15 Yanvar 2026 08:25
174
CƏMİYYƏT
A- A+
2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr oldu

2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr oldu


Geridə qoyduğumuz 2025-ci il qlobal siyasi və iqtisadi müstəvidə müxtəlif hadisələrlə yadda qaldı. Dövlətlər ötən ili bir-birindən fərqli atmosferdə başa vurdular. Onlardan bir qismi müharibənin, bir hissəsi terrorun, bəziləri isə daxili siyasi çəkişmələrin, iqtisadi böhranların, problemlərin ağrı-acısını yaşadı. 

Azərbaycana gəldikdə, respublikamız 2025-ci ili əvvəlki illər kimi uğurla başa vurdu. Bu dövrdə respublikamızın qarşısında dayanan əsas siyasi və iqtisadi vəzifələr yüksək səviyyədə yerinə yetirildi. İlin yekunları onu söyləməyə bir daha əsas verir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin edən və qarşısına qoyduğu bütün məqsədlərə inamla çata bilən dövlətdir. Bu baxımdan, 2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr kimi yadda qaldı.


İlham ƏLİYEV:  "Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir" 


Öncə onu qeyd edək ki, hər bir ölkənin inkişafında və qarşısına qoyduğu məqsədlərə çatmasında ən əsas amil ictimai-siyasi sabitlikdir. Sabitlik olmayan yerdə nə inkişaf baş verir, nə də dövlətin funksiyaları və qarşısında dayanan vəzifələr yerinə yetirilir. Planetimizin siyasi mənzərəsi göstərir ki, bir sıra dövlətlər qeyri-sabitlikdən, siyasi burulğanlardan konstitusion hüquqların tapdalanmasından əziyyət çəkirlər. Hazırda müxtəlif coğrafiyalarda ayrı-ayrı səbəblərdən hərbi münaqişələr, müharibələr, hərbi böhranlar hökm sürür. Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın qələbə ilə başa çatdırdığı Qarabağ savaşı istisna olmaqla, dünyanın heç bir yerində hansısa münaqişəni tam şəkildə həll etmək mümkün olmamışdır. Nəticə etibarilə bütün bunlar dövlətlərin tarixində və taleyində sağalmaz yaraya çevrilir, onların xalqlarına böyük mənəvi zərbə vurur, vətəndaşları sonugörünməyən məhrumiyyətlərlə üz-üzə qoyur. 

Bu gün Azərbaycana yaxın coğrafiyalarda da siyasi-hərbi böhranlar yaşanır. Ayrı-ayrı ölkələrin sabitliyi dərin təlatümlərlə üz-üzə qalmaqdadır. Yaxın Şərqdə baş verənlər sabitliyin nə qədər böyük sərvət olmasından xəbər verir. Bütün bunlar həm də onu təsdiq edir ki, hər bir dövlətin qarşısında dayanan prioritet milli məsələlərdən biri sabitliyin təmin olunmasıdır.  Bu baxımdan Azərbaycana yalnız region miqyasında deyil, qlobal səviyyədə həsəd aparmaq olar. Azərbaycandakı siyasi-ictimai sabitlik, əmin-amanlıq və təhlükəsizlik digər dövlətlər üçün sözün bütün mənalarında nümunədir. Ulu Öndər Heydər Əliyevin bərqərar etdiyi, cənab Prezident İlham Əliyevin isə qoruduğu və daha da möhkəmləndirdiyi sabitlik respublikamızın inkişafının təməlində dayanan əsas siyasi faktorlardan biridir. Bu baxımdan, 2025-ci ilin uğurlu göstəricilərindən bəhs edərkən öncə respublikamızdakı sabitliyi və xalq-iqtidar birliyini xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ilk olaraq bu barədə danışdı, ötən il xalqımızın sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşadığını bildirdi: "2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir". 

Respublikamızdakı xalq-iqtidar birliyi möhkəm və sarsılmaz təməllər üzərində formalaşıb. Bu isə öz növbəsində sabitliyi, əmin-amanlığı və təhlükəsizliyi şərtləndirən amil kimi özünü göstərir.


