Qələm dostları şair Sərdar Əsədi belə xatırlayırdılar
Dövrünün ustad şairlərindən olmuş Sərdar Əsəd 1929-cu il avqust ayının 29-da Cəbrayılın Soltanlı kəndində dünyaya göz açıb. Onun atası Heydər kişi kəndli, anası Həsyə xanım təhsil görməmiş qadın olub.
Sərdarın doğulduğu illərdə ölkədə siyasi vəziyyət, ictimai vəziyyət çox dumanlı və mürəkkəb idi. Yeni qurulmağa başlayan sovet dövləti əvvəlki cəmiyyətdə, sistemdə olanları "köhnə" hesab edərək hamısının üstündən xətt çəkir, kollektivləşmə dalğası tüğyan edirdi. İllərdən, əsrlərdən bəri formalaşmış qaydalara öyrəşmiş, adət etmiş insanlar kollektivləşməni qəbul etmir, ona qarşı müxtəlif formalarda etirazlarını bildirirdilər.
Sərdarın atası Heydər kişi də kollektivləşməni qəbul etməyənlərdən biri idi. O, yeni qurulmuş hökumətin qanunları ilə barışmayaraq qaçaqlara qoşulmuşdu. Buna görə də bolşeviklər onun ailəsini, o cümlədən balaca Sərdarı, anasını və böyük bacısını gedər-gəlməzə - Sibirə sürgün etmişdilər. Buna görə də gələcəyin böyük şairi kiçik yaşlarından sürgünlük həyatı yaşamış, əzab-əzyyətlər içində böyümüşdü. Sürgünlük həyatı Sərdarın həyata baxışında, gələcək yaradıcılığında dərin iz qoymuşdu.
Sərdar Əsəd 1955-ci ildə keçmiş APİ-nin Filologiya fakültəsini bitirmişdi. O, 1958-1963-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində çalışmışdı. Oxucuların heç vaxt unutmadığı, zaman-zaman xatırladığı Sərdar Əsəd ədəbiyyat aləminə 50-ci illərdə gəlmiş və yaradıcılıqları ilə ədəbiyyatımıza böyük töhfələr vermiş Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən olmuşdur. Sərdar Əsəd Məmməd Araz, Əli Kərim poeziyasının vurğunuydu. Bir-birləri ilə dostluq edirdilər, görüşürdülər. Söhbətlərinin mövzusu həmişə ədəbiyyatdan olurdu. Sevilən şair Əli Kərimin vaxtsız ölümü Sərdarı sarsıtmışdı.
50-ci illərin ortalarından bədii yaradıcılığa başlayan Sərdar Əsəd Azərbaycan ədəbiyyatına yeni mövzular, yeni formalar gətirdi. Onun yaradıcılığı, dili, üslubu, poetik sözü əzəməti və qüdrəti ilə oxucuların diqqətini cəlb edirdi. Sərdar Əsəd 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində öz həyat yolunun çətinliklərini nəzmə çəkmişdi. Yaradıcılığının lap erkən çağlarında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqramı da saymaq olar.
Bu günə qədər ana haqqında çox şeirlər yazılıb. Yəqin ki, hələ bu gündən sonra da yazılacaq. Sərdar Əsəd də bu mövzuda bir-birindən gözəl şeirlər yazmışdır. Şairin ana haqqında qələmə aldığı şeir başqalarından yeni nəfəsi, duyum dərinliyi, bənzərsiz ifadə tərzi ilə seçilirdi. Sanki şair sözlərlə həm özünün, həm də anasının rəsmini çəkirdi. Qəlbləri oxşayan misraları ilə oxucunun əlindən tutub öz ardınca uşaqlıq illərinə, analı günlərinə aparırdı. Şair həmişə həsrəti ilə yaşadığı uşaqlıq illərini nəzmə çəkərək yazırdı:
Ana, nə deyirdin sən qulağıma,
Bəlkə söyləyirdin yaman kürəm mən,
Mənə deyirdin ki, qaç qucağıma,
Hələ də yanına yüyürürəm mən.
Sərdar Əsədin "Gənclik illəri" adlı ilk şeir kitabı 1957-ci ildə nəşr olunmuşdu. Sonra şairin müxtəlif illərdə "Səni axtarıram" , "Yanan memar", "Cərrah ürəyi", "Simlərin tufanı", "Yer ulduzu", "Dağları aşdı sellər", "Gözəl", "Meşədə qonaqlıq" kitabları işıq üzü görmüşdü. Sərdar Əsədin kitabları yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatında dərin iz qoymuş N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu. Bu kitablar indiyəcən oxucular tərəfindən böyük maraq və sevgi ilə qarşılanır. 1977-ci ildə - şairin vəfatından 2 il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr edilmişdir.
Yaradıcılığının zirvəsinə yüksəldiyi bir vaxtda - 30 iyun 1975-ci ildə Sərdar Əsəd dünyasını dəyişdi. Onun ölüm xəbəri yaxınları, doğmaları ilə yanaşı, oxucularını da sarsıtdı. Sərdar Əsədi tanıyanlar, yaradıcılığına yaxından bələd olanlar onu həmişə hörmətlə, ehtiramla xatırlayır, haqqında xoş sözlər danışırlar. Sərdar Əsəd poeziyasının mərkəzində insan amili dayanırdı. Bundan başqa, şairin yaradıcılığından təbiət mövzusu da qırmızı xətlə keçirdi. Onu gördüyü, müşahidə etdiyi hər şey düşündürüb, maraqlandırırdı. Şairin ürəyi, qəlbi sanki heç vaxt boşalmayacaq, daim kükrəyib-daşan dərin bir quyuya bənzəyirdi. Elə buna görə də 46 illik ömründə sözü bitmədi, fikirləri tamamlanmadı. Ömrü kimi yaradıcılığı da yarımçıq qaldı. Bir zamanlar şair şeirlərinin birində yazırdı:
Gedəni gəlməz olur,
Hey fikir daşıyanlar,
Dünyada ölməz olur,
Əzabla yaşayanlar...
Hələ ürəyində neçə-neçə yazılmamış şeir və poemaları qaldı. Adiliyin içində daim qeyri-adilik axtaran Sərdar Əsəd oxucuların qəlbində əbədi yaşayacaq. Heç vaxt unudulmayacaq, xatırlandıqca xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"