Fransanın
tanınmış "Total” şirkəti 1996-cı ildə Bakıda ofisini açmış və həmin vaxtdan kəşfiyyat
layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı
üçün qarşılıqlı şəkildə faydalı olan strateji layihələrə qoşularaq Azərbaycanla
uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur.
1997-ci ildə
"Total” şirkəti "Lənkəran-Talış-Dəniz” blokuna daxil olmuş və "Abşeron”da kəşfiyyat
işləri aparmaq üçün "Şevron”la tərəfdaşlıq qurmuşdur. Lakin ilkin kəşfiyyatın nəticələri
müsbət olmamışdır.
Sonralar
"Total” şirkəti "Şevron” tərəfindən təhvil verilmiş "Abşeron” blokuna yenidən qayıtmışdır.
2009-cu il
fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la "Total” arasında
Xəzərin dərin sularında yerləşən "Abşeron” bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi
(HPBS) imzalanmışdır. 2011-ci il sentyabrın 1-də isə "Abşeron”un Kəşfiyyat, İşlənmə
və HPBS-yə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən "Total
E & P Absheron” Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını
bildirmişdir. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edilmişdir.
"Abşeron”
bloku Bakıdan 100 kilometr aralıda suyun 500 metr dərinliyində yerləşir. Birinci
quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri burada zəngin qaz
və kondensat ehtiyatlarının olduğunu təsdiq etmişdir. Ərazidə hərəkət edən layların,
qaz tərkibli dayaz təbəqələrin, dərinliklərdə yüksək təzyiqin və palçıq vulkanlarının
olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitinə
nail olmaq üçün bu amillərlə bağlı tektonik hərəkətlər xüsusi dizayn və mühəndis işləri tələb edir. "Total” bu çətinliklərin
öhdəsindən gəlmək üçün dünyanın müxtəlif ölkələrində topladığı bilik və səriştəsindən
məharətlə istifadə edir.
Şirkət yatağın
gələcəkdə işlənməsi üçün dəniz və quruda geotexniki və geofiziki, eləcə də meteoroloji
və topoqrafik məlumatlar toplamağa başlamışdır. Bu araşdırmalar həyata keçirilərkən
sosial sahəyə və ətraf mühitin mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.
Tədqiqatlar
aparıldıqdan sonra "Abşeron” yatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərara
alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı
qəbuledici platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, qaz
və kondensat SOCAR-ın mövcud infrastrukturu ilə nəql olunacaq. Qaz yerli bazara
göndəriləcək, kondensat BTC kəməri ilə xaricə ixrac ediləcək.
2018-ci ilin
fevral ayında ümummilli lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeron”
yatağında işə başlamışdır.
"Total” şirkəti
eyni zamanda üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir. Şirkət burada 5 faiz iştirak
payına malikdir.
Xatırladaq
ki, uzun illərdir Azərbaycanın mühüm layihələrində iştirak edən "Total” dünya bazarında
yanacaq, təbii qaz, aşağı karbon tərkibli enerji istehsal edən və satan şirkət kimi
tanınır. Onun 100 min nəfərdən çox işçisi insanlara təhlükəsiz, təmiz və sərfəli
enerji çatdırmaq amalı ilə çalışır. 130-dan çox ölkədə fəaliyyət göstərən "Total”ın
məqsədi ən məsuliyyətli və əsas enerji təminatçılarından biri olmaqdır.
Ən böyük təsdiqlənmiş
ehtiyatlarının yerləşdiyi Rusiyada "Total” "Novatek” şirkətindəki payı və "Yamal”
mayeləşdirilmiş təbii qaz layihəsi hesabına böyük həcmdə karbohidrogenlər hasil
edir. Bu şirkət eləcə də Qazaxıstanın nəhəng "Kaşaqan” yatağının işlənməsi layihəsində
əsas tərəfdaşlardan biridir.
"Total” Fransa,
Almaniya, Belçika, Hollandiya və Lüksemburqda cəmlənmiş 9 mindən çox xidmət məntəqələri
şəbəkəsini idarə edir. Şirkət həmçinin Qərbi Avropada emal məhsullarının ikinci
ən böyük təminatçısıdır, 8 neft emalı zavodunun sahibidir. Avropa və Mərkəzi Asiyada
"Total”ın qaz, bərpa olunan və elektrik enerjisi şöbəsi müştərilərə nümunəvi xidmət
göstərir.
Çalışdığı ölkələrdə "Total” önəmli layihələrdə
tərəfdaş olmaqla yanaşı, cəmiyyətin həyatında
da fəal iştirak edir. Azərbaycanda da belədir. Məsələn, BTC-nin keçdiyi ərazilərdə
yerli icmalara dəstək məqsədilə özünün təşəbbüs göstərdiyi sosial layihələri maliyyələşdirir.
"Total” ölkəmizdə
təhsilə də dəstək verir. Belə ki, Azərbaycanın və Fransanın neft elmləri üzrə ixtisaslaşmış
məktəb və universitetləri arasında əlaqələr yaradır. Şirkət bir neçə il SOCAR-ın
mütəxəssisləri üçün fransız dilinin tədrisini maliyyələşdirib. Ölkəmizdə mədəniyyət
və incəsənətə də biganə qalmır. Yerli və xarici ifaçıların iştirakı ilə klassik
musiqi konsertləri təşkil edərək Bakının mədəni həyatına öz töhfələrini verir.
Bütün bunlar
"Total”ın Azərbaycanla təkcə uğurlu layihələrinin deyil, həm də sıx əməkdaşlığının,
etibarlı tərəfdaşlığının və mehriban dostluğunun nəticələridir.
Flora SADIQLI,
"Azərbaycan”