Biçilmiş taxıl sahələrinə od vurmayın

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biçilmiş taxıl sahələrinə od vurmayın

10 Avgust 2018
 

Əks halda yandırılan sahələrdə qarşısıalınmaz və geriyə dönüşü olmayan proseslər baş verə bilər

 

Torpaq insan övladı üçün həmişə doğma və müqəddəs olub. Çünki torpaq ərzaq təhlükəsizliyimizə təminat, enerjisindən faydalandığımız bir məfhum olmaqla yanaşı, həm də vətəndir. Ona görə də cəmiyyət formalaşandan üzü bu yana insan övladı hər zaman üzərində yaşadığı torpağı qorumaq üçün qanından-canından keçməyə hazır olub. Bu, indi də belədir.

Lakin bəzi hallarda insan övladı canından çox sevdiyi vətən torpağına vurduğu zərərin fərqində olmur. Bu da mütləq şəkildə səhv yanaşmanın və  məlumatsızlığın nəticəsidir. Konkret bir məsələnin üzərində dayanaq. Məsələn, biçindən sonra taxıl sahələrinin yandırılması, bir növ, keçmiş zamanlardan qalan ənənədir. İnsanlar düşünürdülər ki, yerdə qalan küləşin yandırılması zamanı həşəratlara qarşı asan mübarizə aparırlar və yerdə qalan kül elementləri torpağın münbitliyini artırır. Amma bu, yanlışlıqdır, elmi cəhətdən yanaşsaq, torpağın bioloji mühitinə  və struktur tərkibinə çox pis təsiri var.

Yerdə qalan küləşin yandırılması gələcək illərdə torpağın keyfiyyətinin zəifləməsinə və dəmyə torpaqlarda eroziya proseslərinin başlanmasına səbəb olur. Çünki dəmyə torpaqlarda bərpa prosesləri çox zəif gedir və bunun üçün uzun illər tələb olunur. Ölkəmizdə də taxıl sahələrinin çox hissəsini dəmyə əkinlər təşkil edir.

Biçindən sonra sahələrin yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, mikrofloranın məhvinə, humusun tükənməsinə və məhsuldarlığın növbəti illərdə kəskin azalmasına gətirib çıxarır. Növbəti illərdə məhsuldarlığı təmin etmək üçün əlavə azot, fosfor və üzvi gübrələrin verilməsinə çox güclü tələbat yaranır. Bu da, öz növbəsində, sahibkarların əlavə xərc çəkməsinə və rentabelliyin azalmasına səbəb olur. Çünki biçilmiş taxıl sahəsi yandırılarkən hər hektar  ərazidən 45-50 kiloqram azot, 70-90 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1.5-2 ton humus kütləsi dövriyyədən çıxır. Bu sadalananları kompensasiya etmək üçün həmin ərazilərə 15 tona qədər üzvi gübrə vermək lazımdır ki, məhsuldarlıq aşağı düşməsin. Deməli, belə qənaətə gəlmək olar ki, biçilmiş sahəni yandıran sahibkar sanki cibindəki pulunu yandırıb külə çevirir.

Torpaqların minillər ərzində formalaşdırdığı özünəməxsus mikroflorası, biosenozu və mikroiqlimi var. Torpaq mikroorqanizmləri bitki qalıqlarını parçalayaraq münbitliyi artırır, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə şərait yaradır. Küləşin yandırılması zamanı torpağın bu sadaladığımız komponentləri sıradan çıxır. Milyon illər ərzində formalaşan mikroorqanizmlər məhv olur və digər biokimyəvi proseslərin də pozulmasına gətirib çıxarır.

Qeyd edilən hal sistemli olarsa, yandırılan sahələrdə qarşısıalınmaz proseslər baş verər. Mövcud suksesiyaların məhv olması əlverişsiz suksesiyalarla əvəz olunmasına gətirib çıxara bilər. Çünki hazırkı qlobal iqlim dəyişikliyi dönəmində mövcud iqlim tipləri çox həssas dövrünü yaşayır.Təbiətdə tez-tez baş verən streslərin şahidi oluruq.

Torpağın küləşlə birgə şumlanması torpaqda nəmliyin toplanması, rütubətin qorunub saxlanması, su və külək eroziyasının qarşısının alınmasında əvəzsiz faydaya malikdir.

Taxıl biçini dövrü bir çox nadir quş növlərinin (bildirçin, kəklik, qırqovul və s.) çoxalma zamanı ilə üst-üstə düşür. Bu quşlar adətən həmin sahələrə yaxın ərazilərdə yuva qurur. Sahələrin yandırılması faydalı həşəratların, nəsli kəsilməkdə olan quş növlərinin, ağac və kolların, o cümlədən qoruyucu meşə zolaqlarının yanaraq məhvi ilə nəticələnir.

Dövlət başçısının müvafiq göstərişi ilə “Torpaq məcəlləsi”nin 34 maddəsinə dəyişiklik edilərək sahələrin yandırılması qadağan olunub. Bunu edənlərə müvafiq cərimələr tətbiq olunur.

Unutmayaq ki, hazırda Yer kürəsində qlobal istiləşmə prosesləri davam edir və bununla əlaqədar iqlim dəyişiklikləri başlayıb. Həmin qlobal proseslərin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq bu gün artıq çox çətindir. Ona görə də biomüxtəlifliyin qorunması və bərpası elm adamlarının və ümumilikdə cəmiyyətin  bir nömrəli vəzifəsidir. Prezident İlham Əliyevin bu prosesləri diqqətində saxladığının şahidi oluruq. Bu, özünü biomüxtəlifliyin qorunması ilə bağlı çox ciddi qanuni baza yaradılması ilə təsdiqləyir.

Şəki rayonu ölkənin ən böyük taxılçılıq rayonlarından biridir. Son zamanlar taxıl sahələrinin biçindən sonra yandırılmasına qarşı aparılan dövlət tədbirləri və əhalinin maarifləndirilməsi işləri nəticəsində sahələrin yandırılmasının qarşısı xeyli alınıb. Lakin təsadüfi olsa belə, hələ də bu hallar müşahidə olunur.

 

Coşqun MƏMMƏDOV,

AMEA-nın  Səki Regional Elmi Mərkəzinin “Bitkilərin biomüxtəlifliyi və genofondu” şöbəsinin rəhbəri