Venesuela hakimiyyəti ABŞ-yə xəbərdarlıq edib: "Sahillərimizdən uzaq durun"
Venesuelanın vitse-prezidenti və neft naziri Delsi Rodriges ABŞ-yə qarşı sərt bəyanatla çıxış edərək, Vaşinqtonu ölkəsinin işlərinə qarışmaqdan çəkinməyə və Venesuela ərazisindən uzaq durmağa çağırıb.
Karabobo ştatında çıxış edən Rodriges ABŞ hərbi gəmilərinin Karib dənizinə göndərilməsinə işarə edərək, Amerika administrasiyasını düşmənçilik siyasəti yürütməkdə ittiham edib.
"Daxili problemlərinizi həll edin və bizim sahillərdən və Venesuela ərazisindən uzaq durun. Əgər ABŞ ölkəmizə hücum etməyə cəsarət etsə, Venesuela onların ən pis kabusuna çevriləcək", - siyasətçi bildirib.
Vitse-prezidentin sözlərinə görə, ABŞ Venesuelanın zəngin enerji resurslarını ələ keçirməyə çalışır: "Birləşmiş Ştatlar imperializm və ekspansionizm üzərində qurulmuş, təbii sərvətləri istismar edən ölkədir. Onlar başqa ölkələri öz müstəmləkələri hesab edirlər, özləri isə dərin sosial, iqtisadi və siyasi böhranlarla üz-üzədirlər".
Rodriges həmçinin Vaşinqtonun Venesuelanın “narkoterrorçu dövlət”ə çevrilməsi ilə bağlı ittihamlarını da rədd edərək deyib: "Simon Bolivar və Uqo Çavesin xalqını narkotik alverində ittiham etmək həyasızcasına yalan və mənəvi uğursuzluqdur. Venesuela təkcə bizim üçün deyil, bütün dünya xalqları üçün sülh və ümid ölkəsidir".
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkotik kartellərinin bilavasitə fəaliyyət göstərdiyi bölgələrdə onlarla mübarizədə silahlı qüvvələrindən istifadə etməklə səylərin artırılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumatlara görə mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəldib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Maduro iyulun 25-də “xüsusi qlobal terror təşkilatı” elan edilmiş “Cartel de los Soles” adlandırılan quruma on ildən artıqdır rəhbərlik edir.
Bildirildiyinə görə, Ağ Ev rəhbərinin göstərişi ilə bir sualtı qayıq və 7 döyüş gəmisi də daxil olmaqla dəniz qüvvələrinin xüsusi təyinatlı qrupu Karib dənizinə, Venesuela sahillərinə göndərilib.
Buna cavab olaraq Venesuela Prezidenti Nikolas Maduro avqustun 18-də bildirib ki, ölkə öz dənizlərini, səmasını və torpaqlarını müdafiə edir. “Heç bir imperiya Venesuela və Cənubi Amerikanın müqəddəs sərhədlərini pozmağa cəsarət etməyəcək”, - dövlət başçısı bildirib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”