Daxili İşlər naziri, general-polkovnik Vilayət
EYVAZOV:
"Dövlətin
və xalqın mənafeyinə, Heydər
Əliyev ideyalarına və
Prezident İlham Əliyevin fəaliyyət kursuna sədaqətli,
peşəkar xidmət Azərbaycan Polisinin əsas vəzifə
borcudur”
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan
iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin
etibarlı təminatı baxımından dünyada mükəmməl nümunələrdən birini yaradıb. Beynəlxalq
terrorçuluğun və transmilli cinayətkarlığın sərhəd tanımadığı, kriminogen durumun
qlobal miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz cənab Prezidentin təbirincə
desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında şübhəsiz ki, daxili
işlər orqanlarının əzmkar fəaliyyəti də mühüm səciyyə daşıyır.
102-ci ildönümünü qeyd edən Azərbaycan polisi
ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin
qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri
layiqincə yerinə yetirir.
Polis Günü ərəfəsində həmsöhbət olduğumuz
Daxili İşlər naziri, general-polkovnik Vilayət EYVAZOV bu tarixi nailiyyəti Ümummilli Lider Heydər Əliyevin
əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi srtateji kursla
əlaqələndirir. Nazirin fikrincə, qlobal pandemiya ilə bağlı ciddi sınaqlarla üzləşdiyimiz
bu çətin günlərdən də məhz düzgün yürüdülən mübarizə strategiyası və Prezident-Xalq
həmrəyliyi sayəsində qurtulacağıq.
-
Cənab Nazir, Azərbaycan Polisi 102-ci ildönümünü ənənəvi olmayan dönəmdə - qlobal
pandemiyanın kütləvi fəsadlarına qarşı aparılan mübarizə şəraitində qeyd edir. Ötən
4 aya yaxın dövr üçün sərt karantin rejimində polis fəaliyyətinin ilkin nəticələrini
necə qiymətləndirirsiniz?
- Öncə bir məqama xüsusi diqqət ayırmaq istərdim.
Həqiqətən də, pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun
ağır nəticələri bütün dünyada özünü hiss etdirir.
Ötən aylar ərzində fövqəldövlətlərin koronavirus
qarşısında aciz qaldığını, ən güclü səhiyyə sisteminə malik ölkələrdə insanların
müalicəsi üçün xəstəxanaların çatışmadığını, dünya iqtisadiyyatında aparıcı rola
malik dövlətlərin ciddi böhranla, vətəndaşlarının isə böyük sosial çətinliklərlə
üzləşdiyini müşahidə etdik. Bu acınacaqlı mənzərə təəssüf ki, hər gün daha da kəskinləşir.
Bu bəla Azərbaycandan
da yan keçməyib. Mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən
dövrlərdə daha da sərtləşdirilib. Möhtərəm Prezident ilk gündən pandemiyanın yarada
biləcəyi çətinlikləri düzgün müəyyənləşdirdi və preventiv tədbirlərlə koronavirusun
tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarına qarşı sistemli mübarizə strategiyası
formalaşdırdı. Qabaqlayıcı addımların atılmasına dair konkret göstərişlər verdi.
Təsadüfi deyil ki, martın sonlarında elan olunmuş və aprel ayından icrasına başlanan
sosial-iqtisadi dəstək proqramı sayəsində indiyədək ölkə iqtisadiyyatına, sahibkarlara,
işsiz vətəndaşlara, aztəminatlı təbəqələrə və digər həmvətənlərimizə dövlət tərəfindən
3, 5 milyard manatdan artıq vəsait ödənmişdir.
Həmin sosial-iqtisadi
dəstək kampaniyası isə tibbi müdafiə tədbirləri ilə paralel aparılırdı. Qısa müddətdə
ölkənin səhiyyə sisteminin infrastruktur və mütəxəssis bazası pandemiya dövrünə
uyğunlaşdırıldı, təkmilləşdirildi, yeni modul xəstəxanalar istifadəyə verildi.
Bu prosesdə
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk gündən göstərdiyi təşəbbüslər
və səylər, aidiyyəti dövlət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə
qəbul edilən qərarlar pandemiya ilə mübarizənin səmərəliliyinin artmasını şərtləndirdi,
habelə Heydər Əliyev Fondunun ölkə boyu təşkil etdiyi böyük humanitar dəstək aksiyaları
xalqımız tərəfindən minnətdarlıqla qarşılandı.
