İlham Əliyevin
prezidentlik dövrü ən yüksək nəticələrlə əlamətdardır
İnsan arzulamağı sevir...
Çox zaman bu arzular ona əlçatmaz, qismətolmaz kimi görünür...
Boş vaxtlarında,
tək qalanda şirin xəyallara dalır, həyata keçməsi mümkünsüz görünən istəkləri ilə
bağlı müxtəlif planlar qurur, özünü səadət dolu günlərdə necə aparacağını göz qabağına
gətirir...
Hərdən elə olur ki, Allah bizi ülvi, əlçatmaz istəklərimizə
də qovuşdurur!
O zaman xoşbəxtlikdən göyün yeddinci qatına ucalır, yerə-göyə
sığmırıq!
Sonra müəyyən zaman keçir...
Başqa xülyalara
və istəklərə düşürük...
Bir zamanlar həsrətini
çəkdiklərimizin necə adiləşdiyini hiss etmirik!
Sanki bu, belə də olmalı imiş!
Bəli, həyat və əlahəzrət zaman təkcə uzaqda və yüksəkdə
görünən arzuları yox, ömrümüzün digər uğurlarını da adiləşdirə bilir!
Bəlkə yaşamağın gözəlliyi də elə bundadır!
***
Həyatda bir "rekord”
anlayışı da var!
"Ən yüksək” nəticə
anlamındadır.
Elə bir nəticə ki,
yalnız taleyin seçdiyi və sevdiyi insanlar ona nail olurlar.
Rekordların əsl
yeri idman və bir də "Ginnesin rekordlar kitabı”dır.
Sovet dövründə
"əmək rekordları” da dəbdə idi.
Geniş mənada baxanda bu anlayışı bir çox sahələrə
də tətbiq etmək mümkündür:
* ilk dəfə əldə olunan ən yüksək nəticə kimi;
* həyatımızın ən böyük uğuru kimi;
* sosial-iqtisadi nailiyyətlər kimi.
***
İdmanda rekord qırmaq, yaxud Ginnesin kitabına düşmək üçün
bəzən yorulmadan məşq etmək, çalışmaq, peşəkarlığını yüksəltmək kifayət edir.
İctimai-siyasi məsələlərdə, iqtisadiyyatda və sosial həyatda
isə belə deyil!
Təkcə gərgin və yorulmaz fəaliyyət göstərmək azdır!
Rəhbərlik etməkdən
ötrü istedadın, idarəetmə təcrübən, zəngin təfəkkürün, siyasətçi məharətin, uzaqgörənliyin
olmalı, tutduğun yolla və müəyyən etdiyin istiqamətlə dayanmadan, möhkəm iradə ilə
irəliləməyi bacarmalısan!
Həm də xalqını və
dövlətini hamıdan çox sevməli, onun sabahı və gələcəyi barədə daim düşünərək qərara
aldığın addımları ölçülü-biçili şəkildə, vədəsində reallaşdırmalısan!
Biz hamımız gözəl
bilirik ki, Azərbaycanı məhvolmadan, yenidən kiçik xanlıqlara parçalanmadan, vətəndaş
müharibəsindən, xaos və anarxiyadan, ümummilli böhrandan Heydər Əliyev zəkası xilas
etdi!
Müstəqil Azərbaycanı
qısa müddətdə Cənubi Qafqazın ən modern və qüdrətli dövlətinə, dünyada söz və nüfuz
sahibinə, dünyanın bugünü və gələcəyi ilə bağlı mövcud problemlərin müzakirə edildiyi
məkana, beynəlxalq idman yarışlarının ən yüksək səviyyədə təşkil olunduğu və keçirildiyi
ölkəyə, müasir, demokratik imic sahibinə isə Prezident İlham Əliyev çevirdi!
Azərbaycan artıq
həm də rekordlar diyarıdır!
Ən müxtəlif sahələri,
xalqın güzəranı ilə bağlı ən mühüm məqamları əks etdirən rekordlar!
Eyni zamanda, idman sahəsində də qazanılan maraqlı rekordlar!
***
Ölkəmizin müstəqillik yaşı cəmi 28-dir!
