Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sulu qəlyanın quru ölümü

21 Sentyabr 2017
 

1 saat istifadəsi 100 siqaret çəkməyə bərabər olan bu mərəzdən hepatit, vərəm və QİÇS viruslarına yoluxma ehtimalı 98 faizdir

 

“Bir dəfə ilə heç nə olmaz” deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır.
Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var...
Qəlyan ilk dəfə Hindistanda hazırlanıb. Sonra İran, ərəb ölkələri və Türkiyədə geniş yayılmağa başlayıb. Hətta Şərq dünyasında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayır. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu, ev sahibinə qarşı hörmətsizlik kimi qiymətləndirilir.

 

“Şişa” - ölümə salam

 

Bu gün dünyada qəlyanın müxtəlif növlərindən istifadə olunur: meyvəli, sulu, quru. Qəlyan çəkmək yarım saatdan bir saata qədər vaxt aparır. Bir sıra ölkələrdə təkcə kişilər deyil, qadınlar da qəlyan çəkirlər. Qəlyandan ən çox istifadə olunduğu ölkələrdən biri İrandır. Təkcə Təbriz şəhərində minə yaxın qəlyanxana var. Vaxtilə Bakıda da mövcud olan qəlyançəkmə ənənəsi son vaxtlar yenidən dəbə minir. Artıq əksər kafe, restoran, çayxana və hamamlarda müştərilərə qəlyan təklif olunur. Baxmayaraq ki, bir çox ölkələr ondan istifadəni ya məhdudlaşdırıb, ya da tamamilə qadağan edib. Hətta qəlyandan zamanında çox geniş istifadə olunan qonşu Türkiyədə qapalı yerlərdə qəlyan çəkilməsinə qadağalar tətbiq edilib. Çünki dünya alimləri qəlyanın insan orqanizmi üçün çox zərərli olduğunu ortaya çıxarıblar.
Britaniya kardiologiya fondu da qəlyan çəkməyin təhlükəli olması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. Britaniyada ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasından sonra “şişa” adlanan qəlyanın çəkilməsi sayı 2 dəfə artıb. Fondun nümayəndəsi bildirir ki, qəlyanın səhhətə ziyanı hələ də tam öyrənilməyib. Lakin insanın bir saat ərzində bir “şişa” çəkməsi 100 siqaretə bərabərdir.
Təəssüf ki, bizim cəmiyyətdə bir çoxları qəlyan çəkməyin ziyanını dərk etmir. Hesab edilir ki, qəlyan qurğusunun içərisindəki su filtri vasitəsilə oradakı tütün təmizlənir. Əlbəttə, süzgəcdən keçmə nəticəsində tütünün tərkibində olan ziyanlı, zəhərli maddələrin miqdarı azalır. Lakin onlardan tam olaraq yaxa qurtarmaq olmur. Bundan əlavə, heç də bütün elementlərin su ilə “təmizlənə bilmə” xüsusiyyəti yoxdur. Sınaqlar keçirilən zaman alimlər tərəfindən dəfələrlə qeyd edilmişdir ki, bir sıra maddələrin miqdarının azalması ilə bərabər, digər maddələrin miqdarı olduğu kimi qalır. Bəzi tibbi sınaqların nəticələri deməyə əsas verir ki, qəlyan asılılıq yaradır və insan sağlamlığına mənfi təsir göstərir. Belə ki, mütəmadi olaraq qəlyandan istifadə edən adamların qanında yüksək dərəcədə kotonin aşkar edilir. Bu maddə nikotinin törəməsidir. Lakin əgər nikotin insan orqanizmindən iki-üç saat ərzində sovrulursa, kotonin 15-20 saat ərzində qalır. Bundan əlavə, ancaq qəlyan çəkən adamların iştirak etdikləri sınaqlar nəticəsində müəyyən edilmişdir ki, digər ziyanlı maddələr də “təmizlənmiş” tütün tüstüsü ilə ciyərlərə daxil olur. Buna görə də bir çox alimlər belə filtirasiyanı az effektli hesab edirlər.

