İnsanlar təmkinlərini pozmur, əllərini işdən soyutmurdular
Ortayaşlı kişi təmkinini pozmamağa çalışaraq özünü ələ alıb onunla söhbət edən jurnalistə deyirdi: "Görün biz döyüş meydanından nə qədər aralıdayıq. Vəhşilər burada da terror törədirlər. Evimi-eşiyimi yerlə yeksan etdilər. Onlara demək gərəkdir ki, elə hünəriniz varsa, niyə orada göstərə bilmirsiniz, dinc əhaliyə, qocaya silah açırsınız? Bu, dünyanın harasında, hansı müharibədə görünüb?.. Mən bu evi təzədən tikəcəm. Ordumuz da onlara cavabı döyüşdə verir, qalib gələcəyik. Amma bu vandalizmi törədənlərin vicdanındakı qara ləkə əsrlər boyu tarixdə qalacaq".
Bu sözləri deyən Gəncəmi, Tərtərmi, Bərdəmi, Naftalanmı sakini idi, yadımda qalmayıb. Amma bunun heç bir fərqi yoxdur. Vətən müharibəsinin davam etdiyi günlərdə cəbhədən kənardakı bölgələrdə evi-eşiyi düşmən tərəfindən dağıdılan hər kəs onda belə düşünur, belə deyirdi. Və ümumiyyətlə, bütün xalqımız eyni hiss və duyğularla, eyni arzu və amalla yaşayırdı o günlərdə...
Hamı yaxşı dərk edirdi ki, döyüşən ordumuzun gücü həm də ölkənin iqtisadi qüdrətindən asılıdır. Hər kəs öz çalışdığı sahədə iş başında idi. Xalq öz Prezidenti ətrafında sıx birləşmiş, bir yumruğa dönmüşdü. Hamı qəlbən döyüşən, düşmənə ağır zərbələr endirən oğulların yanında idi. Qələbələrin sevincini də birlikdə yaşayırdıq, şəhadətə qovuşan igidlərimizin itkisini də...
O vaxt koronavirus hələ də öz amansız hökmündə idi. Odur ki, daha bir düşmənlə mübarizə aparırdıq. Bununla belə, arxa cəbhədə heç kəsin əli işdən-gücdən soyumurdu. Döyüş meydanından bir-birinin ardınca qələbə soraqları gəldikcə, beynəlxalq aləm bir mühüm qələbəmizdən də xəbər tutdu. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi"nin sonuncu seqmentinin - ölkəmizdə hasil olunan mavi yanacağı Avropaya nəql edəcək TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) tikinti işləri sona çatdı.
Öz qəhrəmanlıq ənənələrinə sadiq qalan Azərbaycanın neftçilər ordusu da əmək növbəsində idi. Neftçilərimiz yerin təkindəki və dənizin dibindəki sərvətləri üzə çıxarır, ölkənin iqtisadi qüdrətini artırır, xalqımıza, döyüşən ordumuza dəstək olurdular. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) baş ofisində keçirilən onlayn müşavirədə onlar ölkənin Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə bildirilirdi ki, neftçilər sırasından da könüllü olaraq ön cəbhəyə gedənlər var. Qalanları arxa cəbhədə Vətənin qüdrətini artırmaq uğrunda səylə çalışırlar. Bununla yanaşı, onlar da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, hər an intizarla əmr gözləyirlər: "Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə - ədalətin təntənəsinə töhfəmizi verməliyik".
Neftçilər döyüşən ordunu, şəhid ailələrini və qaziləri unutmurdular. SOCAR-da Silahlı Qüvvələrə yardım kampaniyası təşkil olunmuşdu.
Dövlət bu çətin məqamlarda da əhalinin qayğılarını diqqət mərkəzində saxlayırdı. "Azəriqaz" İstehsalat Birliyi müharibənin davam etdiyi dövrün tək bircə həftəsi ərzində 700-dən çox fərdi yaşayış evinə qaz çəkilişini yekunlaşdırmış, onları mavi yanacaqla təmin etmişdi. Birlik payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirmişdi.
Kəndlinin də əli işdən-gücdən soyumurdu. İnsanlar çalışır, işləyir, payızın bol nemətlərini toplayır, qışa tədarük edir, qurub-yaradırdılar. Hər gün ölkənin müxtəlif bölgələrindən onlarca xoş xəbər gəlirdi. Pambıqçılar yüksək məhsuldarlıq göstəriciləri əldə edirdilər. Əgər 2019-cu ildə sahələrdən ümumilikdə 295 min ton pambıq yığılmışdısa, 2020-ci ildə Zəfər Gününədək bu qədər məhsul toplanmış, noyabrın ortasında isə məntəqələrə təhvil verilən "ağ qızıl"ın həcmi 300 min tonu ötüb keçmişdi.