Amma bunun heç də hamısı inkişafa və quruculuğa həsr edilməyib.
Köhnə iqtidarlar dövründən qalan xoşagəlməz "mirasların”,
iqtisadi böhranın doğurduğu fəsadların, sayı bir milyonu keçən qaçqın və məcburi
köçkünlərin problemlərinin aradan qaldırılmasına xeyli zaman sərf edilib!
Yeni rekordlarla
əlamətdar olan inkişaf mərhələsinə çıxmağımızdan isə vur-tut 16 il keçir!
Söylədiklərimiz aydın olsun deyə bəzi müqayisələr aparmaq
istəyirik!
Həm də çalışacağıq ki, mümkün qədər az rəqəmlər gətirərək
oxucularımızı yormayaq!
Hamının gördüyünü,
bildiyini, gündəlik həyatında rastlaşdıqlarını bir daha xatırladaq!
***
Ötən əsrin 90-cı illərində yaşayanlar həmin dövrdə hər
gün üzləşdikləri çətinlikləri, bəlkə də məhrumiyyətləri hələ də unutmayıblar!
İndiki müstəqil Azərbaycan
28 il bundan qabaqkı Azərbaycan deyil!
Və kimsə inanmazdı
ki, qısa müddətdə bu qədər dəyişə!
Tez-tez elektrik
enerjisi kəsilər, hətta kəndlərə, rayon mərkəzlərinə sutkada 7-8 saat verilər, təbii
qaz qəhətə çıxar, yanacaqdoldurma məntəqələrində benzin almaq üçün uzun növbələr
yaranar, yaxud benzin şlanqlarını aparatlara dolayaraq sürücülərə "yanacaq yoxdur”
mesajı çatdırılardı!
Bəli, bu gün Avropaya neft-qaz satan, qonşu ölkələrə elektrik
enerjisi ixrac edən Azərbaycan yaxın keçmişdə zülmətdə boğular, insanlar qış aylarında
mənzillərində soyuqdan əziyyət çəkərdilər...
Sonra vəziyyət büstbütün
dəyişdi:
Müharibə vəziyyətində olan kiçik ölkə qısa zaman kəsiyində
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi ixrac boru kəmərlərini, Bakı-Tbilisi-Qars
dəmir yolu xəttini çəkərək işə saldı.
Gələn il isə "Cənub qaz dəhlizi” bütövlükdə istismara veriləcəkdir.
Maraqlı bir rəqəm: boru kəmərlərinin birgə uzunluğu
6.240 kilometrdir!
Hansı dövlət dörd
transmilli layihə reallaşdıraraq az müddətə bu uzunluqda kəmər çəkib!
Özünəməxsus rekord
deyilmi?!
Bu rekordu kiminsə
təzələyəcəyinə güman belə yoxdur!
Amma indi bizə adi
kəmərlər də adi layihələr kimi gəlir...
Hətta bəzən necə
çəkildiyini, indi də dayanmadan işlədiyini unuduruq!
Çünki adiləşiblər,
həm də yeni möhtəşəm işlər görülüb, rekordlar yenilənib, müəyyənləşib!
***
Hər bir dövlət başçısı istər ki, rəhbərlik etdiyi ölkə
dünyada tanınsın, sayılıb-seçilsin, səsi və sözü eşidilsin!
Hər bir dövlət başçısı istər ki, iqtisadiyyatı güclənsin,
vətəndaşı yaxşı yaşasın!
Lakin arzu etmək
bir şeydir, onu reallığa çevirmək isə başqadır!
Bunun üçün müdrik
və uzaqgörən siyasət yürütməlisən, sahələr arasında düzgün mütənasiblik qurmalısan,
büdcəyə ilbəil artan formada və kifayət qədər vəsait daxil olmasını təmin etməlisən
və ən nəhayət, xalqını sevərək onun rifahını yüksəltmək üçün daim yollar tapmaqla
istəyini təmin etməyi bacarmalısan!
Azərbaycan son dövrdə
düşünülmüş, davamlı və sürətli inkişaf ilə rekordçu dövlətlər sırasına qatılmışdır!
