Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aleksandr Lukaşeviç: Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərini davam etdirəcək

10 Noyabr 2017
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qarşılıqlı surətdə məqbul konsensusun formalaşmasında tərəflərə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə əlaqəli şəkildə yardım göstərilməsi üzrə vasitəçilik fəaliyyətini davam etdirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikri RF-nin ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç ATƏT-in Daimi Şurasının iclasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Vyanada Yüksək Səviyyəli Planlaşdırma Qrupunun başçısının çıxışlarına cavab olaraq səsləndirib.

A.Lukaşeviç deyib: “Ümid edirik ki, həmsədrlərin gözlənilən müzakirələri bu köhnəlmiş münaqişənin sülh yolu ilə nizamlanmasına əlavə təkan verəcək”.

Daimi nümayəndə belə bir məsələyə diqqət yetirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin uzun sürən fasilədən sonra oktyabrın 16-da Cenevrədə baş tutan görüşü Bakı və Yerevan ilə fəal müzakirələr zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinin mühüm nəticəsi olub. A.Lukaşeviç deyib: “Əsas məsələ budur ki, tərəflər sammitin yekunlarına əsasən, danışıqlar prosesini sürətləndirmək barədə şərtləşiblər. Əminik ki, bu, tərəflər arasında etimadın daha da artmasına və nəticədə nizamlanmanın mahiyyət aspektləri üzrə kompromisə doğru irəliləməyə kömək edəcək. Ümidvarıq ki, prezidentlərin Cenevrə görüşünün yekunlarına əsasən müəyyən edilmiş konstruktiv ab-hava danışıqlar zamanı qorunub saxlanılacaq. Həmsədrlərin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ilin sonunadək planlaşdırılan görüşlərinin səmərəli olacağına ümid bəsləyirik”.

Regionda sülhün və sabitliyin dəstəklənməsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinin zəruri şərti olduğunu vurğulayan diplomat fikrini belə tamamlayıb: “Bununla əlaqədar, tərəflərin qoşunların təmas xəttində gərginliyin azaldılması üzrə əlavə tədbirlər görmək öhdəliyini yüksək qiymətləndiririk. Bir daha qeyd edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda danışıqları zamanı hərbi risklərin azaldılmasına, o cümlədən münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasına dair əldə edilmiş razılaşmalarının həyata keçirilməsi bu məqsədə cavab verərdi. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi alqoritminin regionda vəziyyətin monitorinqi üzrə imkanları keyfiyyətcə artırmağa imkan verəcək sxem əsasında çox qısa müddətdə razılaşdırılmasına ümid bəsləyirik. Münaqişə zonasında silahlı insidentlərin birgə araşdırılması mexanizminin işlənib hazırlanmasının başa çatması da qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində sabitliyin maraqlarına cavab verərdi. Bu prinsipial razılaşmaların həyata keçməsi tərəflərin dialoqunda müsbət ab-havanı möhkəmləndirər və danışıqlar prosesinə əlavə təkan verərdi”.