Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

170 milyon manatlıq güzəştli kredit

26 Yanvar 2018
 

Azərbaycan dövləti bu il də sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradacaq

 

Qlobal və regional səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər xüsusilə böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin genişlənməsinə xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir.

 

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi - məqsəd və vəzifələr

 

2017-ci il müasir Azərbaycan tarixində bir sıra uğurlu hadisələrlə xüsusi iz qoydu. Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Çünki Azərbaycan postneft dövrünə sürətlə keçməyin, çevik iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü göstərdi, neft gəlirlərinin ötən illər ərzində düzgün məbləğlərdə xərcləndiyini və ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut etdi. Həmçinin iqtisadi şaxələndirməni qısa müddətdə gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın yollarını ortaya qoydu.
Ötən ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı.
Dekabr ayının 28-də Prezident İlham Əliyevin fərmanı ilə Kiçik və Orta Sahibkarlığın (KOS) İnkişafı Agentliyinin yaradılması isə dövlət başçısının bu sahəyə nə qədər diqqət göstəridiyini bir daha təsdiqlədi.
Agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Yeni yaradılan agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək. Agentlik müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcək.
Onu da vurğulayaq ki, bu agentliyin yaradılması “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilib.

 

Şəhər və rayonlarda kiçik və orta sahibkarlıq evləri yaradılacaq

 

Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Yeni agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir.
Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən kiçik və orta sahibkarlıq evləri yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

 

Yoxlamaların dayandırılması müddəti 2021-ci ilə kimi uzadılıb

 

Ötən il respublikada biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib. 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi prosesində də heç bir problem yaranmayıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditlərə gəlincə isə, demək olar ki, ötən il fondun tarixində ilk dəfə olaraq dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib. Belə ki, 2017-ci ildə fond tərəfindən 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır.
İqtisadiyyat Nazirliyinin son məlumatına görə, verilmiş kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

 

61 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb

 

Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib.
Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. Bu il 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir.
Sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 2017-ci ildə 3800 sahibkarın iştirakı ilə 40 işgüzar forum keçirilib.
Ümumilikdə indiyədək layihələrin ümumi dəyəri 4 milyard manatdan çox olan 34600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib.

 

Bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək

 

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Bu istiqamətdə daim praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi isə bu il davam etdiriləcək: “Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək”.
Prezident qeyd edib ki, əgər layihələrin sayı çoxalarsa, bu məbləğ artırıla bilər. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir.

 

Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb

 

Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır. Ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə, biznes forumlarının, sərgilərinin təşkili və digər tədbirlər sayəsində güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.
Bütün bunlar isə onu deməyə əsas verir ki, cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər 2018-ci ildə də uğurlu nəticələr verəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”