08 Yanvar 2022 00:48
1301
SİYASƏT

32 səfər 21 obyektin açılışı, 37 təməlqoyma

 

 

Müzəffər Komandan İlham Əliyev 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzuru quruculuğun baş meydanına çevirdi

 

Böyük uğurlarla, siyasi və iqtisadi nailiyyətlərlə zəngin olan daha bir ili geridə qoyduq. Yeni ildə arxaya boylanıb, ötən il olub-keçənlərə nəzər salıb, ən yaxın keçmişin yaddaqalan səhifələrini vərəqləyəndə xeyli maraqlı hadisələrə, uğurlara şahidlik edirik.

Ötən il Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməzi, yenidənqurulma, tikinti-quruculuq işlərinin başlanması, qarşıda duran ən prioritet məsələlər idi...

 

Prezidentin xeyir-duası ilə başlanan böyük layihələr

 

Qarabağı 44 günə “dəmir yumruq” əməliyyatı ilə düşməndən təmizləyən Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə “dəmir iradə” ilə işğaldan azad olunmuş torpaqlarımızda şəhər və kəndlərin baş planları əsasında “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrasına start verdi.

Bütün proseslərə nəzarət edən Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət etdi, müxtəlif yeni obyektlərin təməlini qoydu, bəzilərinin hətta açılışını etdi. Ümumilikdə, 2021-ci ildə İlham Əliyev azad edilmiş torpaqlara dəfələrlə səfər edərək həyata keçirilən genişmiqyaslı bərpa işlərinə xeyir-duasını verdi.

Prezident il ərzində işğaldan azad edilmiş 10 şəhər və rayona - Şuşa (7 dəfə), Füzuli (7 dəfə), Xocavənd (5 dəfə), Zəngilan (4 dəfə), Cəbrayıl (3 dəfə), Laçın (2 dəfə), Qubadlı (1 dəfə), Kəlbəcər (1 dəfə), Ağdam (1 dəfə) və Tərtərə (1 dəfə), ümumilikdə 32 dəfə səfər edib. Bu səfərlər çərçivəsində dövlət başçısı 21 sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edib, 37 obyektin təməlini qoyub, yenidənqurma işlərinin gedişatı ilə mütəmadi maraqlanaraq tapşırıq və tövsiyələrini verib.

 

39 ildən sonra Şuşaya Qalib Sərkərdə kimi qayıdan Baş Komandan

 

Ötən il Prezidentin Qarabağa səfəri yanvar aynın 14-nə təsadüf etdi. Həmin gün İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda Qarabağın hava qapısı adlandırılan aeroportun təməllərini qoydu.

Bu həm də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Füzulinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin böyük hərbi-siyasi hadisəsi idisə, ilk daxili səfərin Qarabağa edilməsi də özlüyündə rəmzi məna daşıyırdı.

Xatırladaq ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.

Yeni təməli qoyulan Qarabağın hava qapısının əsas məqsədi isə, ilk növbədə, xarici qonaqların Şuşaya gəlişini təmin etməkdən ibarətdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gələn xarici qonaqlar çox rahat və qısa müddət ərzində Prezidentin “Zəfər yolu” adlandırdığı 4 zolaqlı yolla Şuşa şəhərinə gedə bilərlər.

Həmin gün Prezident Xocavənd rayonunun bir neçə kəndində olub, erməni vandalizminin əyani təzahürünü bir daha dünyaya nümayiş etdirdi və Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlıdan sonra Müzəffər Ali Baş Komandan kimi Qarabağın tacı olan Şuşaya ayaq basdı.

Şuşaya Qalib Komandan kimi gələn İlham Əliyev qədim qalamızda üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşərək səmimi söhbət etdi, Şuşa ilə bağlı xatirəsini paylaşdı. Bəlli oldu ki, İlham Əliyev sonuncu dəfə Şuşaya 39 il öncə məhz yanvarın 14-də səfər edib. Bu gün isə Şuşaya Müzəffər Komandan kimi gəlib.

