Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Qəhrəmanın xatirəsi anılıb

10 Oktyabr 2017
Abşeron Mədəniyyət Mərkəzində “Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi” adlı layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsinə həsr edilmiş anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib ki, bu layihə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kəlbəcərlinin həyat və cəsarətli döyüş yolunu öyrənmək və yazılacaq oçerklərlə onları cəmiyyətimizə, gənc nəslə daha yaxından tanıtmaq məqsədi daşıyır. Bugünkü tədbirimiz də bu layihə çərçivəsində Milli Qəhrəman Sərdar Səfərovun xatirəsinə həsr olunub. H.Misirov Milli Qəhrəman haqqında danışaraq qeyd edib ki, Sərdar Səfərov 1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra bir müddət Bakıda Maşınqayırma zavodunda işləyib. Sonra o, daxili işlər orqanlarında xidmət etmək arzusunu reallaşdırmaq üçün Tula şəhərinə yollanıb. Üç il bu şəhərdə milis nəfəri kimi çalışdıqdan sonra nümunəvi xidməti nəzərə alınaraq rəhbərlik tərəfindən SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Milis Məktəbinə oxumağa göndərilib. S.Səfərov məktəbi 1987-ci ildə başa vuraraq zabit kimi yenidən Tulada xidmətini davam etdirib.

“Qarabağ hadisələri başlanan gündən Sərdar Səfərovun da rahatlığı pozulur. Vətənin dar günündə o, uzaq Tula şəhərində özünə yer tapa bilmir. Bir neçə dəfə Azərbaycana qayıtması ilə bağlı rəhbərliyə müraciət edir. Ona Tulada qalmağı, gələcək karyerası haqqında düşünməyi məsləhət görürlər. Ancaq Sərdar Səfərov özünün son qərarını verir. Nəhayət o, 1991-ci ildə Azərbaycana dönür. Onu Qusar rayon daxili işlər şöbəsinə göndərirlər. Bu şöbədə xidmətə başlayanda könüllü olaraq Qarabağa ezam olunması haqqında rəhbərliyə müraciət edir və onun döyüş yolu başlayır. Hadisələrin qızğın dövründə, 1991-ci ilin sentyabrında Xankəndi yaxınlığında azğınlaşmış erməni silahlıları azərbaycanlıların sərnişin avtobusuna hücum edir. Hadisədən xəbər tutan Sərdar Səfərov və bir neçə azərbaycanlı soydaşlarına köməyə yollanırlar. Hücumun qarşısı alınır. Cavablarını alan ermənilər geri çəkilirlər. S.Səfərov hadisə yerindən uzaqlaşarkən əlavə qüvvələrlə geri dönən ermənilər onlara hücum edir. Qeyri-bərabər döyüşdə Sərdar Səfərov yoldaşlarını xilas etsə də özü qəhrəmancasına həlak olur. O, Kəlbəcərdə dəfn olunur. Ölümündən sonra Sərdar Səfərova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib”,- deyə natiq bildirib.

Həbib Misirov deyib ki, layihə çərçivəsində hər bir şəhid haqda kitab nəşr ediləcək. Bu kitablar kitabxanalara, məktəblərə paylanacaq və şəhid ailələrinin üzvlərinin iştirakı ilə ictimaiyyətə təqdim ediləcək. Bundan əlavə layihə çərçivəsində şəhid ailələrinin bir-biri ilə və onların gənclərlə görüşləri təşkil olunacaq.

Tədbirdə filologiya elmləri doktoru, türkoloq, şair Adil Cəmil, kəlbəcərli ziyalı Əlövsət Ağalarov və başqaları çıxış edərək layihəni yüksək qiymətləndiriblər.

Sonra ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda Milli Qəhrəmanın qızı Sərdarə Səfərova çıxış edərək atasının xatirəsinə həsr olunmuş tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, atasının timsalında bütün şəhid olan vətən övladları ilə qürur duyduğunu söyləyib.