Ölkəmizin
pandemiyaya qarşı mübarizə strategiyası beynəlxalq təşkilatlar tərəfindən də yüksək
qiymətləndirilir. Bütün bunlar xalqımızda dövlətə, iqtidara həm etimadı yüksəldir,
həm də dövlət başçısının siyasətinin alternativsizliyini təsdiq edir. Nəticə etibarilə
Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı ümummilli səfərbəredici
qüvvəyə çevrilib və vətəndaşlarımız bu bəladan xilas yolunda öz Liderinin ətrafında
daha sıx birləşib. Ölkə rəhbərinə son aylarda ünvanlanan on minlərlə vətəndaş məktubları
da bu həqiqəti tam təsdiqləyir.
Sözügedən
sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin
müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə polisin
işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət
və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Çünki həmişə
olduğu kimi, bu dövrdəki fəaliyyətimiz də sizlərin gözü önündə, geniş ictimai nəzarət
altında həyata keçib. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan
qaldırılması üçün müvafiq tədbirlər görürük. Ümumilikdə isə cənab Prezident Daxili
İşlər Nazirliyinin, onun təşkilati strukturlarından olan polisin və Daxili Qoşunların
fəaliyyətini yüksək qiymətləndirir ki, bu da bizim üçün ən böyük mükafatdır.
- Cənab Nazir, bu prosesdə daxili işlər orqanlarının fədakarlığı,
şəxsi heyətinin əzmkarlığı, gecəli-gündüzlü gərgin fəaliyyəti ictimaiyyət tərəfindən
yüksək dəyərləndirilir, tam müsbət qarşılanır...
- Nazirliyə
vətəndaşlar tərəfindən göndərilən çoxsaylı məktublar, teleqramlar, eləcə də elektron
ünvanımıza daxil olan mesajlar, xüsusən ölkə KİV-inin sağlam mövqeyi həyata keçirdiymiz
tədbirlərin razılıqla qarşılandığını sübut edir. Bu ədalətli, obyektiv münasibətə
və məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəklədiklərinə görə Daxili İşlər
Nazirliyinin bütün şəxsi heyəti adından ölkə ictimaiyyətinə, media mənsublarına
təşəkkürümüzü bildiririk.
Nazirlər Kabinetinin
müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini
tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə
bütün şəxsi heyətimiz səfərbər olunub. Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən
ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında
və bundan irəli gələn gərgin iş rejimində çalışır. Açıq deyək, həyatlarını bəzən
infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti
postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası
üçün yorulmadan səy göstərirlər.
Digər tərəfdən,
bildiyiniz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli
şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu halların müəyyənləşməsi üçün yol-patrul,
post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı
tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan
digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb.
Lakin xüsusi
karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır. Yoxlamalar
zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq
keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri
pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt
sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər
pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb
olunurlar.
- Şəxsən Siz pandemiyaya qarşı mübarizə tədbirlərində vətəndaşlarımızın
iştirakını, onların bu prosesə münasibətini necə dəyərləndirirsiniz?
- Vətəndaşlarımız adi və sərt karantin rejimləri
üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər. Əhalinin mütləq əksəriyyəti
sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə
əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə
əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq,
məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür
münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına
şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də möhtərəm Prezident
İlham Əliyevin və xanım Mehriban Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini
xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir
yaratdı, böyük maarifçilik dalğasına çevrildi.
Sərt karantin
rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən
təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən
effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da
tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli
vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də
onun yoluxdura biləcəyi digərlərini xilas edir.
Bu həqiqəti
daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim
əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların
əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib.
Müxtəlif istiqamətlər
üzrə monitorinqlər də aparırıq. Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət
edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq
və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz
qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana
çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq
postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən
yüzlərlə şəxsi hamı gördü.
Sosial şəbəkələrdə,
mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da
hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də
cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar
dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür.
Son günlər
ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin
pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyirlər.
Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq
daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq
nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq
işinə çevrilməlidir.
Daxili İşlər
naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür
neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır.
Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını
çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da
ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd
davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru
dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər
təsirli olur.
Ümumilikdə
sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən
səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur
və davam edir. Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki,
əlaqələrimiz daha da möhkəmlənəcək.
- Cənab Nazir, cinayətkarlığa qarşı mübarizədə vəziyyət
necədir?
- Azərbaycan
cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində
öncül dövlətlər sırasında yer alır. Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən
biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur,
özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham
Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır.
Son dövrlərin
statistikası da bunu sübut edir.
2003-2017-ci
illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, əllərdə qanunsuz
saxlanılan 16 minə yaxın odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlərin
sayı 1,3 dəfə azalmışdır.