Qürurlu və fəxarətli addımı ilə düşmənə gözdağı verən Qalib Sərkərdə bir daha bəyan etdi ki, Şuşa öz sahibinə məxsusdur və Azərbaycan xalqı bundan sonra bu torpaqda əbədi yaşayacaq. Ermənilərin 30 il ərzində viran etdikləri şəhər və kəndlərimiz, tarixi abidələrimiz bərpa ediləcək.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini ziyarət edib, hər 3 dini ocağa “Qurani-Şərif” bağışladılar.

Yanvarın 15-də Prezident Cıdır düzünə çıxıb Qarabağı seyr etdi və dedi ki, düşmən qədim şəhərimizi dağıtsa da, Şuşa əyilməyib, sınmayıb və bu gün şəhəri əzəmətli görmək hər kəsi hədsiz dərəcədə qürurlandırır.

 

Zəngəzur dəhlizinin açılması istiqamətində ilk addım - modern “ağıllı kənd” layihəsi

 

İşğaldan azad olunan torpaqlarda yaradılan yeni infrastrukturlarla mütəmadi olaraq maraqlanan və tapşırıqlarını verən İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura hər səfərində yeni-yeni mühüm sosial-iqtisadi obyektlərin təməlini qoyur və bununla da Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir.

Bütün bunlar isə göstərir ki, Azərbaycan qlobal pandemiya ilə mübarizə şəraitində belə işğaldan azad edilən ərazilərində heç kimdən yardım almadan öz gücünə quruculuq işləri aparmağa qadir ölkədir.

İlham Əliyevin fevralın 14-də Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarına səfəri və mühüm sosial-iqtisadi obyektlərin təməlini qoyması bunun bariz təcəssümü idi.

Bu dəfə İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Həmin müddəalardan birində regionda nəqliyyat-kommunikasiyaların bərpası nəzərdə tutulur.

Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti yeni dəhlizin bir parçasıdır. Bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Zəngilan rayonunda isə bir ilk yaşandı. Bəlli oldu ki, rayonun 3 kəndində yeni pilot layihə - “ağıllı kənd” layihəsi reallaşdırılacaq. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Birinci Ağalı kəndi bərpa ediləcək ilk kənd olacaq. İkinci və Üçüncü Ağalı kəndləri də “ağıllı kənd” konsepsiyası əsasında qurulacaq.

Düşmənin hərbi kapitulyasiyası ilə boşaldılan Laçın rayonunda isə ilk olaraq “Güləbird” Su Elektrik Stansiyası açıldı.

Ümumiyyətlə, azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait mövcuddur. İlham Əliyev də bütün çıxışlarında xüsusi olaraq vurğulayr ki, tezliklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edəcək. Bununla da ermənilərin illərlə susuz qoyduğu torpaqlarımız cana gələcək. Aqrar sektorda inkişaf yaranacaq.

 

Şuşada yandırılan ilk Novruz tonqalının şöləsi bütün Qarabağı işıqlandırdı

 

Prezidentin Qarabağa növbəti səfəri martın 15-də reallaşdı. Bu səfər çərçivəsində İlham Əliyev Füzuli, Xocavənd rayonlarında görülən işlərlə tanış oldu, yeni təməlqoyma mərasimlərində iştirak etdi, Hadrutda Azərbaycan bayrağını ucaldıb, inşa edilməkdə olan “Zəfər yolu” ilə Şuşaya qalxdı.

Səfər çərçivəsində Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməli qoyuldu. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

Xocavənddən Şuşaya yollanan Prezident Molla Pənah Vaqifin məqbərəsində bərpa işlərinin başlanması ilə bağlı tapşırıqlarını verdi və məqbərənin əvvəlki görkəminin saxlanılmasını tapşırdı.

4 gün sonra - martın 20-də ölkəmizdə Novruz bayramı qeyd edildi. Bu dəfə tam fərqli bayram sevinci yaşandı. İşğaldan azad edilmiş bütün torpaqlarımızda tonqalllar qalandı. Ən yüksək zirvədə, Zəfərin simvolu olan Şuşada isə Ali Baş Komandan bayram tonqalını alovlandırdı. Cıdır düzündəki alovun şöləsi bütün Qarabağı işıqlandırdı.

