Qərb məkrli planını yenə işə salıb
Həm Ermənistan, həm də havadarları sözdə sülhdən danışsalar da, əməldə hər birinin fəaliyyəti və məqsədi bəllidir: Cənubi Qafqaza əmin-amanlıq, sabitlik, sülh gəlməsin!
Ermənistan əməli addımları ilə - Azərbaycanla şərti sərhəddə zaman-zaman təxribatlara cəhd etməklə və ya törətməklə bunu aydın göstərir. Eyni zamanda onun havadarlarının da fəaliyyətində bu elementləri görmək mümkündür. ABŞ-nin müxtəlif rəsmi şəxsləri tez-tez Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının, sülh sazişinin bağlanmasının tərəfdarı olduqlarını səsləndirsələr də, təcavüzkar, işğalçı dövlətə silah daşımaqla əsl üzlərini göstərirlər.
2020-ci ildə məğlub olan, ordusu Azərbaycan tərəfindən darmadağın edilən Ermənistanın onsuz da yeni müharibəyə nə maddi gücü, nə də digər imkanları var. Bununla belə regiondan öz məkrli məqsədləri üçün istifadə etmək istəyən bəlli dairələr Ermənistanı hansı yolla olursa-olsun, Azərbaycana qarşı təxribatlara təhrik edərək onun sonunu yaxınlaşdırırlar. Bir müddət əvvəl ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistana Amerika istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, həmçinin xüsusi təyinatlılar üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçikölçülü minalar və digər döyüş sursatları gətirilməsi də deyilənlərin bariz nümunəsidir. Bununla yanaşı, ABŞ öz hərbçilərini də Ermənistana kömək üçün göndərib. Onlar Ermənistan silahlı qüvvələrinin forması ilə təchiz edilib və Zəngəzurda hərbi bazada yerləşdirilib.
ABŞ-nin Rusiya ilə olan gərgin münasibətlərini bu dəfə də Cənubi Qafqaza daşımağa çalışdığını deyən hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın silahlandırılması paralel olaraq həm Azərbaycana, həm də Rusiyaya qarşı atılmış addımlardır.
Ekspert qeyd edib ki, Yaxın Şərq ölkələrini, Ukraynanı, Gürcüstanı "xoşbəxt" edən ABŞ indi də Ermənistanı "ağ gün"ə çıxarmağa çalışır. "Ermənistan sözdə sülhdən danışır, lakin əməldə sülhün əldə edilməsi üçün bu ölkənin hakimiyyəti tərəfindən heç bir addım atılmır. Əksinə, Ermənistan ABŞ, Fransa və Hindistandan hücum silahları alır, Azərbaycana qarşı zaman-zaman təxribatlardan çəkinmir və tarixi Azərbaycan torpaqları olan Zəngəzurda ABŞ bazasının elementlərini yerləşdirir". Ə.Verdiyev vurğulayıb ki, havadarları tərəfindən silahlandırılan Ermənistan təxribatlardan əl çəkməli, hücum silahlarını Azərbaycan sərhədlərinə yaxınlaşdırmamalıdır. Azərbaycana qarşı törədilən təxribatlar Ermənistana yalnız və yalnız böyük acılar vəd edir. Ermənistan törətdiyi təxribatlardan heç vaxt müsbət nəticə ilə ayrılmayıb. Bütün təxribatların sonu Ermənistana texnika, avadanlıq, vasitə, şəxsi heyət, hətta böyük ərazi itkiləri ilə tamamlanıb. Gələcəkdə də bu proses eyni tempdə davam edəcək. İstənilən düşmən təxribatına mütləq şəkildə kəskin cavab veriləcək. Ə.Verdiyev qeyd edib ki, əgər ABŞ və ya Fransanın verdiyi silahlardan açılan atəşlə bir Azərbaycan əsgəri xəsarət alarsa, o zaman Ermənistan çox dərin təəssüf hissi keçirəcək və bunun cavabını layiqincə alacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"