30 Aprel 2024 08:05
158
SİYASƏT
A- A+

ABŞ İlham Əliyevin sülh gündəliyini təqdir edir

 

Ağ Ev Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirir

 

Son günlərdə Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar, delimitasiya, demarkasiya prosesinə start verilməsi tərəflərin sülh müqaviləsini imzalamağa çox yaxınlaşdıqlarını göstərir. 
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan dəfələrlə buna cəhd etsə də, məğlub ölkə hər dəfə yeni bəhanələrlə sülhdən yayınırdı. Ancaq görünən odur ki, artıq Ermənistan rəhbərliyi də, erməni xalqı da anlayır ki, regionda təhlükəsizliyin qarantı İlham Əliyevin müəyyənləşdirdiyi sülh gündəliyidır. Çünki İlham Əliyev konkret olaraq Ermənistana çıxış yolu göstərir və regionun hərtərəfli yüksəlişi üçün təqdirəlayiq addımlar atır, yeni əməkdaşlıq təklifləri irəli sürür və bütün bunlar da Hayastanın illərdir işğalçı siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən qurtuluşu üçün real zəmindir. 
Bu səbəbdən də İlham Əliyevin sülh gündəliyini beynəlxalq təşkilatlar, böyük dövlətlər və sazişin imzalanması üçün çalışan vasitəçilər də etiraf edirlər. Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngi və bu istiqamətdə səsləndirdiyi fikirlər də onu deməyə əsas verir ki, Ağ Ev də İlham Əliyevin sülh gündəliyini təqdir edir. 
Söhbət zamanı Entoni Blinkenin sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırması, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulaması, tərəflər arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün Ağ Evin bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirməsi yuxarıda deyilən fikirlərin birmənalı təsdiqidir. Yəni artıq ABŞ də İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. 
Öz növbəsində İlham Əliyev də bildirib ki, iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşma ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir. Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər. 
İlham Əliyev bir daha Entoni Blinkenə xatırladıb ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı məhz özüdür və şəxsən bundan sonra da sülh gündəliyinin davam etdirilməsi üçün səylərini əsirgəməyəcək. Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu vurğulayan İlham Əliyev qeyd edib ki, qalib ölkə  regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Əlavə edək ki, müharibədən sonra qalib komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri BMT və dost ölkələr tərəfindən də təqdir edilib.  
ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. 
Telefon söhbəti zamanı Entoni Blinken, həmçinin son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini vurğulayıb. 
Amma maraqlıdır ki, ABŞ kimi nüfuzlu bir ölkənin, xüsusən də dövlət rəsmisinin bu fikirləri səsləndirdiyi halda Dövlət Departamentinin hazırladığı hesabatlarda Azərbaycanla bağlı ancaq həqiqəti əks etdirməyən qərəzli münasibətin şahidi oluruq. Bu sifarişli hesabatların heç biri ölkəmizdəki reallığı əks etdirmir, əksinə ortada çox ciddi qərəz, Azərbaycanın demokratik inkişaf yoluna atılan böhtan var. 
Ona görə də yaxşı olar ki, Dövlət Departamenti insan haqlarına dair hesabatlarını hazırlayarkən tək bir "mənbənin" sifarişi əsasında deyil, ABŞ rəsmilərinin rəsmi fikirlərinə də əsaslansın. Görünən isə odur ki, Dövlət Departamenti müəyyən səbəblərdən hər dəfə erməni lobbiçilik institutunun təsiri altında ciddi nöqsanlara yol verir. ABŞ rəsmiləri bunu ayrı-ayrı konqresmenlərin özfəaliyyəti kimi dəyərləndirsələr də, onların belə yanaşması Azərbaycan tərəfindən qətiyyən qəbul edilmir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video