 

Azərbaycan bütün öhdəliklərinə sadiqdir

 

İkinci Qarabağ müharibəsindən sonra bütün diqqətlər gələcəyə yönəldi. Eyni zamanda tərəflər 10 noyabr bəyanatında əksini tapan müddəaların reallaşması üçün əməli addımlar atmalı idilər. Azərbaycanın bu istiqamətdə gördüyü işlər göz önündə idi.

Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edirdi ki, postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradıb. Regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Həqiqətən də, regionun gələcək inkişafı üçün böyük imkanlar mövcuddur. Bu imkanların reallığa çevrilməsi üçün, ilk növbədə, uzunmüddətli sülhün təmin edilməsi vacib şərtlərdən biridir.

Ona görə də əsas diqqət nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətinə yönəlməli idi. Azərbaycan həm işğaldan azad edilən ərazilərində yenidənqurma işlərini həyata keçirir, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə düşən öhdəliyin icrasını reallaşdırırdı.

Prezidentin aprelin 26-da Cəbrayıl və Zəngilana növbəti səfəri zamanı təməlini qoyduğu mühüm sosial-iqtisadi infrastrukturlar da bunu bir daha təsdiqlədi. Səfər zamanı Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun, rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” layihəsinin təməli qoyuldu.

Layihəyə əsasən ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də “ağıllı texnologiyalar” əsasında qurulacaqdı. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaqdır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.

Zəngilan aeroportunun təməlinin qoyulması ilə işğaldan azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verildi. Zəngilan rayonunun coğrafi mövqeyi və burada olan imkanlar təbii ki, rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yaxşı imkanlar yaradır. Coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq.

 

29 ildən sonra “Xarıbülbül”ün səsi bütün Qarabağa yayılır

 

Tarix şahiddir ki, Şuşa hər zaman Azərbaycanın mədəniyyət mərkəzi olub. Burada keçirilən musiqi festivalları dünyaya səs salıb. Amma 1992-ci ildən 2020-ci ilədək işğal altında olduğu müddətdə şəhər sanki yasa batmışdı.

Vətən müharibəsindəki Şanlı Zəfərdən sonra Xarıbülbülün vətənində torpaq da, daş da oyandı, sular duruldu və Şuşa özünə qayıtdı.

Mayın 12-də isə Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı dünyaya yenidən səs saldı. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı.

Prezidentin tapşırığı ilə keçirilən festivalda ölkəmizdə yaşayan azsaylı xalqların incəsənət ustaları və Azərbaycanın tanınmış incəsənət xadimləri də iştirak etdilər.

Bir gün əvvəl Xocavənd rayonunda görülən işlərlə tanış olan İlham Əliyev Şuşada bir sıra mühüm sosial-iqtisadi obyektlərin açılış mərasiminə qatılır. Prezidentin iştirakı ilə şəhərdə 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə verilir, “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılışı olur, yeni məscid və 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulur. Prezident və ailə üzvləri Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olur, xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirirlər. Həmçinin “Xan qızı” bulağında, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada, rəsm qalereyasında görülən işlərlə tanış olan dövlət başçısı tapşırıq və göstərişlərini verir.

29 ildən sonra ilk dəfə keçirilən “Xarıbülbül” festivalında səslənən milli müsiqimizin sədası, muğamın avazı bütün Qarabağa yayılır. Prezident bu mərasimi dəyərləndirərək deyir ki, bu, musiqi bayramı, birlik, qayıdış və ləyaqət bayramıdır.

Həmin gün Şuşada keçirilən atəşfəşanlıq isə Azərbaycanın dünyaya sülh mesajı oldu. İlham Əliyev bir daha bəşəriyyətə göstərdi ki, Qarabağı 44 günə azad edən ölkə qısa zamanda bu torpaqlarda böyük xariqələr yaratmaq gücündədir.

Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə başa çatır.

 

İlham Əliyevin təsdiq etdiyi ilk baş plan Ağdamdan başlayır

 

44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər Ali Baş Komandan İlham Əliyevin əsl Sərkərdə məharətinin göstəricisi, bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcərin azadlığa qovuşması isə siyasi diplomatiyasının təntənəsidir.

