Tovuz taxılçıları bununla da kifayətlənmirlər
Tovuz taxılçıları bu il bol məhsul yetişdirmişlər. Hazırda taxıl biçininin uğurla başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, biçinin mütəşəkkil aparılması üçün yığım kampaniyası başlamamışdan əvvəl qərargah təşkil olunmuş, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi məqsədilə tövsiyələr paylanmışdır. Bundan başqa, biçin kampaniyası dövründə yarana biləcək hər hansı problemin vaxtında aradan qaldırılması üçün "qaynar xətt" yaradılmışdır. Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, Tovuz taxılçılarının biçin zamanı heç bir çətinliyi olmamışdır.
Bu il rayonda əkin sahələrinin həcmi xeyli artırılmışdır. Belə ki, keçən il 14000 hektarda taxıl əkilmişdisə, cari il bu rəqəm 16776 hektara çatdırılmışdır. Onun 13762 hektarı buğda, 3015 hektarı isə arpadır. Bu mövsüm rayon taxılçıları həm də ən yüksək məhsuldarlığa nail olmuşlar: buğda sahələrinin hər hektarından 50, arpa sahələrinin hər hektarından isə 39,1 sentner məhsul götürülmüşdür.
Rayonda taxıl istehsalında fərqlənən çoxlu sayda təsərrüfat var. Onlardan biri də "Tovuz AGRO" MMC-dir. Təsərrüfat bu il 5706 hektarda buğda, 1236 hektarda arpa əkmişdir. Hazırda zəmilərdə biçin yekunlaşmaq üzrədir. İndidən demək olar ki, məhsuldarlıq yüksəkdir.
Rayon rəhbərliyi, eləcə də biçinə aid olan qurumların nümayəndələri tez-tez zəmilərdə fermerlərlə görüşür, onların problem və təkliflərini dinləyib operativ tədbirlər görürlər. Təcrübə biçinə belə bir münasibətin ümumi işin xeyrinə olduğunu göstərir.
S.ƏLİYEV,
"Azərbaycan"