Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuz şəhərində humanitar aksiya keçirir

10 Noyabr 2017
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuz şəhərində humanitar aksiya keçirir.

Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva AZƏRTAC-a bildirib ki, yerli həkimlərin də iştirakı ilə iki gün davam edəcək aksiya çərçivəsində əhaliyə tibbi xidmət göstəriləcək, müayinə və müalicə aparılacaq. İyirmi nəfər üzərində katarakta, refraksiya patologiyası və digər xəstəliklər üzrə cərrahi əməliyyat planlaşdırılıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, habelə 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı rayonda maarifləndirmə tədbirləri keçirib. Aksiya çərçivəsində gözlə bağlı problemi olan pasiyentlərə bir sıra məsləhətlər verilib, eləcə də müayinə və müalicələr aparılıb.

Qeyd edək ki, 2005-ci ildən 2017-ci ilədək Səyyar Klinika respublikanın 87 rayon və şəhərində 122 dəfə aksiya keçirib. 21 min 645 pasiyent müayinə və müalicə olunub, 2 min 465 xəstə cərrahi əməliyyat edilib.