Bir neçə məqama diqqət
yetirək:
* Özünəməxsus inkişaf modeli yaradan Azərbaycan bir müddət
il ərzində ÜDM istehsalını 3 dəfədən çox artıraraq Cənubi Qafqazın ən güclü dövlətinə
çevrilmiş, bazar iqtisadiyyatı münasibətlərinə keçidi başa çatdırmış, inkişaf etmiş
ölkələr sırasına qoşulmuşdur;
Lap sonuncu beynəlxalq qiymətləndirmə:
* Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik
Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək 141 ölkə içərisində
62,7 balla 58-ci yerdə qərarlaşıb;
* Son hesabata əsasən Azərbaycan 141 ölkə arasında ən yüksək
yüksəliş balı (11 bal) əldə edib. Ölkəmiz bu nəticə ilə Cənubi Qafqaz dövlətləri
arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir;
* Fəzaya 3 peyk qaldıraraq kosmik ailələr klubunun üzvü
olmuşdur;
* İqtisadiyyatına 270 milyard dollar vəsait yatırılmışdır;
* 15-dən çox elektrik stansiyası tikilmişdir;
* 4 böyük su anbarı yaradılaraq minlərlə kilometr uzunluğunda
su kanalları çəkilmişdir;
* Onlarla zavod və fabrik, sənaye məhəlləsi və aqropark
istismara buraxılmışdır;
* 44 Olimpiya İdman Kompleksi, 650-dən çox tibb müəssisəsi,
3 mindən artıq məktəb tikilmişdir;
* Qazlaşdırma 96 faizə çatdırılmışdır;
* 16 min kilometrdən çox yol, 450-dən çox körpü salınmışdır;
* 106 qaçqın və məcburi köçkün şəhərciyi və yaşayış kompleksi
inşa olunmuşdur;
* Qaçqın və köçkünlərə, şəhid ailələrinə, əlillərə, müharibə
veteranlarına, jurnalistlərə dövlət hesabına tikilərək təmir olunan mənzillər verilmişdir;
* Azərbaycan brendi sayılan 16 "ASAN xidmət” mərkəzi öz
qapılarını ölkə vətəndaşlarının üzünə açmışdır;
* İşsizlik və yoxsulluq 50 faizdən 5 faizə endirilmişdir;
* Təkcə bir il ərzində iki sosial paket gerçəkləşdirilərək
minimum əməkhaqqı iki dəfəyədək, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin
aylıq təqaüdləri 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılmış,
problemli kreditlər dövlət hesabına yoluna qoyulmuşdur!
Hamısını saymaq mümkün
deyil!
Bütün bunlar cəmi
16 ildə baş vermişdir!
Hansı dövlətdə az
bir vaxtda bu qədər işlər görülmüşdür!
***
* Sovet dövrünün ən böyük ağrılarından biri də mənzil çatışmazlığı
idi.
İnsanlar yataqxanalarda ailə qurub, yataqxanalarda qocalırdılar!
Mənzil almaq üçün 5 il bir yerdə işləyərək növbəyə durmalı,
15-20 il gözləməli idin!
Son 16 ildə Azərbaycan
başdan-başa yenidən tikilərək qurulub!
Dövlətimizin mövcud
olduğu yüz il ərzində heç zaman indiki qədər quruculuq və abadlıq işləri görülməmiş,
insanlar özlərinə istədikləri formada, gen-bol mənzillər tikərək həyat şəraitlərini
yaxşılaşdırmamışlar!
Hər kəs özünə istədiyi qədər, istədiyi markada, ən müxtəlif
ölkə istehsalı olan avtomobil ala bilir.
Hər ailənin az qala bir və ya bir neçə minik maşını, hər
şəxsin bir və ya bir neçə mobil telefonu var!
Bütün bunlar Azərbaycan
vətəndaşlarının həyat səviyyəsinin göstəriciləridir!
***
Daha bir rekordumuz
ölkə vətəndaşlarının istirahəti və ölkəmizə turist axını ilə bağlıdır.
Sovet dövründə sərhədlər üzümüzə bağlı idi!
Onları özgə dövlətlərin əsgərləri qoruyurdu və ölkədən
çıxmaq üçün özgə dövlətin Xarici İşlər Nazirliyindən icazə almalı idik.