Azərbaycanın qətiyyətinə söykənən sülh prosesi


Qarşıda  dayanan ümummilli vəzifələr baxımından 2025-ci ildə Azərbaycan dövlətinin nail olduğu ən böyük siyasi uğur avqust ayında Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in layihəsinin mətninin paraflanmasıdır. Bu hadisə göstərdi ki, döyüş meydanında zəfəri təmin edən cənab Prezident İlham Əliyev bu prosesin davamı olaraq sülhü bərqərar edir. 

Bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu barədə danışan cənab Prezident İlham Əliyev 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğunu bildirərək deyib: "Artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın birnömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq".

Azərbaycanın başlatdığı sülh prosesinin nəticəsi olaraq ötən ilin avqustunda Vaşinqtonda digər razılaşmalar da əldə olundu ki, bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvidir. Minsk qrupunun ləğvi yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biri idi. Bu baxımdan, ötən ilin avqust ayında ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin imzalanması Azərbaycanın mühüm siyasi-diplomatik uğuru oldu. Beləliklə, Ermənistan uzun müddət ATƏT-in Minsk qrupunun hüquqi ləğvinə qarşı dirəniş göstərsə də, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu.

ATƏT Nazirlər Şurası tərəfindən ötən ilin sentyabrın 1-də qəbul olunan Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərara əsasən sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılmışdı. Dekabrın 1-də bu barədə ATƏT tərəfindən verilən açıqlamada qeyd olundu ki, ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində saat 23:59-da Minsk prosesinin və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı.

Minsk prosesinə hüquqi müstəvidə son qoyulması o deməkdir ki, tarixin Qarabağ savaşı səhifəsi bağlanıb. Başqa cür desək, keçmişdə qalmış Qarabağ məsələsini artıq müzakirə edəcək hər hansı bir siyasi mexanizm və ya format yoxdur. Sülh sazişi layihəsinin mətninin paraflanması ilə yanaşı, bu hadisə 2025-ci ildə Azərbaycanın aktivinə yazılan daha bir mühüm hadisə oldu. Hazırda yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın yeganə şərti Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılmasıdır. Bu, Ermənistanın qarşısında duran əsas ev tapşırığıdır. Vaşinqtonda paraflanan və mətni razılaşdırılan sülh sazişi Azərbaycanın tələbi yerinə yetirildikdən sonra istənilən vaxt imzalana bilər.

Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın baş nazirinin Vaşinqtonda keçirilən görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamədə sülh sazişi ilə bağlı əldə olunan bütün razılaşmalar hüquqi baxımdan təsbit olundu. Və bu sənədin məzmunu bütövlükdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyini özündə tam ehtiva etdi. Bu sənəddə Azərbaycanla Ermənistan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılması ilə bağlı müddəanın yer alması, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə edilməsi respublikamızın daha bir milli prioritetinin həyata vəsiqə almasının göstəricisidir.

Vaşinqtonda sülh sazişinin paraflanmasını və əldə olunan digər razılaşmanı birləşdirən ən mühüm siyasi faktor isə Azərbaycan dövlətinin Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsi olaraq regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə tam qəbul edilməsidir.  Hətta Vaşinqton Zirvəsindən sonra vaxtilə Ermənistanın qatı təəssübkeşi kimi çıxış edən siyasi mərkəzlərin belə  Azərbaycanın yaratmış olduğu reallıqları tanımaqdan başqa yolu qalmadı. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  qətiyyətli siyasi diplomatiyası nəticəsində dünya ictimaiyyəti Azərbaycanın təməlində ədalət və beynəlxalq hüquq prinsipləri dayanan qələbələrini qəbul edir. Bütün bunlar həm də ondan xəbər verir ki, rəsmi Bakının regionda sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüququn normalarına söykənən ardıcıl və prinsipial mövqeyi beynəlxalq miqyasda təqdir olunur.

