25 İyun 2020 02:15
2749
Təhsil
A- A+
ADA Universitetindən növbəti beynəlxalq layihə

ADA Universitetindən növbəti beynəlxalq layihə


Doktorantura proqramı gənc hüquqşünas alim kimi formalaşmaq arzusunda olanlara təkrarsız fürsətdir

Azərbaycanın ali təhsil ocaqları arasında xüsusi yeri olan ADA Universiteti fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif ölkələrin tanınmış universitetləri ilə əməkdaşlıq edir, əcnəbi tələbələrin cəlbi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir, qarşılıqlı memorandumlar imzalayır, çoxsaylı beynəlxalq layihələr, proqramlar həyata keçirir. Belə proqramlardan biri də ADA Universitetinin Martin Lüter adına Halle-Vittenberq Universitetinin (MLU) birgə əməkdaşlığı ilə təqdim etdiyi hüquq üzrə doktorantura proqramıdır. ADA Universitetinin Hüquq Proqramının direktoru Rəşad İbadovdan bu proqramın məqsədi, xüsusiyyətləri, üstünlükləri, qəbul qaydaları haqda aldığımız müsahibəni oxuculara təqdim edirik.

- ADA Universitetinin Martin Lüter adına Halle-Vittenberq Universitetinin (MLU) birgə əməkdaşlığı ilə təqdim etdiyi hüquq üzrə doktorantura proqramının əsas məqsədi nədir?

- Öncə onu qeyd edim ki, ADA Universitetinin Hüquq Proqramı 2018-ci ildə yaradılıb. Bu proqram mükəmməl hüquq biliyinə, analitik və kritik hüquq düşüncə tərzinə və hüquqi müqayisə aparmaq bacarığına sahib, hüquq ilə cəmiyyətin digər sahələrindəki əlaqəni çevik şəkildə dəyərləndirməyi bacaran, peşəkar və effektiv kommunikasiya vərdişlərinə malik olan, qlobal hüquq çağırışlarına cavab verən və oturuşmuş etik dəyərlər nümayiş etdirən hüquqşünasların yetişdirilməsini nəzərdə tutur.

Bu məqsədləri və Hüquq Proqramının elmi-hüquqi tədqiqat strategiyasını nəzərə alaraq, ADA Universiteti Avropanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlığa başlayıb və bir neçə ABŞ universitetləri ilə oxşar məzmunlu akademik əlaqələrin qurulmasını yaxın gələcək üçün qarşısına məqsəd qoyub. Bu istiqamətdə Almaniyanın tarixən nüfuzlu və müasir alman hüquq təhsilində ciddi elmi çəkiyə malik olan Martin Lüter Universiteti ilə birgə hazırlanmış Hüquq üzrə Doktorantura Proqramını misal göstərmək olar. Doktorantura proqramının əsas məqsədi ADA Universitetinin Hüquq Proqramının müasir hüquq təhsili standartlarına uyğun daimi inkişafını, MLU-da hüququn əsas sahələri üzrə doktorluq dərəcəsi almış perspektivli alim hüquqşünasların, professor-müəllim heyətinin tədrisə cəlb edilməsi ilə təmin etməkdən ibarətdir.

Doktorluq proqramının bir neçə vacib xüsusiyyətlərini qeyd etmək yerinə düşərdi. Belə ki, proqramın kurrikulumu hər bir doktorant tələbə üçün fərdi şəkildə və elmi rəhbərin razılığı əsasında tərtib olunur. Doktorluq proqramının ortalama müddəti 4 il yarımdır və bu müddət ərzində tələbələrin daimi olaraq Almaniyada yaşaması tələb olunur. Elmi-hüquqi tədqiqatın əhəmiyyətli hissəsi Almaniyada həyata keçirildikdən (ortalama 2-3 il) sonra müstəsna hallarda və elmi rəhbərin razılığı əsasında doktorant tələbələr daimi əsaslarla Azərbaycana qayıda və ya doktorluq işinin müəyyən araşdırmasını digər universitetdə apara bilərlər. Bundan əlavə, tələbələr doktorantura proqramının tədqiqat mərhələsini bitirdikdən sonra müəyyən qısa zaman intervallarında Azərbaycana qayıdaraq ADA Universitetində müvafiq akademik işlərlə (məsələn, seminar və vorkşoplar təşkil etməli, elmi məruzələrlə çıxış etməli) məşğul olmalıdırlar.