 

Hepatit, vərəm və QİÇS virusu təhlükəsi

 

Qeyd edilənlərdən əlavə, qəlyan çəkən adamlarda karbon monoksidinin yüksək tərkibi müəyyən edilir. O qaz ürək-damar sisteminə təsir göstərir, çünki ürək əzələləri qısalmalarının sayının azalmasına səbəb olur. Karbon monoksidi həmçinin sərxoşluq vəziyyəti ilə müqayisə edilən şüur dəyişikliklərinə də yol açır.
Mütəxəssislərin fikrincə, qəlyan eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasına da səbəb ola bilər. Gün ərzində qəlyandan onlarca insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, tüstünün keçdiyi boru dəyişdirilmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmaz olur. Xəstə insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Hepatit, vərəm və QİÇS viruslarına yoluxma ehtimalı 98 faiz təşkil edir.
Son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir. Bir tərəfdən maarifsizlik, digər tərəfdən isə “müasirləşmək” həvəsi zərif cinsin nümayəndələri arasında qəlyan çəkənlərin sayının artmasına səbəb olur.

 

Bu sahədə indiyədək heç bir yoxlama aparılmayıb

 

Qəlyan satışını həyata keçirən bir restoranın satıcısı ilə söhbətimizdə də maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, ölkəmizdə elə kişilər qədər qəlyan çəkən xanımlar da var. Bu nə qədər acı olsa da həqiqətdir. Qəlyanın qiyməti isə müxtəlifdir, və əsasən, onun keyfiyyətilə bağlıdır. Müştərilərə qiyməti 20 manatdan 200 manata, bəzən daha yüksək məbləğdə qəlyan təklif olunur. Satıcının sözlərinə görə, təkcə çayxana sahibləri yox, xaricdən gələnlər, eləcə də yerlilər hədiyyə üçün qəlyan alırlar. Daha çox ölçüsü böyük və görünüşü yaxşı olan qəlyanlara üstünlük verilir. Qəlyanlar əsasən Çin və Dubaydan gətirilir. Müştərilər isə ən çox meyvəli qəlyanlara meyil edirlər...
Qəlyan təqdim edən kafe, bar və restoranlarda hər hansı bir gigiyenik yoxlamaların aparılıb aparılmamasını öyrənmək üçün Səhiyyə Nazirliyinin respublika Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyena və epidemiologiya şöbəsinin müdiri Ziyəddin Kazımova müraciət etdikdə bildirdi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, hazırda qurum tərəfindən heç bir obyektdə yoxlamalar aparılmır. O ki qaldı sırf sulu qəlyanla bağlı məsələyə, əvvəllər də bu sahədə heç bir yoxlama olmayıb.
Deməli, bu günə qədər qəlyanın zərəri ilə bağlı dövlət qurumları tərəfindən heç bir tədbir görülməyib. Amma ümid var ki, Milli Məclisin növbəti sessiyasında qəlyandan istifadəni məhdudlaşdıran yeni qanun layihəsi qəbul ediləcək.
Bir udum tüstüdə 80 radiaktiv maddə ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Musa Quliyevlə həmsöhbət olduq. O, qəlyanın insan sağlamlığına vura biləcəyi fəsadlardan danışdı: “Maraqlıdır ki, sulu qəlyandan daha çox istifadə olunan bir çox ərəb ölkələrində indi qəlyandan istifadə qadağan edilib. Elə Avropa ölkələri də sulu qəlyandan istifadəni məhdudlaşdırıb. Çünki bu tütün məhsulunun bir neçə aspektdə təhlükəsi var, ilk növbədə, alışqanlıq yaradır. Digər bəla burasındadır ki, bar və ya kafe sahibləri daha çox müştəri cəlb etməkdən ötrü az da olsa, sulu qəlyanın içərisinə alışqanlıq yaradan narkotik tərkibli vasitələr qatırlar. Digər tərəfdən, onun tüstüsündə 80-ə yaxın radiasiya verən maddə var. Bu o deməkdir ki, həmin tüstünü udarkən 80-ə yaxın zərərli aktiv maddə qəbul edirsən. Həmçinin tüstünü ciyərə çəkəndən sonra insanın tənəffüs orqanları müəyyən vaxtdan sonra iltihablaşır, aktiv funksiyalar zəifləyir. Qəlyanın tüstüsü birbaşa ağ ciyərə təsir edir. Nəticədə, ağ ciyərin iltihablaşması və bərkiməsi prosesi baş verir ki, bu da vərəm, və ya xərçəng xəstəliyinə yol açır”.

