Azərbaycan yanğınsöndürənləri həm təhlükəni sovuşdurur, həm də insanları xilas edirlər
Onları şəhərimizin küçələrində qəza işıqlarını yandırıb həyəcan siqnalı verə-verə yüksək sürətlə getdiklərini görürük.
Yollarında həmişə yaşıl işıq yanır, heç vaxt qırmızı işıqda dayanmırlar. Çünki onlar insanların xilasına tələsirlər. Tələsirlər ki, hadisə yerinə tez çatsınlar...
Yəqin ki, artıq söhbətin yanğınsöndürənlərdən getdiyini bildiniz. Onlar bəzən yanğını söndürəndə öz həyatlarını riskə ataraq dara düşmüş, ölümlə üz-üzə olan insanları xilas edirlər. Məhz buna görə də yanğınsöndürənləri çətin peşə sahibləri adlandırırlar.
Cəmiyyətimiz onlara böyük diqqət göstərir
Oktyabrın 10-u yanğısöndürənlərin peşə bayramıdır. Hər il bu günlə əlaqədar ölkəmizdə müvafiq tədbirlər keçirilir. Bu tədbirlərdə yanğınsöndürənlərin əməyi, zəhməti, igidliyi, cəsarəti və şərəfli işi yüksək qiymətləndirilir. Yanğınsöndürənlərin yarandığı tarix də çox qədimdir. 140 ilə yaxındır ki, bayramlarını yüksək səviyyədə keçirən bu peşə sahibləri ən təhlükəli yanğın hadisələrinin qarşısını alırlar. Buna görə də cəmiyyətimizdə onlara böyük diqqət və qayğı göstərilir.
Yanğınsöndürmə qüvvələrinin yaranma tarixini vərəqləyəndə maraqlı faktlarla qarşılaşdıq. Öyrəndik ki, ölkəmizdə yanğın təhlükəsizliyi xidmətinin yaranması XIX əsrin sonlarına qədər gedib çıxır. Təbiidir ki, bu da Bakıda neft sənayesinin inkişafı ilə bağlı olmuşdur. Yanğınsöndürmə qüvvələrinin yaranması dövrün, zamanın zərurətindən irəli gəlmişdi. Həmin dövrlərdə neft mədənlərində tez-tez yanğınlar baş verirdi. Baş verən yanğınların qarşısını almaq üçün isə necə deyərlər, bir mərkəzdən idarə olunan vahid qüvvə yox idi. Bütün bunları nəzərə alan Bakı şəhər Duması 1884-cü il yanvarın 11-də yanğın komandasının yaradılması haqqında qərar qəbul etmişdi. Bununla da ölkəmizdə yanğısöndürmənin fundamentinin ilk kərpicləri qoyulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci il 10 oktyabr tarixli qərarı ilə Bakı Şəhər İdarəsi təsərrüfat şöbəsinin tabeliyinə keçən yeganə yanğın komandasının dövlət sistemindəki rəsmi yeri ilk dəfə olaraq müəyyən edilmişdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərlik etdiyi dövrdə yanğın təhlükəsizliyi orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamışdır. "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır", - deyən Ümummilli Liderin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görmüşdür. 1997-ci ildə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyən edilmişdi. Bundan sonra da həmin sahənin inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görülmüşdür. Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi təsis edilmişdir. Ulu Öndər Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli sərəncamına əsasən, hər il oktyabrın 10-nu Yanğınsöndürənlərin Peşə Bayramı Günü kimi qeyd edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə keçən DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əsasında Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri təşkil edilmiş və onların müasir texnika və avadanlıqlarla təchizatı, təminatı, eləcə də yeni yanğın depolarının inşası prosesi geniş vüsət almışdır. Yanğınsöndürənləri peşəkarlığını və təhsillərini artırmaları üçün onlar inkişaf etmiş ölkələrə göndərilmişdilər. Dövlət başçımızın 2008-ci il 2 iyun tarixli sərəncamı ilə Bakı Yanğın Texniki Məktəbinin bazasında Fövqəladə Hallar Nazirliyi Akademiyası yaradılmışdır.
