12 Aprel 2023 01:22
1973
SİYASƏT
A- A+

AÇG-nin sərvəti hələ boldur

 

"Azəri Mərkəzi Şərqi" qalan ehtiyatların hasilatına dəstək verəcək

 

2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq- Günəşli" (AÇG) yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu. Bununla da AÇG-nin işlənilməsində yeni dövr başlandı. 
Yeni sazişlə bu nəhəng yataqlar blokunun işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Bu sənəd ölkəmiz üçün daha da əlverişli şərtlərlə imzalandı, baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. Sazişin "Yeni Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Çünki ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontrakt böyük əhəmiyyət daşıyır.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən bp layihənin operatoru olaraq qaldı. Bu da bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu və möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaratdığını bir daha təsdiq etdi. "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi də məhz bu saziş çərçivəsində reallaşır.

 

AÇG dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır

 

"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinə 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən olan "Əsrin müqaviləsi" ilə start verilib. Doğrudur, bu yataqlar bloku hələ sovet dönəmində öz mütəxəssislərimiz tərəfindən kəşf olunub. Lakin ovaxtkı texnika və avadanlıqlar onların işlənməsinə imkan verməyib.
Prezident İlham Əliyevin dediyi kimi, AÇG-nin sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki bu, Xəzərdə ən böyük neft yataqları blokudur: "Ancaq "Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli"siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yataqlarının kəşf edilməsi və işlənilməsi, doğrudan da, tarixi hadisədir. Bu yataqların işlənilməsi müddətinin uzadılmasını da biz təmin etdik və bu yataqlar ən azı 2050-ci ilə qədər istismarda olacaqdır". 
AÇG Xəzərin Azərbaycan sektorunda sahildən 120 kilometr şərqdə yerləşir. "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Lakin burada daha çox neft ehtiyatlarının olduğu da istisna edilmirdi. Öz mütəxəssislərimiz, daha doğrusu, məşhur geoloqumuz, akademik Xoşbəxt Yusifzadə buna əmin idi. Sonralar xarici tərəfdaşlarımız da bu fikrə gəldilər. İndiki hesablamalara görə, bu blok 1 milyard ton nefti olan bir mənbədir. 1994-cü ildən bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.
Hazırda AÇG-də iştirak payları belədir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,31 faiz). 
Hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. Keçən il AÇG-dən gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton neft alınıb. O cümlədən "Çıraq" gündə 25 200, "Mərkəzi Azəri" 104100, "Qərbi Azəri" 106400, "Şərqi Azəri" 64 000, "Dərinsulu Günəşli" 76300 və "Qərbi Çıraq" 39400 barel neft verib. İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilatı, 41 su injektor və 8 qaz injektor quyusu istismarda olub.
Yeni ACE platforması isə bu yataqlar blokunun qalan ehtiyatlarının üzə çıxarılmasına, hasilatın indikindən çox olmasına və nəticə etibarilə ölkəmizin gəlirlərinin artmasına xidmət edəcək.

 

6 milyard dollarlıq möhtəşəm layihə

 

2019-cu ilin aprelində ACE layihəsi üzrə yekun investisiya qərarı qəbul olundu. Layihəyə Xəzərdə gündəlik 100 min barelədək hasilat gücü olan platformanın və digər qurğuların tikintisi daxil idi. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsinə həmçinin yataqdaxili yeni sualtı boru kəmərlərinin çəkilişi də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG-nin 2-ci fazasının sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və "Şərqi Azəri" platformaları arasında suvurma üçün boru xətti də olacaq.
Yeni platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və terminalda yeni ACE idarəetmə mərkəzi inşa olunub. Mərkəz artıq tam hazırdır və sınaqların aparılması üçün işlək vəziyyətə gətirilib.
Layihənin ümumi tikinti işləri 2019-cu ilin sonlarında başlanıb. Təqdirəlayiq haldır ki, tikinti yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin ən qızğın dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox insan cəlb edilib.
İndiyədək 25 milyon saat iş yerinə yetirilib və layihənin iş həcminin 85 faizi artıq tamamlanıb.
Ən başlıca şərtlərdən biri də odur ki, inşaat işləri gedərkən heç bir xəsarətə yol verilməyib, heç bir bədbəxt hadisə baş verməyib.