 

Azərbaycanda da qapalı məkanlarda qəlyandan istifadənin qadağan edilməsi gözlənilir

 

M.Quliyev sulu qəlyandan əsasən gənclərin toplaşdıqları yerlərdə istifadə olunduğunu qeyd etdi. Onun sözlərinə görə, gənclər özlərini tez böyümüş və qüdrətli göstərmək üçün belə zərərli məşğuliyyətlərə tez alışırlar. Təsadüfi deyil ki, gənclərin toplaşdıqları belə yerlərdə adətən, kriminal hadisələr də olur. Deməli, sulu qəlyan həm sosial, həm də tibbi baxımdan zərərlidir: “Bu məsələdə qazanan tərəf yalnız həmin obyekti, restoranı işlədən şəxslər olur. Bundan nə cəmiyyət, nə də vətəndaş qazanır, əksinə, itirir. Ona görə də dünyanın bir çox ölkələrində tütün çəkməklə mübarizə haqqında qanun qəbul olunarkən orada sulu qəlyanlar və elektron siqaretlər də siqaretə bərabər tutularaq nəzərə alınır və qapalı məkanlarda istifadəsi qadağan edilir. Hətta, uşaqların olduğu məktəblərə yaxın açıq ərazilərdə də belə vasitələrdən istifadəyə qadağalar qoyulur. “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Bu layihədə də bütün qapalı məkanlarda sulu qəlyan çəkilməsi qadağan olunur. Bununla bağlı məsələ birinci oxunuşda layihədə yox idi. Sonra deputatların təklifi ilə layihəyə belə bir əlavə etdik. Qanun layihəsi üçüncü oxunuşdan keçib qəbul olunarsa, Azərbaycanda da sulu qəlyan və elektron siqaretlər tütün məhsullarına bərabər tutulacaq. Beləliklə, onların açıq məkanlarda istifadəsi qadağan ediləcək”.
M.Quliyev əlavə etdi ki, bəziləri restoranlarda sulu qəlyanın təqdim edilməsini turizmlə bağlayırlar, turistləri cəlb etmək üçün bu cür vasitələrdən istifadə etməyin vacib olduğunu sanırlar. “Amma bunu dar düşüncənin məhsulu, həm də milli-mənəvi dəyərlərə bir zərbə kimi qəbul etmək olar. Turizmə pul gəlir deyə, biz millətimizi xəstə etməliyik?! Elə şeylər var ki, onu pula bağlamaq olmaz, insani dəyərləri üstün tutmaq lazımdır. Ölkəmizdə turistlərin əylənməsi və istirahəti üçün gözəl imkanlar var. Digər tərəfdən isə biz sulu qəlyanın və ya tütün məhsullarının açıq havada çəkilməsini qadağan etmirik. Sadəcə, belə bir tələb var ki, açıq havada sulu qəlyan çəkilən yerlərə də gənclərin, uşaqların daxil olması, ondan istifadə qadağan edilsin”.
Beləliklə, qəlyan çəkməyin insan sağlamlığına ciddi təhdid olmasını nəzərə alsaq, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ondan istifadəyə qadağalar və ya məhdudiyyətlər qoyulması labüddür. Bununla, həm bu günümüzü, həm də gələcəyimizi qorumuş olarıq...

Elgün MƏNSİMOV,
“Azərbaycan”