Qeyri-neft sektoruna vəsait qoyuluşu 40 faizə yaxın artıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-neft sektoruna vəsait qoyuluşu 40 faizə yaxın artıb

14 İyun 2018
 

Dövlət Statistika Komitəsi əsas kapitala yönəldilmiş vəsait haqqında məlumat açıqlayıb. Məlumatda bildirilir ki, ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 5 milyard 240,8 milyon manat vəsaitin 2887,1 milyon manatı və ya 55,1 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artmışdır.

Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 73,1 faizi məhsul istehsalı və 20,8 faizi xidmət sahələri obyektlərinin, 6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9, bank kreditləri 15,7, büdcə vəsaitləri 23,6, əhalinin şəxsi vəsaitləri 5,4, büdcədənkənar fondların vəsaitləri 0,8, digər vəsaitlər 0,6 faiz olmuşdur.

5 ay ərzində Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, 922 şagirdlik 3 ümumtəhsil məktəb binası, ambulatoriya-poliklinika müəssisəsi, paytaxtda Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, “Yasamal-1”, “Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev  adına Müasir Təhsil Kompleksi və Bakı Şəhər Statistika İdarəsi üçün binalar, “Bina Dea” Beynəlxalq Hospitalı, “Domino” hoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Mingəçevirdəki Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin filialı, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu və s. obyektlər istifadəyə verilmişdir.