Savaş meydanında məğlub olan Ermənistanın hərbi kapitulyasiyası ilə düşmən illərlə möhkəmləndiyi 3 rayondan çıxmaq məcburiyyətində qaldı. İşğaldan azad edilən Ağdamın ilk görüntüləri isə ürək dağladı. Düşmən bu şəhərdə daşı daş üstündə qoymamışdı. İlham Əliyev noyabrın 20-də Ağdamın təhvil verilməsindən 3 gün sonra “ruhlar şəhəri”nə gəlmişdi. Həmin səfəri izləyən hər bir insan bir daha erməni vandalizminə, erməni barbarlığına şahidlik etmişdi.

Ötən il İlham Əliyev Ağdama 2-ci səfərini çox əlamətdar gündə gerçəkləşdirdi. 28 May - Respublika Günündə (Müstəqillik Günü) dövlət başçısı Ağdamın Baş planı ilə tanış oldu və bir sıra mühüm obyektlərin təməlini qoyaraq xeyir-duasını verdi.

Səfər çərçivəsində Bərdə-Ağdam yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməllərini qoydu.

Prezident Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, Şahbulaq qalası və Qiyaslı məscidində oldu. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də Pənahəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. Xan sarayının yaxınlığında yerləşən və Qarabağın xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.

Səfər zamanı bəlli oldu ki, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ salınacaq.

Baş plan ilə tanışlıqdan sonra Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev səfərin xüsusi gündə təşkil olunmasının rəmzi məna daşıdığını vurğuladı.

Ümumiyyətlə, məhz bayram günündə Ağdama səfər, ilk baş planın təsdiqi bir daha İlham Əliyevin Ağdamın timsalında işğaldan azad edilmiş şəhər və rayonların yenidənqurulması prosesinə necə diqqət göstərdiyinin əyani təzahürü idi.

İlham Əliyev Vətən müharibəsində şanlı qələbədən sonra Ağdama ikinci səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir Ağdamın qurulacağını bəyan etdi və modern şəhərin təməlini qoydu. Bu, təkcə ağdamlılara yox, bütün dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi.

 

Türkiyə Prezidentinin Qarabağa ilk səfəri, tarixi Şuşa Bəyannaməsinin imzalanması

 

Prezidentin təməlini qoyduğu bütün sosial-iqtisadi obyektlərdə işlər elə sürətlə aparılırdı ki, bəzən bir ilə yekunlaşmalı olan layihə bir neçə aya hazır olurdu. Bu da həmin layihələri gerçəkləşdirən şirkətlərin iş fəaliyyətinin yüksək keyfiyyətini, götürdiyü öhdəliyi vaxtından əvvəl həyata keçirməsini əyani təsdiq edirdi.

Buna misal kimi Füzuli hava limanını göstərmək olar. Prezidentin xüsusi diqqətində olan hava limanının tikintisi cəmi 8 aya reallaşdı. Yanvar ayında təməli qoyulan hava limanına sentyabr ayının 5-də ilk sınaq uçuşları həyata keçirildi. Yəni hava limanı tam hazır vəziyyətə gətirilmişdi.

İyunun 14-də Prezident növbəti dəfə Qarabağda həyata keçirilən layihələrin gedişatı ilə maraqlandı və ilk olaraq Füzuli rayonuna səfər edərək hava limanında tikinti işlərinin gedişi ilə tanış oldu.

Prezident həmçinin Aşağı Köndələnçay su anbarına və Əhmədbəyli-Füzuli-Şuşa yolunda, eləcə də “Zəfər yolu”nda görülən işlərlə tanış oldu.

Səfər çərçivəsində Prezident həm də “Füzuli” yarımstansiyasının açılışını edir. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Bu səfər çərçivəsində həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin də təməli qoyulmuşdur. Həmin ərazidə ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metrdir.

Bir gün sonra daha bir tarixi hadisə yaşanır. İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk dəfə səfər edir.

İlham Əliyev dost və qardaş ölkənin rəhbərini Füzulidə qarşılayır və hər iki dövlət başçısı birlikdə Şuşa şəhərinə yola düşürlər.

Mədəniyyətimizin paytaxtında Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilir. Liderlərin təkbətək görüşlərindən sonra hər iki ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi imzalanır. Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər.

Liderlər bəyan etdilər ki, imzalanmış bəyannamə iki qardaş ölkə arasındakı bütün əlaqələri ən yüksək zirvəyə qaldıracaq. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi deyir.