Yanğınsöndürənlərin peşə bayramları ərəfəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon hissəsinin əməkdaşları ilə görüşdük. Çətin peşə sahiblərinin xidməti ilə yaxından tanış olduq. Yanğınsöndürənlər iş başındaydılar. Hərdən küçələrdə qəza işığını yandırıb yanğın yerinə tələsən qırmızı rəngli maşınlar burada çıxışa hazır vəziyyətdə "sakitcə" dayanmışdılar. Yanğın xəbəri gələn kimi bir andaca bu maşınların mühərriki işə düşür və yanğınsöndürənlər anındaca hadisə yerinə yollanırlar.
Yanğından zərərçəkənlərə ilkin yardım da göstərilir
İlk olaraq yanğınsöndürmə növbəsinin rəisi, daxili xidmət kapitanı Rövşən Baxışlı ilə söhbət etdik. O dedi ki, işlərinə böyük məsuliyyət və diqqətlə yanaşırlar: "Çünki bizim xidmətimizdən insanların taleyi asılıdır. Yanğın barədə zəng daxil olan kimi döyüş geyimində çıxışa hazırlaşırıq. Qısa vaxt ərzində dispetçer yol vərəqi verir, hadisənin harada olduğunu öyrənəndən sonra gedəcəyimiz istiqaməti müəyyənləşdiririk. Hadisə yerinə çatan kimi yanğınsöndürənlərimiz alovla mübarizəyə başlayır. Maksimum qısa zaman kəsiyində baş vermiş yanğının söndürülməsi istiqamətində bütün zəruri addımlar atılır, əgər darda qalan insan varsa, xilas edilir. Yanğın söndürüldükdən, insanların həyatı üçün təhlükə sovuşandan sonra geri qayıdırıq. Geri qayıdandan sonra sərf olunan su ehtiyatı mütləq bərpa olunur, texnika yanğınsöndürən maye vasitələrlə tam təchiz edilir, 10 dəqiqə ərzində maşınlar təmizlənir və əvvəlki yerinə, yəni döyüş hesabına qoyulur. Yenə də gün bölgüsünə uyğun xidmət aparılır. Burada xidmət edənlərin hamısı peşəsini sevən dövlət qulluqçularıdır. On bir ildən çoxdur bu sahədə çalışıram. Peşəmə ürəkdən bağlıyam. Çətin anlarda, dar məqamlarda köməyimizə ehtiyacı olan insanları xilas etməkdən qürur duyuruq".
Söhbətimizi Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon hissəsinin rəisi, daxili xidmət polkovniki Etibar Nəsirovla davam etdirdik. O dedi ki, 35 ildən çoxdur bu sahədə çalışır. Son illər ərzində yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirilib, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilir. Bütün bu amillər isə işlərimizi xeyli asanlaşdırır, hadisə yerinə daha da tez çatmağımızı təmin edir. Səbail rayonunun Şıx və Badamdar qəsəbələrində yeni, müasir tipli yanğından mühafizə bölmələri yaradılıb. Bu amil də bizə imkan verir ki, hadisə yerinə daha tez çataq, alovu daha tez söndürək. Adını çəkdiyim qəsəbələrdə hansısa bir yanğın hadisəsi baş verərsə, yanğın olan əraziyə yanğınsöndürmə maşınları buradan yox, həmin bölmələrdən çıxır. Bu da yanğının qarşısını daha tez almağa şərait yaradır.
Yanğınsöndürənlərimiz öz peşələrinin ustalarıdırlar. Bəzən onlar yanğını söndürməklə bərabər xəsarət aılmış insanlara ilkin yardım da göstərirlər. Həkimlər özlərini çatdırana qədər əməkdaşlarımız zərərçəkənlərin qayğısına qalırlar. Keçirdiyimiz kurslar zamanı əməkdaşlarımıza ilkin yardım göstərməyin qaydalarını öyrətmişik. Bu vərdişləri mənimsəyən bütün yanğınsöndürənlərimiz ehtiyac duyulanda heç bir çətinlik çəkmədən insanlara ilkin yardım göstərirlər. Əməkdaşlarımız nə qədər təcrübəli olsalar da, gün bölgüsünə uyğun olaraq onlarla dərs və məşğələlər keçirilir. Bu, onların təcrübə və səriştələrini daha da artırır. Xidmətdə fərqlənən əməkdaşlarımızdan daxili xidmət baş leytenantı Tofiq Əsədullayev, manqa komandiri, daxili xidmət baş çavuşu Valeh Ələkbərov və daxili xidmət çavuşu yanğınsöndürən Cavidan Fərəcovun adlarını çəkmək istərdim", - deyə o əlavə edib.