Ümumilikdə isə həmin il pambıqçılıqda yüksək nəticə əldə olundu. 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul toplandı və orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artdı. Orta məhsuldarlıq 33,5 sentner təşkil etdi ki, bu da həmin vaxtadək Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biri idi.
2020-ci ildə üzüm bağlarından əvvəlki ilə nisbətən çox məhsul yığıldı. Ən yaxşı göstəricilərə Şəmkir, Cəlilabad, Tovuz üzümçüləri nail oldular.
Qeyd edək ki, Vətən müharibəsi başlananda tarlalarda, bağ-bostanda payızın bol məhsulunun yığımı gedirdi. Bu məsul dövrdə heç bir gərginliyə baxmayaraq, Azərbaycan kəndlisi öz təmkinini itirmədi. Bitkiçilik məhsulları istehsalında artım dinamikası müşahidə olundu. Əvvəlki illə müqayisədə daha çox tərəvəz, meyvə və giləmeyvə, tütün, kartof, digər məhsullar istehsal edildi. Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanıldı.
Erməni faşizmi isə özünün bəd, insanlığa sığmayan cinayət əməllərindən əl çəkmir, dinc əməklə məşğul olan əhaliyə rahatlıq vermirdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı dönə-dönə terror törədirdi. Təkcə cəbhəyə yaxın ərazilər deyil, oradan uzaq yaşayış məntəqələri də raket atəşlərinə məruz qalırdı. Bununla belə, düşmənin bombaladığı, dinc sakinlərin yaralandığı və həlak olduğu bölgələrdə də insanlar işdən-gücdən ayrılmırdılar. Dəfələrlə atəşlərə məruz qalan Tərtərdə olduğu kimi. Rayonun pambıqçıları böyük zəhmət bahasına yetişdirdikləri pambığın yığımını davam etdirirdilər. Şiddətli döyüşlər məhsul yığımının sürətinə təsir göstərsə də, fermerlər nisbətən təhlükəsiz ərazilərdə məhsulu tez və itkisiz yığıb tədarük edirdilər. Deyirdilər ki, tarla da bir cəbhədir, ona görə də yüksək nəticələr qazanmağa çalışırıq.
Tərtərlilər heyvandarlıq məhsullarını da artırmağı qarşıya məqsəd qoymuşdular. Suqovuşanın işğaldan azad edilməsi böyük əhvali-ruhiyyə yaratmışdı. 30 ildir Tərtər çayının qabağını kəsən, on minlərlə hektar ərazini suya həsrət qoyan erməni vandalları cəzalarını almışdılar. İndi çat-çat olmuş torpaq sudan doyacaqdı…
Bölgələrdə payızlıq əkinlərin bəyanı prosesi davam edirdi. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları rayonlarda vətəndaşlara səyyar xidmət göstərirdi. Növbəti aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular və Şörəlli kəndlərində təşkil olunmuşdu. Baxmayaraq ki, o günlərdə bu bölgə də mənfur düşmənin hədəfində idi. Erməni vandalları dinc sakinlərə, döyüş getməyən bu yerlərə də qənim kəsilmişdi.
Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunurdu. Bərdədən əvvəl payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir rayonlarında müvafiq xidmətlər göstərilmişdi.
Cəbhəyanı bölgələrin sahibkarlarına dəstək davam edirdi. İqtisadiyyat Nazirliyi bildirirdi ki, həmin bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Orada qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşib. İşğal altındakı rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə Dövlət Vergi Xidməti tərəfindən "İnzibati icraat haqqında" qanunun müddəalarına uyğun olaraq müvafiq qərar qəbul edilib.
Prezident İlham Əliyevin tapşırığı ilə Suqovuşan-Tərtər yolunun təmirinə başlanmışdı. Yəni hələ müharibə sona çatmamış bərpa-quruculuq işlərinə artıq start verilmişdi. Deməli, Qələbə qazanacağımıza şübhə yox idi!.. O inamla, o əzmlə başlanan quruculuq vüsətlə davam edir və Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir.
Flora SADIQLI,
"Azərbaycan"