Bir sözlə, Şuşa Bəyannaməsi ilə qardaş ölkələrin əlaqələrinin yeni dövrdəki yol xəritəsi müəyyənləşdirildi.

Sənədin imzalanmasının məhz Azərbaycan xalqının Qurtuluş Gününə - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var idi. Bütün dünya tarixin təkrarlanmasına və oxşar hadisələrin yenidən baş verməsinə şahidlik etdi. Təsadüfi deyildi ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın Prezidenti Qars müqaviləsini yada saldı. İlham Əliyev dedi ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələ öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyət, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. “Cənub qaz dəhlizi”nin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Sənəddə hər bir məsələ çox böyük önəm daşıyır.

Bu bəyannamə ilə həm də yeni hərbi güc yarandı. Belə ki, bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidirlər ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Həmin gün Şuşada bayram bayrama qarışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edildi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan “Xan qızı” bulağında oldular.

 

Kəlbəcərin tunelləri, körpülər, “İstisu” sanatoriyası...

 

Prezident işğaldan azad edilən Kəlbəcər rayonuna ilk səfərini avqustun 16-da reallaşdırdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından keçməklə Kəlbəcərə gəlirlər.

Bu yol son bir neçə ay ərzində genişləndirilib. Çünki yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq.

Kəlbəcər şəhərində dövlət bayrağını ucaldan Prezident N saylı hərbi hissədə hərbçilər üçün yaradılan şəraitlə tanış oldu. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində “İstisu” sanatoriyasına da baş çəkdilər.

Burada yeni yol çəkilir - İstisu-Minkənd yolu. O yol ki heç vaxt olmayıb. Uzunluğu 51 kilometr olan yol Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirəcək. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq.

Səfər çərçivəsində Prezident Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyur.

 

Hər bir azərbaycanlının ürəyini dağa döndərən yenidənqurma işləri

 

“Biz Qarabağı dirçəldəcəyik, onu dünyanın ən inkişaf etmiş regionlarından birinə, Şərqi Zəngəzuru isə cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Vətən müharibəsindəki şanlı Zəfərdən sonra işğaldan azad edilən torpaqlarımıza səfəri zamanı, eləcə də iştirak etdiyi beynəlxalq toplantılarda bu fikirləri qətiyyətlə söyləyən İlham Əliyev cəmi bir il ərzində gördüyü işlərlə sözünə, əməlinə sadiq lider olduğunu bir daha isbatlayır. Bu gün Qarabağın inkişafı, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, ümumilikdə Böyük qayıdış planının icrasına başlanması istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Qarabağı 44 günə düşməndən təmizləyən qüdrətli Sərkərdə indi onun yüksəlişinin baş memarı kimi xariqələr yaradır.

Avqustun 29-30-da Füzuli və Şuşa şəhərlərinə səfərlər də bir daha təsdiqləyir ki, İlham Əliyev qısa zamanda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm layihələr gerçəkləşdirməklə bir daha Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirir.

Bu il Şuşaya 5-ci səfəri zamanı Prezidentin açılışını etdiyi obyektlər hər bir azərbaycanlının ürəyini dağa döndərdi. İlham Əliyevə təqdim edilən şəhərin baş planına uyğun olaraq yeni yaşayış kompleksinin, “Otel və Konfrans Mərkəzi”nin təməl daşı qoyuldu. Plana əsasən ilkin mərhələdə Şuşada 3, 4 və 5 mərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulur.

Şuşada “Qarabağ” hotelinin, Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, Üzeyir bəy Hacıbəylinin heykəlinin açılış mərasimləri olur.

Avqustun 30-da Şuşada uzun illərdən sonra yenidən bərpa edilən Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilir və 39 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən canlanır. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi.

 

30 il suya həsrət qalan torpaqlarda canlanma yaranır

 

Böyük Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdəki mövcud su ehtiyatları su təminatı çətin olan bölgələrə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaratdı. Çünki ermənilər illərlə torpaqlarımıza gələn suların qarşısını ya kəsir, ya da çirkləndirməklə ekoloji terror törədirdilər.

