Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır

16 Oktyabr 2017
Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində qurumun baş katibi Martin Çunqonq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Martin Çunqonqun baş katib seçildikdən sonra Azərbaycana səfərini məmnunluqla xatırlayıb, onun Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanlarla görüşünü yüksək qiymətləndirib. Qeyd edib ki, ölkəmiz Parlamentlərarası İttifaq və quruma üzv parlamentlər ilə daha güclü əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və qlobal problemlərin müzakirəsinə xüsusi önəm verir. Sədr əlaqələrimizi yenidən canlandırmaq üçün qurumun regional konfranslarından və ya forumlarından birinin Azərbaycanda keçirilməsini təklif edib. Oqtay Əsədov, həmçinin Azərbaycanın İttifaq tərkibindəki geosiyasi qruplardan birinə daxil olmaq niyyətini də diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, Parlamentlərarası İttifaq ölkəmiz üçün yalnız parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi baxımından deyil, həmçinin işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı qurumun yaratdığı imkandan səmərəli istifadə olunması üçün mühüm platforma kimi də əhəmiyyətlidir. Bu məsələlərdə təşkilat önəmli rol oynaya bilər.

Martin Çunqonq növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərlərindən birini məhz Azərbaycana etdiyini vurğulayıb. O, ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirib. Bildirilib ki, onun təmsil etdiyi təşkilat Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycanın sürətli inkişafından məmnunluq ifadə edən baş katib ölkəmizin Cənubi Qafqaz regionunun lider dövləti olduğunu vurğulayıb.

Martin Çunqonq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb, problemin ətraflı müzakirəsi üçün Azərbaycanın qurum çərçivəsində mövcud olan 6 geosiyasi qrupdan birinə üzv olmasının əhəmiyyətini diqqətə çatdırıb.