Üstəlik, xaricə getmək üçün yaşadığımız rayonun partiya
komitəsinin bürosu bizə "müsbət xasiyyətnamə” verməli idi.
Çox az insanlar xaricə - sosialist ölkələrinə istirahət
yerlərinə gedə bilərdilər (əsasən tanınmış əmək adamları).
Kapitalist dövlətlərinə kimsə buraxılmazdı!
Yalnız dövlət xətti ilə və dövlət icazəsi ilə getmək mümkün
sayılırdı.
Bir vaxtlar bizə əlçatmaz görünən qardaş Türkiyəni indi
su yoluna döndərmişik!
İndi dünyanın ən məşhur, ən bahalı, hətta ən uzaq elə bir
kurortu yoxdur ki, azərbaycanlılar ora getməsin, orada dincəlməsin!
Özü də ailəliklə!
Bakıdan əlavə, regionlarda dörd beynəlxalq aeroportumuz
var!
Bu gün-sabah yeni qatarlarla BTQ dəmir yolu ilə də səyahətə
çıxacağıq!
Necə deyərlər, ayağımız dəyməyən yer qalmayıb!
Əgər bunun bir səbəbi
müstəqilliyin yaratdığı imkanlardısa, digər səbəb vətəndaşlarımızın dövlətin yaratdığı
imkanlardan bəhrələnərək yaxşı vəsait qazanmalarıdır!
Əslində, səyahət
təkcə istəklə yox, həm də pulla baş tutur!
***
Sovet dövründə "turist” deyəndə SSRİ-nin digər müttəfiq
respublikalarından gələnləri başa düşərdik.
Kiçik qruplar Bakıya gələr, əksər hallarda gəldikləri qatarın
vaqonlarından gecələmək üçün istifadə edər və ya heç bir standartı olmayan mehmanxanalarda
qısa müddətə qalardılar.
Çox zaman şəhəri özləri gəzib dolaşar, rusca danışdıqlarından
istədikləri yeri tapardılar.
Baxdıqları yerlər isə bir neçə muzeyimiz olardı...
Bu gün isə Bakı dünyanın
ən gözəl şəhərlərindən birinə çevrilib!
Dünyanın hər yerindən
bura yüzlərlə millətin milyonlarla nümayəndəsi axışır.
İldən-ilə sayları
da artır!
Dünya standartlarına cavab verən 3,4,5 ulduzlu hotellərimiz,
bir-birindən səfalı istirahət məkanlarımız var!
Dənizkənarı bulvar,
qədim İçəri şəhər, idman arenaları, paytaxtın görməli yerləri gün ərzində fasiləsiz
olaraq dolub-boşalır.
Hələ regionları demirik:
Qobustan, Şahdağ, Quba, Qəbələ, Şəki və daha haralar...
Təhlükəsiz ölkə,
gözəl iqlim və təbiət, mehriban və gülərüz insanlar, dadlı mətbəx insanları müstəqil
Azərbaycana cəlb edir!
Bütün bunlar qısa
müddətdə yaradılıb!
Turist qəbulunda
isə hər il təzələnən yeni rekordlarımız müəyyənləşir!
***
İdman sahəsində də təkcə idmana məxsus olmayan rekordlarımız
çoxdur!
BİRİNCİSİ, ən qısa müddətdə möhtəşəm Olimpiya stadionu,
Bədii gimnastika, Su idmanı arenaları, Atıcılıq mərkəzi, Velotrek və digər müasir
idman qurğuları inşa olunub, köhnələri isə əsaslı yenidənqurma ilə təzələnib!
İKİNCİSİ, artıq Azərbaycan Olimpiya oyunlarında, Avropa
və dünya çempionatlarında, beynəlxalq yarış və turnirlərdə daim iştirak edir, həm
də komanda ilə!
HALBUKİ müstəqilliyin ilk illərində xarici ölkələrdəki
yarışlara idmançı göndərməyə pul tapmırdılar...