Bu gün artıq mövcud olan su elektrik stansiyaları hesabına susuz qalmış torpaqlarımıza canlanma gəlib. Oktyabrın 3-də Prezidentin Qarabağa növbəti səfərində açılışı olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları bu məqsədlərə xidmət edir. Məhz Suqovuşan azad edildikdən sonra 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilib və indi itkiyə yol verməmək üçün kanallarda təmir işləri gedir.

Bu gün Prezidentin tapşırığına əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilir. İlham Əliyev də bu stansiyaların açılışı zamanı bildirdi ki, artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.

Bu səfər çərçivəsində Prezident Tərtərin Talış kəndi və Suqovuşan qəsəbəsində aparılan yenidənqurma işləri ilə də tanış odlu. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıq hər kəs tərəfindən açıq-aydın görünür. Bu gün regionda diktəni İlham Əliyev edir.

  1. dövlət kimi işğaldan azad edilən torpaqlarda müxtəlif istiqamətli layihələr reallaşdıran Azərbaycan həm də xarici investorları Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmağa səsləyir. İlham Əliyev iştirak etdiyi bütün toplantılarda strateji tərəfdaş olmayan ölkələrin də sahibkarlarına çağırış edərək onları Azərbaycana dəvət edir.

Artıq işğaldan azad olunan ərazilərdə bir çox xarici şirkət fəaliyyət göstərir. Oktyabrın 4-də Prezidentin Cəbrayıl rayonuna səfəri zamanı açılışını etdiyi “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışı da bunu təsdiqləyən reallıqdır. Şərqi Zəngəzur iqtisadi rayonunda böyük ərazilər və dövlətin investorlara güzəştləri xarici sahibkarların Azərbaycana marağını daha da artırır.

Onu da əlavə edək ki, ötən il Cəbrayılda bir sıra müəssisə, yeni obyektlərin təməli qoyulub. Prezidentin iştirakı ilə 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Oktyabrın 4-də İlham Əliyev Cəbrayıl Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhəri ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Memorial Kompleksinin, Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

 

Hadrutdan düşmənə gözdağı

 

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yaşanan tikinti bumu Ermənistana gözdağı verir. Dünya isə bir daha şahidi olur ki, torpağın əsl sahibi kimdir. Qeyri-qanuni məskunlaşma siyasətinin bir gün sonu olmalı idi. Müharibəyə qədər ermənilərin ən çox məskunlaşdığı və strateji məkan hesab etdiyi yer Hadrut qəsəbəsi idi.

44 günlük savaşda Hadrutun Azərbaycan Ordusunun Zəfər yürüşündə düşməndən azad edilməsi böyük taktiki və psixoloji üstünlüyün əldə olunması ilə nəticələnib. Hətta qəsəbənin işğaldan azad edilməsi xəbərindən sonra belə Ermənistan rəhbərliyi xalqın qəzəbinə tuş gəlməmək üçün yalan informasiya yayaraq Hadrutun onların nəzarəti altında olduğunu bəyan edirdi. Lakin bir qədər sonra yalan ifşa olundu.

Ötən il İlham Əliyev Qalib Sərkərdə kimi Hadrut dağlarına qalxdı. Oktyabrın 9-na təsadüf edən bu səfərdə Ali Baş Komandan düşmənə bir daha gözdağı verdi. Qəsəbədə yeni məscidin və yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməli qoyuldu. Hadrutdan Tuğ kəndinə səfər edən dövlət başçısı bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirdi. Azərbaycanın ən qədim kəndlərindən biri olan Tuğda bütün dini, mədəni abidələrimiz darmadağın edilmişdi. Amma Prezident onların hər birinin təmir olunacağını bildirdi.

Oktyabrın 17-də isə Füzuli rayonunda bir ilk yaşandı. Şəhərin baş planına əsasən Füzuli Memorial Kompleksi, Füzuli-Ağdam yolu və şəhərin təməl daşı qoyuldu. Həmçinin işğal zamanı daşı daş üstündə qalmayan Dövlətyarlı kəndində yeni “ağıllı kənd” layihəsinə start verildi.

Qeyd edək ki, “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin yaradılması istiqamətində də işlər davam edir. Eyni proseslər Zəngilan və Qubadlı rayonlarında da reallaşdırılır.

