15 May 2025 08:40
494
İQTİSADİYYAT
A- A+
5 il əvvəl Qapanlı Tərtərin cəbhə kəndi idi

5 il əvvəl Qapanlı Tərtərin cəbhə kəndi idi


İndi isə həmin günlərdən kənd camaatında yalnız acı xatirələr qalıb, hamı təsərrüfat işləri ilə məşğuldur


Teyyub kişi pambıq sahəsinə çatanda səhər saat 6 olardı. Uzun illərdi ki, o, belə adət etmişdi. Əslində, səhər saatlarında başlanılması elə bir iş də yox idi, hər şey qaydasındaydı. Bitiş yaxşı alınmışdı. Körpə bitkilər sıra ilə düzülərək ürəkaçan qəribə  bir mənzərə yaratmışdı. Teyyub kişi başını qaldırıb göyün üzünə baxdı. Qara buludlar yağış yağacağından xəbər verirdi.

"Təki belə buludlar olsun, bolluq-bərəkət rəmzi olan buludlar", - deyə Teyyub kişi düşündü. "Yaxşı ki üstümüzdən o biri qara buludlar götürüldü", - deyə fikrindən keçirdi. Beş il əvvəl kənd sakinləri beləcə sahəyə gəlib, əkin-biçin işləri ilə məşğul olmağı heç xəyallarına gətirə bilməzdilər. Dərhal düşmən gülləsinə tuş gəlmək ehtimalı vardı. 30 ildən çox bir müddətdə insanlar hər cür əziyyətə, təhlükəyə tab gətirdilər. Yaralandılar, şəhid oldular, ancaq doğma ocaqlarını tərk etmədilər. Baxmayaraq ki, Qapanlı kəndi düşmənlə təmas xəttinə güllə məsafəsi qədər yaxın idi.

Tərtərin Qapanlı kəndinin sakini Teyyub Cəfərov deyir:

- Uşaqlıqdan təsərrüfatla məşğul olmuşam. İxtisasca da aqronomam. Kolxoz dövründə pambıqçılıq briqadiri işləyirdim. Ancaq pay torpaqlarımızı alandan sonra onu ürəkli əkib becərə bilmədik. Qonşuluğumuzda yaşayan ermənilər buna heç cür imkan vermirdilər. 

Ordumuz torpaqlarımızı onlardan təmizləyəndən sonra, Qapanlı kəndinin camaatı da rahatlıq tapdı. İndi hər kəs öz torpağını əkib-becərir və zəhmətinin bəhrəsini görür, evinə, ailəsinə qazanc gətirir.

Teyyub kişi  cari il 4 hektarda pambıq əkib. Yaxşı bitiş alınıb. Hazırda əllə kətmənləmə işləri başa çatıb. Bundan sonra isə sahələrə kultivasiya çəkilir.  O, ilin uğurlu olacağına əmindir:

 - Təsərrüfat ili necə başlayırsa, sonda nəticələr də elə olur. Şükür,  bu il əvvəldən yaxşı başladı, yağışlar çox oldu. Ötən il çox çətin bir il olmasına baxmayaraq, hər hektardan 46,6 sentner təmiz çəkidə pambıq  götürdüm. Çalışıram bu il də məhsuldarlıq yüksək olsun. 

  Qeyd edək ki, müharibədən əvvəlki illərdən fərqli olaraq, indi Qapanlı kəndinin əkinçiləri suvarmada artezianlarla yanaşı, həm də Suqovuşan Su Anbarından gələn sudan  istifadə edirlər. 

  Bütövlükdə cari il Tərtər rayonunda 2800 hektardan çox sahədə pambıq əkilib. Məhsulun becərilməsi ilə bağlı fermerlər 3 şirkətlə  müqavilə bağlayıblar. Bunlar "Prime cotton" MMC,  "Azərpambıq" ASK  MMC və "Elakoton" MMC-nin Tərtər rayon filiallarıdır. Cari ildə ən çox müqavilə "Prime cotton" MMC-nin rayon filialı ilə bağlanıb. Müqaviləçilərin sayı 310 nəfərdir. 215 fermer "Azərpambıq ASK" MMC-nin Tərtər, 2 istehsalçı isə "Elakoton" MMC-nin filialları ilə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər. 

Fermer Nadir Kərimov deyir ki, "Prime cotton" MMC-nin əməkdaşları və pambıqçılıq  üzrə mütəxəssisləri yerlərdə torpaq mülkiyyətçilərini lazım olan texnika, çiyid və dərman vasitələrilə təmin edir, eləcə də məsləhətlər verir, aqrotexniki tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olurlar. 

Nadir Kərimov: 

- Pambıq bitkisi daimi diqqət və qayğı sevir. Odur ki, torpaq şumlanandan məhsul  yığılanadək sahədən ayrılmaq olmaz. Bizimlə bərabər şirkətin mütəxəssisləri də işlərin gedişinə  nəzarət edirlər ki, zəhmətimizin əvəzində əlimiz boşda qalmasın. Mövsüm işləri başlayandan hamı bildirir ki, bolluq olacaq. Biz də bu amalla çalışırıq. 

Pambıq bitkisindən əlavə, rayonda 7341,23 hektarda payızlıq əkinlər səpilib. Bunun 3679,2 hektarı arpa, 2866,6 hektarı buğda, 

103 hektarı xəsil üçün arpa, 645 hektarı təzə yonca, 46,43 hektarı yerköküdür. Sahələrdə vegetasiya  suyu aparılmış, yemləmə gübrəsi verilmiş, siçanabənzər gəmiriçilərə,  xəstəliklərə və alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür. 

Rəcəbli kəndinin sakini, taxılçılıq üzrə fermer Vüsal Mirzəyev deyir: 

- Ötən təsərrüfat ili buğda istehsalçıları üçün çox çətin oldu. Bunun bir səbəbi qeyri-sabit hava şəraiti, digər səbəbi isə siçanabənzər gəmiriçilərin həddindən çox olması idi. Buna baxmayaraq, hər hektardan 35 sentner məhsul götürdüm. Cari ildə isə 5 hektarda taxıl becərmişəm. Şükür, vəziyyət yaxşıdır. Gəmiriçilər də, demək olar ki, yoxdur. Artıq sünbüllər dənə dolur. Bu mənzərə insanda xoş əhvali-ruhiyyə yaradır. 

Tərtər rayonunun təsərrüfatlarında yazlıq bitkilər, o cümlədən dən üçün sorqo, təzə yonca, günəbaxan, kartof, tərəvəz və digər bitkilər əkilib. İlıq yaz günlərində  əkinçilər sahələrə çıxıb böyük ümidlərlə, həvəslə çalışırlar. Onlar mütərəqqi texnologiyaları tətbiq edərək həm məhsuldarlığı artırır, həm də əl əməyini yüngülləşdirirlər. Elmi nailiyyətlər ən ucqar kəndələrə də  ayaq açıb həyatımızı dəyişdirir. Bu, yeni dövrün tələbidir və zaman keçdikcə fermerlər mütərəqqi üsulların tətbiqinə daha çox üstünlük verirlər. 


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!