Doktorluq dissertasiyası yalnız ingilis və ya alman dilində yazıla bilər. Lakin onu da vurğulamaq lazımdır ki, bütün doktorant tələbələr MLU-da təklif olunan müvafiq hüquq fənlərini alman dilində uğurla başa vurmalıdırlar. Bu baxımdan namizədlərin müvafiq dilləri bilməsi və ya öyrənməsi (ingilis dili üzrə minimum 6.5 bal IELTS və ya minimum 85 bal TOEFL nəticəsi; alman dilindən ən az B2 səviyyə) tələb ediləcək. Təhsil müddətində hər bir tələbə 1.500 avro məbləğində aylıq təqaüdlə təmin olunacaq. MLU tələbələrə yaşayışla bağlı müvafiq texniki dəstək də (məsələn, ev və ya yataqxana tapılması, viza məsələlərinin həlli və s.) göstərəcək. Təqaüdlər yalnız doktorant tələbənin yaşayış xərclərini əhətə edəcək. Tələbənin ailəsinin və ya öhdəliyində olan şəxslərin xərclərinin ödənilməsi bu proqramda nəzərdə tutulmayıb. Təhsil müddətində doktorantura proqramının tələblərini yerinə yetirməyən tələbələrin təqaüdləri dayandırıla bilər.

- Doktorantura proqramına 6 nəfər uğurlu namizəd seçiləcək. Bu isə namizədlər arasında rəqabətin yüksək olacağından xəbər verir. Namizədin uğurlu hesab edilərək proqrama qəbul olunması üçün hansı göstərici və keyfiyyətlərinə xüsusi diqqət yetiriləcək?

- Doktorantura proqramına 6 namizədin hüququn əsas sahələri - mülki hüquq, cinayət hüququ və administrativ hüquq üzrə seçilməsi hədəflənib. Bu baxımdan seçim prosesində əsas göstərici və keyfiyyətlərlə yanaşı, namizədlərin hüquq təhsilində əldə etdiyi göstəricilər, hüquqşünaslıq fəaliyyəti üzrə təcrübəsi və ya elmi-hüquqi tədqiqat sahəsində əldə etdiyi uğurlar, bu proqrama maraq göstərməsinin səbəbləri, təklif edilən elmi-tədqiqat mövzusunun əhəmiyyəti və aktuallığı, habelə tələb olunan dilləri bilməsi kimi bacarıqlar əsas meyar kimi götürüləcək.

- Qəbul prosesi neçə mərhələdən ibarətdir və hansı formada aparılacaq? Namizədlərin proqrama qəbulla bağlı müsbət nəticələri nə vaxt açıqlanacaq?

- Qəbul prosesi şəffaf, obyektiv və bərabərlik şəraitində aparılacaq. Bu mənada ADA Universitetinin Hüquq Proqramı və Martin Lüter Universitetinin Hüquq fakültəsinin professorlarından ibarət komitə formalaşdırılıb. Elanda göstərilən qaydalara müvafiq şəkildə sənədlərin elektron poçt vasitəsilə qəbulu başa çatdıqdan sonra komitə hər bir namizədin ərizəsini əhatəli şəkildə dəyərləndirəcək (I mərhələ) və uğurlu namizədlər müsahibə mərhələsinə (II mərhələ) dəvət ediləcəklər. Müsahibələr onlayn rejimdə təşkil ediləcək, ingilis və ya alman dilində aparılacaq. Komitə namizədlərin seçim prosesini iyul ayının sonundan gec olmayaraq başa çatdırmağı hədəfləyir. Bundan sonra müsahibə mərhələsindən uğurla keçmiş namizədlər oktyabr ayınadək ADA Universitetində təşkil olunacaq doktorantura proqramına ilkin hazırlıq və alman dili kurslarına cəlb ediləcəklər. Eyni məzmunlu hazırlıq kursları oktyabr - aprel ayları ərəfəsində MLU-da təşkil ediləcək. Aprel ayından etibarən doktorant tələbələr MLU-da elmi-hüquqi tədqiqat sahələrinə uyğun fənlərdə iştirak edəcəklər.

- Hüquq üzrə Doktorantura Proqramı "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Bu barədə əlavə məlumat vermənizi xahiş edirik.