Oktyabrın 20-də Zəngilan, 25-də Qubadlı rayonlarına səfəri zamanı İlham Əliyev mühüm obyektlərin inşası ilə tanış olur, rayonlar üçün vacib sayılan layihələrə start verilir.

Digər rayonlarda olduğu kimi, Zəngilanda da Rəqəmsal Yarımstansiyasının təməli qoyulur. “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışı olur. Mərasimlərdən sonra Prezident Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşür.

Qubadlı rayonunda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında dövlət başçısı iştirak edərək vurğulayır ki, tezliklə əhalinin doğma yurdlarına qayıtması üçün bütün infrastrukturlar tam hazır vəziyyətə gətiriləcək. Buna Azərbaycan dövlətinin gücü, qüdrəti çatır. Kimdənsə yardım, kömək istəmək bu ölkəyə yaraşmaz.

 

Türkiyə Prezidentinin Qarabağa 2-ci səfəri, 8 aya inşa edilən hava limanı

 

Oktyabrın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci dəfə Qarabağa səfər edir və bu dəfə Şərqi Zəngəzurda görülən işlərlə tanış olur.

Öncə dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılıb burada yaradılan şəraitlə tanış olurlar. Sonra prezidentlər Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak edirlər. Həmin gün liderlər Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar.

Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və “Anadolu” Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim edir.

Liderlər Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olurlar. Sonra təkbətək görüş keçirilir və prezidentlər mətbuata birgə bəyanatla çıxış edirlər.

İlham Əliyev bəyan edir ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha Azərbaycan və Türkiyə birliyini, gücümüzü göstərir. Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan isə qeyd edir ki, qısa zaman ərzində böyük işlərin görülməsi Azərbaycanın qüdrətinin nə qədər yüksək olduğundan xəbər verir: “Bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir”.

Həmin gün Türkiyə Prezidentinin səfəri başa çatır və bir daha dünyaya bəlli olur ki, bu birlik sarsılmazdır. Bu səfər zamanı təməli qoyulan Zəngəzur dəhlizi isə bütün türk dünyasını birləşdirəcək layihədir.

 

İlham Əliyevin qətiyyəti - “Zəfər yolu”nun açılışı, Topxana meşəsinin bərpası

 

Ötən il noyabr ayında daha bir yaddaqalan tarixi hadisə baş verir. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu” İlham Əliyevin iştirakı ilə noyabrın 7-də istifadəyə verilir.

“Zəfər yolu”nun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası, İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.

Dövlət başçısı bu səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olur. Şuşada Topxana meşəsinin bərpasına start verilir və ağacəkmə aksiyası keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkirlər.

Azərbaycan xalqına bəllidir ki, İlham Əliyev doğum gününü qeyd etməyi sevməyib. Prezident adətən həmin günü qaçqın və məcburi köçkün ailələri ilə birgə keçirirdi. İlham Əliyev 50 illik yubileyini Ağcabədidə məcburi köçkün ailəsi ilə birgə qeyd etmişdi. 60 illik yibileyini isə Qarabağda - Şuşada, Cıdır düzündə qeyd etdi.

Dekabrın 24-də Prezident ailə üzvləri ilə birlikdə Xocavənd və Şuşaya gəldi. Öncə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak etdi. Yeni yaradılan “Komando Briqadası”nda yaradılmış şəraitlə maraqlandı və hərbçilərin sərgilədikləri müxtəlif döyüş tapşırıqlarının icra prosesini izlədi. Ali Baş Komandan hərbçilər qarşısında çıxışı zamanı dedi ki, ölkəmizdə “Komando” briqadalarının sayı getdikcə artacaq və Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü silahlı birləşmələri sırasındakı mövqeyini daha da yaxşılaşdıracaq.

Daha sonra Şuşaya gəlib Cıdır düzündə çıxış edən Prezident dedi ki, 50 və 60 illik yubileylərinin Qarabağda qeyd edilməsinin rəmzi mənası var, bu iki tarix arasında bir canlı bağlantı var.

Ölkə ərazisində və bölgədə gedən proseslərə Azərbaycan heç zaman seyrçi olmayıb. Ancaq bütün proseslər böyük dərəcədə Azərbaycan tərəfindən həyata keçirilirdi. Azərbaycan bölgə gündəliyini formalaşdırırdı. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra isə bu gün güc, nüfuz və təsir dairəsi daha da genişlənib.