Prezident İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona etdiyi səfərin əsas siyasi hadisələrindən biri də Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldilməsinə xidmət edən  razılaşmalar oldu. ABŞ-nin əvvəlki administrasiyası məqsədli şəkildə iki ölkə arasındakı münasibətlərin tarixdə görünməmiş dərəcədə pisləşməsinə səbəb olmuşdu. Donald Tramp ABŞ Prezidenti seçilməsindən sonra əvvəlki administrasiyanın yanlış siyasətindən imtina etdi və bununla da Bakı ilə Vaşinqton arasında siyasi əlaqələrin müsbətə doğru dəyişməsi istiqamətində yeni imkanlar açıldı. Ötən ilin avqustunda Vaşinqtonda "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanması hər iki tərəfin münasibətlərin inkişafı ilə bağlı siyasi iradəsini nümayiş etdirdi. Prezident 

İlham Əliyev yanvarın 5-də yerli  televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir: "Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar".


Mütərəqqi xarici siyasət kursu


Ötən il Azərbaycanın xarici siyasəti üçün mühüm uğurlarla yadda qaldı. Bu sırada Çin Xalq Respublikası ilə əlaqələrin strateji səviyyəyə yüksəldilməsi xüsusi qeyd edilməlidir. Hələ  2024-cü ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı  zamanı  Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət arasındakı münasibətlərdə strateji tərəfdaşlığın əsasını qoyub. 

2025-ci ilin aprelində isə bu ölkə ilə strateji tərəfdaşlıqda yeni hüquqi  qərarlar qəbul edildi. Belə ki, həmin vaxt Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" iki dövlətin strateji tərəfdaşlığını tamamilə yeni səviyyəyə yüksəltdi. Bu sənədə əsasən, Azərbaycanla Çin öz maraqlarının, suverenliklərinin, təhlükəsizliklərinin və ərazi bütövlüklərinin qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, ÇXR hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Öz növbəsində Çin Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. 

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu  barədə deyib: "Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər".

Respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi də ötən il Azərbaycanın tarixinə mühüm nailiyyət kimi həkk olundu.  Milli Məclis tərəfindən qəbul olunan "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu ötən il martın 15-də Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Bununla da Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabadda imzalanmış D-8 Nizamnaməsinə rəsmən qoşuldu.

1996-cı ildə yarandıqdan sonra bu təşkilata əlavə üzv qəbul edilməyib. Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi isə  ölkəmizin nüfuzunu, eyni zamanda beynəlxalq aləmdə rolumuzun yüksək olduğunu göstərir. D-8 təşkilatına üzvlük Azərbaycan üçün perspektivdə çox böyük strateji və iqtisadi imkanlar yaradır, ticarət dövriyyəmizin daha da genişləndirilməsi baxımından mühüm önəm daşıyır. 

2025-ci ilin daha bir siyasi hadisəsi Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasının da tam hüquqlu üzvü seçilməsi oldu. Bu hadisə bir daha Azərbaycanın regional və qlobal səviyyədə aparıcı rolunun növbəti təsdiqinə çevrildi.

Bütün bunlarla yanaşı, ötən il Prezident İlham Əliyevin Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında, Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında, ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində, habelə Çinə işgüzar səfəri və "ŞƏT plyus" formatında keçirilən görüşdə iştirakı Azərbaycanın xarici siyasətinə ardıcıl həkk olunan mühüm uğurlar oldu.

Bütün bunlarla yanaşı, 2025-ci ildə respublikamız Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə Görüşünə,  XII Qlobal Bakı Forumuna, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə və digər mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etdi. Hər bir tədbir Azərbaycanın yüksəlişinin təntənəsinə çevrildi, zəfərimizi və digər nailiyyətlərimizi dünyaya bəyan etdi.


2025-ci ildə Böyük qayıdış sürətlə davam etdi


Vətən müharibəsindən sonra Azərbaycanın əsas milli prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma el-obalarına qayıdışıdır. Ötən 5 ildə bu sahədə görülən işlər olduqca qürurvericidir. İşğaldan azad edilmiş bütün şəhər və rayonlarımızda aparılan bərpa və quruculuq işləri bir daha Azərbaycan dövlətinin qüdrətini dünyaya nümayiş etdirir.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi: "Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq".

Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri 2025-ci ildə də sürətlə davam etdirildi. Statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma evlərinə qayıdışı ilə bağlı qarşıya qoyulan vəzifələr ötən il yüksək səviyyədə icra olunub. İl ərzində Qarabağ və Şərqi Zəngəzurda köç prosesi daha da intensivləşərək yeni yaşayış məntəqələrini əhatə edib. Belə ki, bu dövrdə 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç olub, Kəlbəcər və Ağdam şəhərləri, Qırmızı Bazar və Hadrut qəsəbələri, Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Laçın rayonunun Bəylik,  Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Horovlu, Xankəndi şəhərinin Kərkicahan, Zəngilan rayonunun Məmmədbəyli, Xocavənd rayonunun Sos, Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndləri sakinlərinə qovuşub. 

