Mingəçevirdə yeni istifadəyə verilən “8
Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sahəsində qarşıya qoyduğu bir
çox məqsədləri təmin dəcək. Belə ki, şərti yanacaq sərfiyyatının kəskin aşağı
düşməsilə təbii qaza qənaət etmək üçün imkan yaranacaq. Prezident İlham
Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat
var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir
o qədər artacaq. Bu nəticələr ilk növbədə hər istiqamət üzrə düşünülmüş siyasət
və proqramlar hesabına əldə olunur.
“8 noyabr” stansiyası cəmi 2 il ərzində ərsəyə
gəlib. Halbuki bu cür layihələrin inşası adətən 3-5 il tələb edir. Eyni zamanda
dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə
bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub.
Elektrik Stansiyasının təhlükəsiz və dayanıqlı
şəkildə işləməsi ölkənin inkişafına təkan verəcək.
Bu gün dünyadakı geosiyasi vəziyyət Azərbaycanın
enerji siyasətinin əhəmiyyətini bir daha ön plana çıxarır. Enerji təhlükəsizliyinin
ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Məlum olduğu kimi, Azərbaycan 12 ölkəyə qaz satır, onlardan 10-u Avropa ölkəsidir.
Beləliklə, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya
miqyasında qabaqcıl yerlərdədir.
2024-cü ildə xaricə qaz satışı 25,2 milyard
kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur.
Prezident İlham Əliyev də bəyan edib ki, bu il
yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni
hasilatın başlamasını gözləyirik. Həmçinin “Abşeron” yatağında hasilatın
artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Bu da ikinci fazaya keçid
edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunması deməkdir.
Yəni, Azərbaycan etibarlı və
proqnozlaşdırılabilən tərəfdaş olduğu üçün işbirliyində maraqlı olan ölkələrin
sayı artır. İnterkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi
imkanları bir qədər də artırır.
Təsadüfi deyil ki, Azərbaycan və Avropa Komissiyası arasında
imzalanan energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memorandumdan sonra
Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Azərbaycan etibarlı tərəfdaş
kimi yeni yataqları və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarını nəzərə
alaraq, istehlakçılara daha çox qaz vermək niyyətindədir. Üstəlik, daha çox təbii
qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi də Azərbaycanı enerji təhlükəsizliyi
baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Günəş və Külək Enerji
stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr 2030-cu ilə qədər 6
giqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad
olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən
enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq.
Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə
düzgün olduğu bir daha təsdiqini tapır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı