Qurub-yaratdıq, yeni layihələrə başladıq, çətinlikləri dəf edə bildik…
2022-ci ilin son günlərini yaşayırıq. Tarixə qovuşmaqda olan bu il nə ilə yadda qalacaq? Bu il ölkənin sosial-iqtisadi həyatında hansı yeniliklər olub, hansı nailiyyətlər əldə edilib? Bu suallara ilk növbədə Dövlət Statistika Komitəsinin açıqladığı fakt və rəqəmlər aydınlıq gətirir.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 121 milyard 445,8 milyon manatlıq ÜDM (ümumi daxili məhsul) istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. ÜDM istehsalı neft-qaz sektorunda 59 milyard 817,5 milyon, qeyri neft-qaz sektorunda 61 milyard 628,3 milyon manat olub. Sözügedən dövrdə neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,2 faiz artıb. ÜDM istehsalının yarıdan çoxu - 52,7 faizi sənayenin payına düşüb.
Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 20,1 faizi emal, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz təşkil edib.
Ekspertlər bu sahədə sənaye zonalarının və sənaye məhəllərinin artmaqda olan rolunu qeyd edirlər. Bu da gələcəkdə həmin sənaye ocaqlarının bəhrəsinin böyük olacağından xəbər verir.
Yanvar-oktyabr aylarında 181 ölkə ilə 46 milyard 663,2 milyon dollarlıq ticarət əməliyyatları aparılıb. İxracın dəyəri 35 milyard 45,6 milyon, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar olub. Beləliklə, ölkəmizin xarici ticarət saldosu yenə də müsbət olaraq qalmaqdadır.
Yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində vəsait yönəldilib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azaldığı halda, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 24,5 faiz artıb. 11 ayda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq, yaxud ötən ilin eyni dövrünə nisbətən 3 faiz çox məhsul satılıb.
İstehlak qiymətlərinin indeksinə gəldikdə isə statistik rəqəmlər onların bu ilin 11 ayında keçən ilin həmin vaxtına nisbətən 113, 8 faiz təşkil etdiyini göstərir. Bu dövrdə ərzaq məhsulları , içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 2021-ci ilin eyni aylarına nisbətən 119,5 faiz təşkil edib.
Azərbaycan dünyanın bir parçası olduğu üçün təbii ki, qlobal təsirlərdən kənarda qalmaq mümkünsüzdür. Dünya pandemiyadan sonra "qədd"ini düzəltməkdə ikən ortaya başqa problemlər çıxdı. Rusiya-Ukrayna müharibəsinin təsiri ilə qlobal iqtisadi münasibətlərdə kəskin dəyişikliklər meydana gəldi, eləcə də ticarət əlaqələrində dəyişikliklər oldu, onların bəziləri yeni marşrutlar əsasında qurulmağa başladı. Hər yerdə bahalaşma müşahidə edildi. Ekspertlər də bu fikirdədirlər ki, ölkəmiz bir çox təsir və təzyiqlərdən sığortalanmağı bacardı. Üstəlik, bizdə iqtisadi artım davam etdi, maliyyə sabitliyi möhkəmləndi, məhsul, ən əsası, ərzaq məhsulları qıtlığı olmadı. Ölkəmiz bütün bu çətinliklərdən yan keçə bildi. Ekspertlər bunun başlıca səbəbinin dövlətin həyata keçirdiyi ardıcıl tədbirlər olduğunu vurğulamaqla yanaşı, həmçinin ölkəmizin enerji idxalçısı deyil, məhz ixracatçısı olmağı ilə də əlaqələndirirlər. Məsələn, Avropa ölkələrinin rastlaşdığı problemlər hamıya məlumdur.
Yeri gəlmişkən, bu il ölkəmizin enerji sektoru üçün çox önəmli oldu. Sahədə bir sıra mühüm hadisələr baş verdi. O cümlədən Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə inşa ediləcək "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməli qoyuldu. Eləcə də Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının inşasına start verildi. Ekspertlərin fikrincə, energetika sektorundakı bu əməkdaşlıq sözügedən ölkələrin Azərbaycan iqtisadiyyatının digər sahələrinə investisiya yönəltməsinə də yol açır.
İyul ayında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Anlaşma Memorandumunun imzalanması ilin mühüm hadisələri sırasında önəmli yer tutur.
2022-ci il işğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdışın başlandığı ildir! Bu il Ağalı kəndi öz sakinlərinin böyük bir dəstəsini qoynuna aldı. İndi bu "ağıllı kənd"də həyat öz axarı ilə davam edir. Ümumiyyətlə, 2022-ci ildə Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri geniş vüsət aldı. Bu ərazilərdə ikinci beynəlxalq aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılışı tarixə qovuşan ilimizin ən mühüm hadisələrindəndir. Cəmi ilyarım vaxt ərzində tikilib istifadəyə verilən bu hava limanı bölgənin ən mühüm nəqliyyatı infrastrukturlarından biri rolunu oynayacaq.
Qarabağda və Şərqi Zəngəzurda görülmüş işlərin siyahısı xeyli zəngindir. Buraya açılış mərasimi keçirilən və təməli qoyulan çoxsaylı infrastruktur obyektlərini, təşkil edilən beynəlxalq tədbirləri əlavə etmək olar.
Bir sözlə, gələcək işlər, daha böyük quruculuq, daha nəhəng layihələr üçün möhkəm zəmin var.
Flora SADIQLI,
"Azərbaycan"