Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının gücləndirilməsi ilə bağlı layihə yekunlaşıb

07 Dekabr 2017
Dekabrın 7-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNESCO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” layihəsinin yekununa dair konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova konfransda çıxış edərək layihəyə sentyabrın 1-də start verildiyini xatırladıb. O deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd natamam təhsilli qaçqın və məcburi köçkün qızların müxtəlif sahələr (kompüter, müasir texniki avadanlıqlardan istifadə, qadın hüquqları ilə bağlı qanunvericilik üzrə məlumatlılığın artırılması və s.) üzrə bilik səviyyələrinin artırılması, cəmiyyətə inteqrasiyanın reallaşdırılması, bilavasitə qızların erkən nikahın qurbanına çevrilməsinin qarşısının alınmasıdır. Layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara kompüter bilikləri üzrə kurslar keçirilib. Qızlar kompüter proqramlarında çalışmaq, axtarış sistemlərindən istifadə etmək və s. məlumatlara yiyələniblər.

Sonra tədbirdə “Gender və İnsan Hüquqları” İctimai Birliyinin sədri Rəna Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı İlahə Sadıqova çıxış ediblər.

Daha sonra kompüter kurslarını bitirən qızlara sertifikatlar təqdim olunub.