Bir sözlə, 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərdən sonra İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma, tikinti-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Çünki İlham Əliyevin dediyi kimi, Azərbaycan yalnız öz gücünə, heç bir dövlətdən yardım almadan bu layihələri gerçəkləşdirir. Ötən il Prezidentin 32 dəfə bu iki iqtisadi rayona səfərləri də onu deməyə əsas verir ki, bütün işlər dövlət başçısının ciddi nəzarəti altındadır. Tezliklə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm layihələrin icrası yekunlaşacaq və Böyük qayıdış başlayacaq.

 

Qarabağ və Şərqi Zəngəzurda açılışı olan sosial-iqtisadi infrastrukturlar, mədəniyyət abidələri

 

Yol-nəqliyyat layihələri:

 

* Füzuli Beynəlxalq Hava Limanı;

* “Zəfər yolu”;

* Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları;

* Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolu.

 

Enerji layihələri:

 

* 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası;

* 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyası;

* 110/35/10 kilovoltluq”Cəbrayıl” yarımstansiyası;

* 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyası;

* 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyası;

* “Güləbird” Su Elektrik Stansiyası;

* “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları.

 

Hərbi infrastruktur:

 

* Zəngilanda DSX-nin hərbi hissə kompleksi;

* Qubadlıda DSX-nin yeni hərbi hissə kompleksi;

* Cəbrayılda Sərhəd Qoşunlarına məxsus yeni hərbi hissə;

* Hadrutda “Komando Briqadası”.

 

Sosial infrastruktur və mədəniyyət abidələri:

 

* Şuşada “Xarıbülbül” hoteli;

* Şuşada “Qarabağ” hoteli;

* Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi;

* Şuşada Bülbülün ev-muzeyi;

* Şuşada Molla Pənah Vaqifin büstü;

* Şuşada Üzeyir bəy Hacıbəylinin heykəli.

 

Qarabağ və Şərqi Zəngəzurda təməli qoyulan sosial-iqtisadi infrastrukturlar:

 

Yol-nəqliyyat layihələri:

 

* Füzuli Beynəlxalq Hava Limanı;

* Zəngilan Beynəlxalq Hava Limanı;

* Laçın Beynəlxalq Hava Limanı;

* Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti;

* Füzuli-Şuşa yolu;

* Füzuli-Hadrut avtomobil yolu;

* Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu;

* Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu;

* Bərdə-Ağdam avtomobil yolu;

* Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu;

* Kəlbəcər-Laçın yolu üzərində yeni tunel;

* Zəngilan-Horadiz avtomobil yolu;

* Füzuli-Ağdam avtomobil yolu;

* Daşaltı kəndinin ərazisindən keçən tunel.

 

Enerji layihələri:

 

* Zəngilan Rəqəmsal Yarımstansiyası;

* Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzi.

 

Sənaye infrastrukturu:

 

* Ağdam Sənaye Parkı;

* Şərqi Zəngəzurda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı;

* Zəngilan “Dost Aqropark”;

* Cəbrayılda “KamAZ” ASC və “Gəncə Avt

omobil Zavodu”nun birgə servis mərkəzi.

 

Sosial və mədəniyyət layihələri:

 

* Şuşa Rayon Mərkəzi Xəstəxanası;

* Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası;

* Cəbrayıl Memorial Kompleksi;

* Cəbrayıl şəhərinin təməl daşı;

* Şuşa Radio-Televiziya yayım qülləsi;

* Füzulidə ilk yaşayış binaları;

* Cəbrayılda çoxmənzilli yaşayış məhəlləsi;

* Zəngilan “ağıllı kənd” layihəsi;

* Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası;

* Ağdam şəhər 1 saylı məktəb;

* Şuşa şəhər 1 saylı məktəb;

* Cəbrayılda akademik M.Mehdizadə adına tam orta məktəb;

* Şuşada “Otel və Konfrans Mərkəzi”;

* Şuşada inşa olunacaq ilk yaşayış binası;

* Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” layihəsi;

* Daşaltı kəndində məscid;

* Şuşada yeni məscid.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video