Cinayətlərin
orta hesabla 87 faizinin açılması təmin olunmuş, axtarışda olan 55 mindən artıq
təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə
çıxarılmışdır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı
bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır.
Davos Forumunun
son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru
üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə
30-cu yerə yüksəlib.
Göründüyü
kimi, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid
məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli
nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək
səviyyədə qorunur. Hədəfimiz əldə olunmuş nəticələri daha da yaxşılaşdırmaqdır.
- Cənab Nazir, son illərdə Prezident İlham Əliyev tərəfindən
aparılan islahatlar dövlət strukturlarının fəaliyyətində də köklü dəyişikliklərə,
mühüm yeniliklərə rəvac verib. Bu islahatlar dalğası Daxili İşlər Nazirliyində hansı
nəticələrlə müşayiət olunub?
- Son illər
ölkəmizdə islahatlar yeni, daha dinamik mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki,
Azərbaycan xarici reytinq göstəricilərinə görə dəfələrlə "ən islahatçı ölkə” elan
edilib, bu sahədə fəaliyyətin səmərəliliyi və nəticələri beynəlxalq miqyasda təqdir
olunub.
Prezidentin
hər bir dövlət strukturuna konkret tələbi var. Fəaliyyət davamlı surətdə təkmilləşməli,
müasirləşməli, yeni dövrün çağırışlarına uyğunlaşdırılmalıdır. İslahatların əsas
məramı isə vətəndaş məmnunluğunu artırmaqdır.
Daxili İşlər
Nazirliyində, eləcə də tabeliyindəki struktur qurumlarda aparılan islahatlar da
miqyaslıdır. Nəticə baxımından isə fəaliyyətin effektivliyinin yüksəlməsinə xidmət
edir və Dövlət Başçısının müvafiq tapşırıqları, təklifləri ümumi işimizə əhəmiyyətli
töhfələr verir.
Həmçinin,
ölkəmizdə aparılan geniş quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi, infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki təminatının,
şəxsi heyətin məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli
addımların atılmasına əlverişli şərait yaradıb.
Bu gün polis
minlərlə yeni nəqliyyat vasitəsi, qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmiş
mobil dövlət qurumudur. Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər, "ASAN xidmət”
mərkəzlərində fəaliyyət - vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Bütövlükdə
bu və digər innovasiyalar xidməti fəaliyyətin səmərəsini qat-qat artırıb.
- Azərbaycan Polisinin 102-ci ildönümü ərəfəsində Sizinlə
görüşürük. Elə Sizin Daxili İşlər naziri təyin olunmağınızdan da bir il ötür. Bu
söhbətin Sizin həm də mətbuata verdiyiniz ilk geniş müsahibə olduğunu nəzərə alaraq,
ötən birillik dövrlə bağlı təəssüratınızı və fəaliyyətinizdəki əsas hədəfləri oxucularla
bölüşməyi xahiş edərdik...
- Cənab Prezidentin,
Ali Baş Komandanın tapşırıq və göstərişlərini icra etməyi, nazir kimi funksiyalarımı
tam və yüksək səviyyədə həyata keçirməyi əsas hesab edirəm. Dövlət Başçısı mənə
böyük etimad göstərib, bu etimadı doğrultmaq, qarşıya qoyulan vəzifələrin icrasını
təmin etmək borcumuzdur.
Fəaliyyət
hədəflərim barədə sual verdiniz. Ölkə rəhbərinin daxili işlər orqanları və mənim
üçün müəyyən etdiyi başlıca hədəflər aydındır: daxili işlər orqanlarının qloballaşan
dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə hazır olması, cinayətkarlığa
qarşı mübarizənin təkmilləşdirilməsi, kriminogen duruma nəzarətin gücləndirilməsi,
ictimai sabitliyin davamlı olaraq möhkəmləndirilməsi, fəaliyyətimizlə vətəndaş məmnunluğunun
artırlıması, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi və daha
peşəkar, qətiyyətli, günün tələblərinə cavab verən kadrların hazırlanması əsas hədəflərdəndir.
Peşə bayramımız
ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 26 əməkdaşımız
dövlət mükafatlarına, 3 rəhbər vəzifəli şəxs ali xüsusi rütbəyə layiq görülüb. Xidməti
fəaliyyətimizə verilən bu yüksək dəyərə görə bütün şəxsi heyət adından Dövlət Başçısına
dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan
Polisi Prezident, Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti
ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsilə çalışacaq.
Müsahibəni
apardı:
İxtiyar HÜSEYNLİ