 

Yeni platformanın dayaqları möhkəmdir 

 

Məlumdur ki, hər bir platformanın üst hissəsi dayaq bloku üzərində quraşdırılır. ACE-nin üst modulları da çəkisi 16 min ton, hündürlüyü 153 metr olan möhtəşəm bir dayaq bloku üzərində dayanacaq bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. 
Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə tamamlanıb. Dekabrın 13-də dövlətimizin başçısı BDÖZ-ə - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu sahəsinə gələrək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.
Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku bu il martın 16-da dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə endirilib.
Dayaq bloku BDÖZ-də "BOS Shelf" şirkəti tərəfindən tikilib. Yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə tam şəkildə ölkə daxilində inşa edilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərində 2000 nəfərdən çox insan çalışıb. Burada da işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
ACE layihəsinə qaz, neft və suvurma ixrac boru kəmərləri də daxildir və onların hamısı artıq dəniz dibində quraşdırılıb. ACE boru kəmərlərinin uzunluğu 6-12 kilometr arasında dəyişir və bunlar mövcud AÇG sualtı ixrac boru kəmərlərinə birləşir.
Qaz xəttində sualtı birləşdirmə işləri artıq tamamlanıb. Neft və suvurma xətlərinin birləşdirilməsi isə hələ davam edir və ilin ikinci rübündə tamamlanacağı gözlənilir.

 

AÇG "ailə"sinin doqquzuncu "övladı"

 

Bu il aprelin 4-də Prezident İlham Əliyev ACE platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsinə gələrək qurğunun dənizə yola salınmasına xeyir-dua verib. Qurğunun tikintisi artıq başa çatıb və o, bu ilin ikinci rübündə Xəzərə, öz daimi yerinə göndəriləcək.
Bu günlərdə Azərbaycanın neft mövzusunda yazan bir qrup jurnalisti də ACE-nin üst modulları ilə tanış oldu. Onlara məlumat verildi ki, modulların layihələndirilmiş çəkisi 19600 tondur. Buraya neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir.
Üst modullar "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb. İstismar sınaqları başa çatandan sonra üst modullar STB-1 daşıma barjına yüklənəcək və dənizə yola salınacaq.
Qeyd edilib ki, bu, SOCAR-ın, bp-nin, "Azfen"in, digər podratçı və subpodratçı təşkilatların birgə uğurudur. Layihənin pik dövründə üst modulların tikinti işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizdən çoxu Azərbaycan vətəndaşı olub. Əməyin təhlükəsizliyi yüksək səviyyədədir. 
ACE "Azəri-Çıraq-Günəşli"nin doqquzuncu platforması olacaq. Bu gün həmin yataqlarda istismarda olan səkkiz platformanın altısı hasilat, ikisi suvurma və kompressiya qurğusudur. Xatırladaq ki, ilkin neft layihəsi çərçivəsində işlənmiş "Çıraq"dan hasilata 1997-ci ilin noyabrında başlanıb. "Mərkəzi Azəri" 2005-ci ilin mayında, "Qərbi Azəri" və "Şərqi Azəri" müvafiq olaraq 2006-cı ilin əvvəlində və sonunda neft verib. "Dərinsulu Günəşli"dən hasilat 2008-ci ilin aprel ayında başlanıb. Nəhayət, "Qərbi Çıraq" 2014-cü ilin əvvəlindən istismardadır.
Yeni platformanın tikinti işlərinin və istismar sınaqlarının bu ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra ilk quyunun qazılmasına başlanacaq. ACE-dən ilk neftin isə gələn ilin əvvəllərində əldə olunması gözlənilir. 
Beləliklə, AÇG "ailə"sinin üzvləri bəzi cəhətləri ilə bir-birinə bənzəyir, bəzi xüsusiyyətləri ilə fərqlidir. Ən başlıcası isə odur ki, hamısı Azərbaycanın maraqlarının təmin olunmasına, ölkənin gəlirlərinin artmasına, xalqın güzəranına xidmət edir.

Flora SADIQLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video