- Ölkəmizdə milli təhsilin müasir təhsil standartlarına uyğunlaşdırılmasını təmin etmək, habelə qabaqcıl bilik və təcrübənin Azərbaycanın dövlət və özəl sahələrində tətbiq edilməsinə nail olmaq məqsədilə yüzlərlə gənc azərbaycanlının nüfuzlu universitetlərdə təhsil alması maliyyələşdirilib. Bu strategiyanın tərkib hissəsi olaraq müvafiq Dövlət Proqramı doktorantura səviyyəsi üzrə təhsil proqramlarının təşkil edilməsi üçün geniş imkanlar təklif edir. "Təhsil haqqında” qanunun 5.4-cü maddəsinə, habelə Dövlət Proqramının mahiyyətinə müvafiq olaraq, komitə doktorantura proqramına ən layiqli namizədlərin seçilməsini qarşısına məqsəd qoyub.

- Sözügedən doktorantura proqramı məzunlarının əldə edəcəkləri əsas üstünlük və nailiyyətlər hansılar olacaq?

- Əvvəla, onu vurğulamaq lazımdır ki, doktorantura proqramını bitirmiş şəxslər Martin Lüter Universitetinin hüquq üzrə fəlsəfə diplomunu əldə edəcəklər. Bundan başqa, doktorant tələbələr geniş mənada alman hüquq sistemini müqayisəli şəkildə öyrənmək, alman hüquq təhsilinin məqsədlərini qavramaq və müvafiq hüquq sahəsi üzrə ciddi elmi-hüquqi tədqiqat apararaq, həmin sahənin incəlikləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Başqa sözlə, doktorantura proqramı gənc hüquqşünas alim kimi formalaşmaq arzusunda olan şəxslər üçün təkrarsız fürsətdir. Bundan başqa, proqram elmi-hüquqi mühitin daha da zənginləşdirilməsinə, müxtəlif sahələr üzrə hüquq dərsliklərinin hazırlanmasına və ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradılmasını hədəfləyib.

- Alman təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında nəzəri və praktiki baxımdan özünəməxsus fərqlər mövcuddur. Tələbələrin bu fərqləri və alman hüquq sisteminin əsas keyfiyyətlərini dərindən öyrənməsi üçün proqramın kurikulumu və strukturu hansı formada qurulub?

- Məlumdur ki, yerli hüquq təhsilimiz keçmiş sovet və rus hüquq təhsilindən əsaslı şəkildə bəhrələnib. Lakin sovet və rus hüquq təhsili özü-özlüyündə alman hüquq təhsili modelindən ciddi şəkildə təsirləndiyinə görə, Azərbaycan hüquq təhsili ilə alman hüquq təhsili modeli arasında fərqliliklərdən əlavə, bəzi struktural və pedaqoji oxşarlıqlar da müşahidə etmək mümkündür. Bundan əlavə, Azərbaycan Respublikasında bir neçə əhəmiyyətli qanun layihələri alman qanunvericiliyi əsasında və ya alman hüquqşünas ekspertlərin birbaşa iştirakı ilə hazırlanıb. Bunların arasında "İnzibati İcraat haqqında Qanun”, "İnzibati Prosesual Məcəllə”', "Şəhərsalma və Tikinti Məcəlləsi”, "Mülki Məcəllə”, "Mülki Prosesual Məcəllə”, "Beynəlxalq Xüsusi Hüquq haqqında Qanun” və "Beynəlxalq Arbitraj haqqında Qanun” kimi əhəmiyyətli normativ-hüquqi aktları misal göstərmək olar. Bu prosesin davamı olaraq bir çox azərbaycanlı hüquqşünaslar Almaniyada hüquq təhsili alaraq hazırda ölkəmizdə dövlət və özəl sektorda fəaliyyət göstərirlər. Bu baxımdan, alman hüquq təhsilinin Azərbaycanın hüquq təhsili və hüquq sisteminin formalaşdırılmasındakı rolu olduqca əhəmiyyətli hala çevirilməkdədir və bu təsir növbəti illərdə getdikcə daha da artacaq. Lakin bütün bu inkişaf perspektivlərini nəzərə alaraq qeyd etmək lazımdır ki, yerli hüquq təhsilində hər hansı bir hüquq təhsili modelinin "copy & paste” formatında tətbiqinə yol vermək olmaz. Bu səbəbdən milli hüquq təhsili və hüquq sisteminin formalaşdırılması məqsədilə müqayisəli hüququ, xüsusilə də alman, fransız və ingilis hüquq sistemlərini dərindən bilən alim hüquqşünasların yetişdirilməsinə böyük ehtiyac var.