ÜÇÜNCÜSÜ, Azərbaycan özü ən möhtəşəm yarışların təşkilatçısı
- I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula - 1” və UEFA Avropa
Liqasının finalına, XV Avropa Gənclər Olimpiya Festivalına uğurla evsahibliyi edərək
"müasir idman dövləti” imicini qazanmışdır!
Və ƏN NƏHAYƏT, Azərbaycan idmançılarının son illərdə beynəlxalq
səviyyəli yarışlarda qazandıqları medalların sayı-hesabı yoxdur!
1996-cı ildə keçirilən
Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan cəmi 1 gümüş medal
(sərbəst güləşçimiz Natiq Abdullayev) qazanmışdı.
Sonuncu, 2016-cı
ilin Rio-de-Janeyro Olimpiya oyunlarında isə rekord sayda - 18 medala (1 qızıl,
7 gümüş, 10 bürünc) sahib çıxdıq!
Son 6 Olimpiya oyunlarında
44 medal əldə olunub!
Müstəqillik dövründə dünya, Avropa birinciliklərində, beynəlxalq
yarışlarda o qədər medal qazanmışıq ki, hesablayıb dəqiq yekun rəqəmini müəyyənləşdirə
bilmədik. Medalların təxmini sayı isə belədir:
* Cəmi medallar 10 mindən çoxdur;
* Qızıl medallar isə 3 mini keçir.
Bütün bu nailiyyətlər
həm də ona görə qazanılıb ki, dövlətimizin idman siyasətinə, Milli Olimpiya Komitəsinə
Prezident İlham Əliyev şəxsən rəhbərlik edir!
Azərbaycan dövlətinin
rekordları dünyanın diqqətindən kənarda deyil!
Bütün bunları beynəlxalq
qurum və təşkilatlar lazımınca dəyərləndirir və müxtəlif formada qiymətləndirir.
Qiymətləndirmə formalarından biri də uğur və nailiyyətlərimizin
müxtəlif reytinq siyahılarında əks olunmasıdır.
MƏSƏLƏN:
* Bir neçə il dalbadal "Qlobal Rəqabətlilik Hesabatı”na
düşən Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu
ölkə kimi göstərilmişdir!
* Dünya Bankı tərəfindən hazırlanan "Doing Business
2017” hesabatında əvvəlcə 65-ci pillədə dayanan Azərbaycana 2020-ci il üçün 20-ci
yer ayrılmışdır. Bu həm də o deməkdir ki, Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsindən
biridir!
ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin bu
il hazırladığı "İqtisadi Azadlıq İndeksi 2019” adlı hesabatda Azərbaycan 7 pillə
irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Yeni tərtib olunmuş indeksdə Azərbaycan
65,4 bal toplamaqla 180 ölkə arasında 60-cı yeri tutub. İndeksdə bildirilir ki,
Azərbaycan "əmlak hüququ”, "investisiya azadlığı”, "dövlət xərcləri”, "məhkəmə sisteminin
effektivliyi” və "hökumət bütövlüyü” kimi kateqoriyalar üzrə mövqelərini xeyli yaxşılaşdırıb.
Bundan başqa, "Moody.s”, "Standard & Poor.s”, "Fitc
Ratings” reytinq agentliklərinin hesabatlarında ölkəmizin iqtisadiyyatı, mövcud
sosial və siyasi sabitliyi ilə bağlı müsbət proqnozlar verilmişdir.
Bütün bu rəy və qiymətləndirmələr
xoş və ürəkaçan olmaqla yanaşı, həm də cənab İlham Əliyevin gərgin və məqsədyönlü
fəaliyyətinin beynəlxalq miqyasda əks olunan nəticələridir.
***
Hələ müstəqillik yoluna yeni qədəm qoymuşuq!
Hələ hədəflərimiz çox, mənzilbaşı isə uzaqdadır!
Amma ilkin nəticələr qürur və fərəh doğurur!
Həm də göstərir ki, yolumuz ən doğru və aydın yoldur!
Yolumuz uğur və qələbələr
yoludur!
Bu yol İlham Əliyevin
rəhbərliyi ilə birlikdə getdiyimiz müstəqillik yoludur!
Sonralar adiləşən
rekordların dalbadal qazanıldığı yüksəliş yoludur!
Bəxtiyar SADIQOV