AÇG yataqlarının işlənməsinin növbəti mərhələsi başlayır
Xəzərdə yeni "Azəri-Mərkəzi-Şərqi” platforması ucalacaq
"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsinin növbəti mərhələsi olan "Azəri-Mərkəzi-Şərqi” layihəsi təsdiqlənib. AÇG-nin işlənməsi üzrə Rəhbər Komitə tərəfindən təsdiq olunmuş 6 milyard dollarlıq bu layihəyə yeni dəniz platforması və gündə 100 min barel neft hasilatı təmin edəcək qurğular daxildir.
Platformanın istismar müddəti ərzində 300 milyon barel neft çıxarılması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilin sonuna qədər artırılmasından sonra ilk böyük investisiya qərarıdır.
Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi qüvvəsindən istifadə olunacaq. İnşaat işlərinin ən qızğın dövründə işə 8 min nəfərin cəlb olunacağı gözlənilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "25 il əvvəl "Əsrin müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələsinin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirmişdir. Artıq dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni "Azəri-Mərkəzi-Şərqi” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaratmışdır. AÇG çərçivəsində 3 milyard bareldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.
Yeni layihə ilə bağlı AÇG-nin operatoru olan BP şirkətinin baş icraçı direktoru Bob Dadli fikrini belə ifadə etmişdir: "Birgə fəaliyyətimizin ötən 25 ili ərzində uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirmişdir. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns əlavə olaraq bildirmişdir: "Yeni bəyanat Hasilatın Pay Bölgüsü Sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli planları dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yataqlarının ehtiyatlarını daha da səmərəli və rəqabətədavamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir”.
"Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri” və "Şərqi Azəri” qurğuları arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neftin və qazın Səngəçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədilə yeni yataqdaxili sualtı boru xətləri də inşa ediləcək. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri” Kompressiya və Suvurma Platformasından "Azəri-Mərkəzi-Şərqi”yə nəql etmək üçün yeni qurğu və "Şərqi Azəri” platformaları arasında suvurma boru xətti tikiləcək.
Xatırladaq ki, hazırda AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları belədir: BP (30,37 faiz), SOCAR (25 faiz), "Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), "Equinor” (7,27 faiz), "ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGC Videsh Limited (OVL) (2,31 faiz). AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü Sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və onun müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.
İndiyədək AÇG yataqlarından 3,5 milyard barel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına ötürülür.
2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barel olub. AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilir: İlk Neft Layihəsi çərçivəsində hasilata 1997-ci ilin payızında "Çıraq” yatağından başlanıb. "Azəri” yatağının işlənməsinin birinci mərhələsində 2005-ci ildə "Mərkəzi Azəri” neft verib. "Azəri-2” çərçivəsində 2006-cı ilin yanvar ayında "Qərbi Azəri”dən, 2006-cı ilin oktyabrında isə "Şərqi Azəri”dən hasilat əldə olunub. AÇG-nin üçüncü fazasında "Günəşli” yatağının dərinsulu hissəsi 2008-ci ilin aprelində işə düşüb. "Çıraq” Neft Layihəsində 2014-cü ilin yanvarından "Qərbi Çıraq” da hasilata başlayıb.
1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərzində AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya yönəldilib. Yeni "Azəri-Mərkəzi-Şərqi” layihəsinin başlanğıcı da məhz "Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!