İndiyə qədər 24 mindən çox keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura qayıdıb. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 70 minə yaxın vətəndaşımız yaşayır. "Biz Böyük qayıdış proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır", - deyə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.


Bu il nailiyyətlərimizin miqyası daha əzəmətli olacaq


2025-ci il respublikamızın iqtisadi və sosial həyatı üçün də müsbət məqamlarla yadda qaldı. Belə ki, ötən il ərzində mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında inkişaf və makroiqtisadi sabitlik davam etdi. Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbələrindən birinə çevrilməsi istiqamətində keçirilən islahatlar yeni nəticələr verdi, investisiya fəallığı yüksək səviyyədə oldu. Bu baxımdan, əvvəlki illərdə olduğu kimi, ötən il də respublikamızın sosial-iqtisadi inkişafının davamlı olması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, milli və dövlətçilik maraqlarının təmin olunması baxımından mühüm mərhələ oldu.

Statistik rəqəmlər də təsdiq edir ki, 2025-ci ildə ölkədə makroiqtisadi sabitlik möhkəmlənib. İl ərzində xarici borcumuz azalıb, valyuta ehtiyatlarımız artıb, kredit reytinqləri investisiya səviyyəsinə yüksəlib. Belə ki, bu dövrdə Azərbaycanın xarici dövlət borcu 4,9 milyard ABŞ dollarına (ÜDM-in 6,4 faizi) enib. Valyuta ehtiyatlarımız isə 83,6 milyard ABŞ dollarına çataraq borcu 17 dəfə üstələyib. Qeyri-neft-qaz ÜDM-i 3,2 faiz, ixracı 7,3 faiz artıb, orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Prezident İlham Əliyevin bildirdiyi kimi, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. Elə buna görə də beynəlxalq reytinq agentlikləri  olan "Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini investisiya dərəcəsinə qaldırıb. 

Göründüyü kimi, 2025-ci il Azərbaycanın tarixində növbəti yüksəliş dövrü oldu. İl ərzində həyata keçirilən tədbirlər Azərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, 2026-cı ildə nailiyyətlərimizin miqyası daha əzəmətli olacaq.


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  

10:43
15 Yanvar

Ötən gün 54 cinayətin açılması təmin edilib  

10:41
15 Yanvar

Qızıl 42 dollaradək ucuzlaşıb

10:39
15 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb

10:28
15 Yanvar

Yeddi vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq olunub, ikisinə qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb  

10:27
15 Yanvar

Azərbaycan nefti cüzi ucuzlaşıb

10:15
15 Yanvar

Ticarət müharibələri qlobal güc balansını yenidən formalaşdıran alətə çevrilir

09:25
15 Yanvar

4 kosmonavt Beynəlxalq Kosmik Stansiyanı vaxtından əvvəl tərk edib

09:21
15 Yanvar

Rəqəmsal ensiklopediya

09:20
15 Yanvar

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırıb

09:18
15 Yanvar

Danimarka Qrenlandiyada hərbi mövcudluğunu gücləndirir  

09:17
15 Yanvar

Daşlara həkk edilmiş salnamələrin tədqiqatçısı

09:15
15 Yanvar

Bakının memarlıq abidələrində izi qalan polşalı memar 

09:10
15 Yanvar

Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir

09:05
15 Yanvar

Bərəkətli Cəlilabad torpağı kəndlinin təknəsini boş qoymur

09:00
15 Yanvar

Əkinçinin işi qışda da azalmır

08:57
15 Yanvar

Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu başa çatıb 

08:55
15 Yanvar

Göygöl: artan istehsal, genişlənən abadlıq, yaddaqalan festivallar

08:50
15 Yanvar

Ata yolu

08:45
15 Yanvar

Torpağın altındakı "gizli qatil"

08:40
15 Yanvar

Qayıdışın mənəvi zəfəri

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!