Türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq təşkilat
Uğurla fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaranmasının 30 illiyi qeyd olunur. Bu türkdilli ölkələr arasında qurulan ilk beynəlxalq təşkilatın yaradılması ideyası 1992-ci ildə irəli sürülmüşdü. Bakı və İstanbul şəhərlərində bununla bağlı bir sıra görüşlər təşkil olunmuşdu.
Nəhayət, 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanmışdı.
Birlik, bərabərlik yolunda...
XX yüzilliyin sonlarına doğru dünyanın diqqətini cəlb edən tarixi hadisə baş verdi. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı nəhəng imperiya dağıldı. İttifaqın tərkibində uzun illər yaşamalı olmuş xalqlar siyasi müstəqilliklərinə nail oldular və suveren dövlətlərini qurdular.
Bundan sonra öz müqəddəratlarını özləri həll etmək iqtidarında olan ittifaqın tərkibindən ayrılmış türk xalqları da özünütəsdiq və özünəqayıdış yolu ilə irəliləməyə başladılar. Zəngin və qədim mədəni irsə sahib, soyları, dilləri bir olan bu xalqar bir təşkilatda birləşməyin məqsədəuyğunluğunu nəzərə aldılar.
Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə beynəlxalq təşkilat - TÜRKSOY Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında quruldu. İlk dəfə 1992-ci ilin oktyabrında Ankarada türkdilli dövlətlərin başçılarının zirvə görüşü təşkil olundu. Həmin tədbir Ankara Bəyannaməsinin qəbul olunması ilə tarixi hadisəyə çevrilərək unudulmaz oldu. Qardaş türk xalqları arasında dostluğun və əməkdaşlığın inkişafına xidmət edən bu görüş ənənəyə çevrildi.
1993-cü il iyulun 12-də TÜRKSOY yaradıldı. Tarixi, dili, mədəniyyəti ilə eyni kökə bağlı olan türk xalqları bu beynəlxalq təşkilatda birləşərək təqdirəlayiq işlər həyata keçirməyə başladılar.
TÜRKSOY fəaliyyətinin ilk dövrlərindən qarşısına qoyduğu məqsədinə sadiqdir, türk xalqları arasında əlaqələrin inkişafına, ortaq mədəni dəyərlər vasitəsilə dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə səy göstərir. Artıq mötəbər beynəlxalq təşkilata çevrilən TÜRKSOY ötən illər ərzində türk xalqları mədəniyyətinin inkişafı və beynəlxalq aləmdə təbliği sahəsində səmərəli işləri ilə məqsəd və məramını bütün dünyada uğurla nümayiş etdirir. Mədəni yönümü ilə diqqət çəkən TÜRKSOY digər beynəlxalq təşkilatlarla, xüsusilə UNESCO ilə əməkdaşlıq əlaqələri qurub.
Təşkilat fərqli coğrafiyalarda yaşayan türk xalqlarının milli-mədəni irsinin öyrənilməsi və əlaqələndirilməsi istiqamətində də böyük işlər reallaşdırır. Belə ki, TÜRKSOY 1993-cü ildən başlayaraq bəşər mədəniyyəti xəzinəsinə nadir incilər vermiş türk xalqlarının zəngin irsinin araşdırılıb üzə çıxarılmasında, öyrənilməsində və dünyada geniş təbliğ olunmasında mühüm mədəni layihələr həyata keçirir.
Bayrama çevrilən günlər
Türk xalqlarının mədəni irsinin öyrənilməsində TÜRKSOY-un rolu olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Ayrı-ayrı ölkələrdə düzənlənən festivallar, mədəniyyət günləri, beynəlxalq müsabiqələr, sərgilər, yubiley və xatirə gecələri bu istiqamətdə atılan mühüm addımlardır. TÜRKSOY-un təşkilatçılığı ilə ənənəvi olaraq türk xalqlarının həyatındakı mühüm tarixi hadisələr, bəşər mədəniyyətinin inciləri hesab olunan milli eposların, dahi şəxsiyyətlərin, korifeylərin ildönümləri bayram edilir. İndiyədək "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının, türkdilli xalqların milli eposu, ümumi sərvəti olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunan və digər yubiley mərasimlərinin birlikdə bayram edilməsini və digər unudulmaz tədbirləri buna misal göstərə bilərik.
Bu beynəlxalq qurumun təşkilatçılığı ilə həyata keçirilən birgə işlər, layihələr, tədbirlər xalqlarımız arasında əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. TÜRKSOY-un fəaliyyəti türk xalqlarının mənəvi dəyərlərini tanıtmalarına, dünya mədəniyyətinə inteqrasiyasına kömək göstərir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"