Bir çox Avropa universitetlərinin təcrübəsində mövcud olduğu kimi, müvafiq doktorantura proqramında da kurikulum doktorant tələbə ilə elmi rəhbər arasında razılaşma əsasında formalaşdırılır. Lakin bu qaydada müstəqil yanaşmanın olmasına baxmayaraq, doktorantura proqramının kurikulumu ümumi şəkildə aşağıdakı formada strukturlaşdırılıb:

- 1-ci mərhələ doktorantura pilləsinə hazırlığı və alman dilinin öyrədilməsinin təkmilləşdirilməsini nəzərdə tutur;

- 2-ci mərhələ tələbələrin müvafiq hüquq fənlərində iştirak edərək sahə üzrə biliklərinin zənginləşdirilməsini əhatə edir;

- 3-cü mərhələ elmi-hüquqi tədqiqatın aparılması və doktorluq dissertasiyasının ilkin variantının hazırlanması ilə başa çatır;

- 4-cü mərhələ doktorluq dissertasiyasının son variantının hazırlanmasını və müdafiə üçün təqdim edilməsini nəzərdə tutur.

- Bilirik ki, doktorant tələbələr proqram ərzində həm ADA, həm də MLU-nun professor-müəllim heyətinin akademik dəstəyindən yararlanacaqlar. Doktorantura tezisinin müdafiəsində hansı universiteti təmsil edən elmi-rəhbərin rəyi əsas götürüləcək?

- Doktorluq dissertasiyası MLU-da əvvəlcədən razılaşdırılmış professorların elmi rəhbərliyi altında yazılmalı və müvafiq daxili qaydalar çərçivəsində MLU-da müdafiə olunmalıdır. ADA Universitetinin professor-müəllim heyəti müxtəlif metodoloji və elmi məsləhətlər verəcək, həmçinin doktorant tələbələrin elmi-hüquqi tədqiqat mövzusundan asılı olaraq, yardımçı elmi-rəhbər kimi çıxış edə biləcəklər.

- Proqram məzunları Azərbaycana qayıtdıqdan sonra əldə etdikləri bilik və təcrübələri məhz ADA Universitetində tətbiq edəcəklər?

- Əvvəldə qeyd etdiyim kimi, Hüquq üzrə Doktorantura Proqramının əsas məqsədi ADA Hüquq Proqramının professor-müəllim heyətinin fəaliyyətinin daha da gücləndirilməsinə xidmət etməkdir. Lakin vurğulamaq lazımdır ki, Azərbaycana qayıtdıqdan sonra doktorant tələbələr üzərində ADA Universitetində çalışmaq kimi öhdəlik qoyulmayıb. Bu seçim - ADA Universitetinin professor-müəllim heyətinin tərkib hissəsi olmaq istəyi tərəflərin qarşılıqlı tələbləri və gözləntiləri əsasında təşkil ediləcək.

- Pandemiya dövründə onlayn və ənənəvi təlim-tədrisə sürətli keçidin şahidi olduq. Hüquq üzrə doktorantura proqramında onlayn komponentlərdən istifadə ediləcəkmi?

- Ümumiyyətlə, onlayn vasitələrdən istifadə ADA Universitetində təklif olunan tədris prosesinin təməlində duran əsas elementlərdən biridir. Təbii ki, bu proqramda da müxtəlif onlayn seminarlar, vorkşoplar və qonaq mütəxəssislərin təqdimatlarının təşkili nəzərdə tutulur.

- ADA Universitetində mütəmadi olaraq müxtəlif proqramlarla bağlı onlayn Məlumat Sessiyaları və vebinarlar keçirilir. Yaxın gələcəkdə hüquq üzrə doktorantura proqramına uyğun MLU ilə birgə Məlumat Sessiya və ya vebinar planlaşdırılırmı?

- Hələ ki, belə bir vebinarın təşkili nəzərdə tutulmayıb. Lakin maraqlı şəxslər elanda göstərilmiş müvafiq e-mail və telefon nömrələri vasitəsilə əlaqə saxlayıb suallarını ünvanlaya bilərlər.

Xəyalə MURADLI,

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!