"Fövqəladə hallar uşaqların gözü ilə"
Daxili xidmət polkovniki daha sonra söhbətinə davam edərək dedi ki, yanğın hadisələrinin qarşısını almaq üçün cəmiyyət arasında Xidmətin İctimaiyyətlə əlaqə sektorunun təşkilatçılığı ilə maarifləndirmə işləri aparırlar. Həyata keçirilən maarifləndirmə işləri zamanı əhaliyə müvafiq qaydalar haqqında geniş məlumat verilir. Dövlət müəssisə və təşkilatlarında da işçilərlə görüşlər keçirilir. İşçilər yanğından mühafizə qaydaları haqqında ətraflı məlumatlandırılır. Bütün bu addımları atmaqda məqsəd baş verəcək yanğın hadisələrinin qarşısını vaxtından əvvəl almaqdır. Qeyd etdi ki, maarifləndirmə işləri təkcə ictimaiyyət arasında, müəssisə və təşkilatlarda deyil, məktəblərdə və bağçalarda da aparılır". Hər il "Fövqəladə hallar uşaqların gözü ilə" ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yumşaq oyuncaq", "Yanğın və qəza - xilasetmə texnikasının modeli", "İnşa", "Hekayə" və "Şeir" nominasiyaları üzrə işlər təqdim olunur. Münsiflər heyəti təqdim olunan bu nümunələri təhlil edir, oxuyur və sonda layiqincə qiymətləndirir. Qaliblərə mükafatlar, qiymətli hədiyyələr təqdim olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, eləcə də onların istedadlarını üzə çıxarmaqdır. Onu da deyim ki, müsabiqəyə təqdim olunan eksponatlardan hissəmizdə muzey yaratmışıq. Bura gələn qonaqlar muzeyə böyük maraqla baxırlar".
Söhbət zamanı onu da öyrəndik ki, Birinci Qarabağ müharibəsində yanğınsöndürənlər də böyük igidlik və qəhrəmanlıq göstəriblər. Göstərdikləri qəhrəmanlığa görə iki yanğınsöndürən Cəmil Niftəliyev və Malik Əsədov yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Hər yerdə olduğu kimi, bu hissədə də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğulların xatirəsi əziz tutulur. Onların xatirəsinə ehtiram əlaməti olaraq hissədə guşə də düzəldilib. Bundan başqa, bu gün Xəzər dənizi akvatoriyasında baş verə biləcək yanğınların söndürülməsi istiqamətində növbə çəkən yanğınsöndürmə katerinə Milli Qəhrəman Cəmil Niftəliyevin adı verilib.
Yanğınsöndürənlərlə etdiyimiz söhbətlərdən, eşitdiyimiz xoş sözlərdən, onların yüksək hazırlığından məmnun olduq. Həmişə olduğu kimi, bu il də yanğınsöndürənlər peşə bayramlarını alnıaçıq, başıuca qarşılayırlar. Arxada qalan il ərzində onlar şəhərimizin sakinlərinə layiqincə xidmət göstərmiş, onlarla insan həyatını xilas etmişdilər.
...Qırmızı rəngli maşınlar səhərki kimi yenə də öz yerlərində "sakitcə" dayanmışdılar. Biz burada olduğumuz saatlar ərzində hissəyə yanğın haqqında zəng daxil olmadı, heç bir hadisə baş vermədi. Təbiidir ki, bu, həm də aparılan maarifləndirmə işlərinin nəticəsidir. Xidmətlərinin öhdəsindən bacarıqla gələn yanğınsöndürənlərin üzləri gülürdü. Onlar peşə bayramlarını qeyd etməyə hazırlaşırdılar. Əlamətdar gün münasibətilə onları təbrik edir, yanğınsız və hadisəsiz günlər keçirməyi arzulayırıq.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"