
Professor A.Zamanov mexanikanın tarixi və müasir inkişaf istiqamətlərindən söz açaraq vurğulayıb ki, mexanika yüzilliklərdir ki, insanın texnologiya ilə əlaqəsinin göstəricisidir. Mexanika ilk mexaniki kəşflərdən sənaye inqilabına, müasir dövrdə kompüter simulyasiyaları və nanomateriallara, gələcəkdə isə süni intellekt və biotexnologiyaların birləşməsinə qədər bəşəriyyətin inkişafının bütün sahələrində həlledici rol oynayır.
Mexanika elminin gələcəyi isə interdisipliner yanaşmadadır. Material elmləri, biologiya və ekoloji tədqiqatlar mexanika ilə inteqrasiya olunaraq mürəkkəb, lakin səmərəli sistemlər yaradacaq. Belə ki, müasir mexanikada əldə olunan nailiyyətlər elektroavtomobillərin və yeni təhlükəsizlik sistemlərinin dizaynı, yüngül və dayanıqlı raket materiallarının, tibbi nano-implantlar, protez və reabilitasiya cihazlarının hazırlanmasında mühüm rol oynayır.
Beləliklə, müasir mexanika sahəsi sürətlə inkişaf edir və insan, texnologiya və ekoloji aspektləri birləşdirir. Hesablama texnologiyaları, smart materiallar, nanomexanika, biomexanika və süni intellekt mühəndislərə daha effektiv, adaptiv və dayanıqlı sistemlər yaratmağa imkan verir. Beynəlxalq konqresdə aparılan müzakirələr mexanika elm sahəsi üçün əhəmiyyətli və uğurlu olacaq.
Çıxış edənlərdən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və İstanbul Texniki Universitetinin prorektoru professor Şənol Ataoğlu universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların qlobal problemlərin həllinə yönəldilməsi barədə fikirlərini bölüşüb, beynəlxalq konfransın əhəmiyyətini vurğulayıblar.
Daha sonra konfrans işini çoxsaylı bölmə iclasları ilə davam etdirib.
Konqresin plenar iclasında müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının rəhbərləri, elm adamları, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Xatırladaq ki, 2025-ci il sentyabrın 2-də işinə başlayan və 5-nədək davam edəcək "Mexanikada yeni trendlər" (New Trends in Mechanics) I Beynəlxalq Elmi Konqresi Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun əsas təşkilatçılığı ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Fizika İnstitutu və digər universitet və elmi-tədqiqat institutlarının dəstəyi ilə təşkil olunub.
Bakı və Quba şəhərlərində keçiriləcək paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konfransda strukturlar (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və kompozit materiallar mexanikası sahələrində 150-yə qədər elmi məruzə dinləniləcək.
Elşən QƏNİYEV,
"Azərbaycan"