İqtisadiyyatın qeyri-neft sektorunda sanballı çəkiyə malik kənd təsərrüfatı dinamik inkişaf edir. Səbəbi çoxdur - dövlət dəstəyindən və məhsuldar toxumdan tutmuş mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və müasir texnoloji avadanlıqlardan istifadəyəcən.
Faktlara müraciət edək: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 8 milyard 723,3 milyon manat təşkil edib. Bu göstəricinin 4 milyard 195 milyon manatı heyvandarlıq, 4 milyard 528,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Həmin dövrdə kənd təsərrüfatının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3, bitkiçilik məhsulları üzrə 0,3 faiz artıb.
Heyvandarlıq üzrə açıqlanan rəqəmlərə görə, bu ilin 7 ayı ərzində ölkə üzrə quş əti də daxil olmaqla diri çəkidə 379,2 min ton ət, 1 milyon 489, 2 min ton süd, 14,5 min ton yun və 239,4 ton barama istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət (1 faiz), süd (0,5 faiz) və yumurta (6,2 faiz) istehsalında artım olub. Bitkiçilik məhsullarına gəldikdə, sentyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 26 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 498,2 min ton (0,8 faiz çox) tərəvəz, 799,2 min ton (8 faiz az) kartof, 503,4 min ton (1,7 faiz çox) meyvə və giləmeyvə, 482,3 min ton (11,9 faiz çox) bostan məhsulları, 66,8 min ton (9,2 faiz az) üzüm, 25,8 min ton (14,9 faiz çox) günəbaxan, 24,5 min ton (2,7 dəfə çox) şəkər çuğunduru, 3,3 min ton ( 56,6 faiz çox) tütün, 901,4 ton (1,8 faiz çox) yaşıl çay yarpağı, 18,6 ton (86,8 faiz az) pambıq yığılmışdır.
Məlumdur ki, 2016-cı ilin dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə aqrar sektorun inkişafı üçün kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi qəbul olunub. Bu sənəd çərçivəsində kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, xarici bazarlara çıxış imkanlarının artırılması, innovasiyaların təşviqi, rəqabətədavamlı sektorun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının istehsalının artırılması, qida təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması və digər istiqamətlər üzrə tədbirlər müəyyən olunub və onlar günü bu gün də icra edilir. Ümumiyyətlə, dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək hələlik arzu olunan nəticəni verməsə də, səmərəsiz də qalmır. Hazırda bir neçə strateji məhsuldan savayı, əsas məhsullara olan daxili tələbat yerli istehsal hesabına ödənilir. Paralel olaraq, ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi və çeşidi də artır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"