Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni qazax əlifbasında 25 işarə olacaq

11 Sentyabr 2017
Qazax dili üçün yeni latın əlifbasının müəllifləri 25 işarədən ibarət layihə təqdim etmişlər. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Respublika Dillərin İnkişafının Əlaqələndirmə-Metodik Mərkəzinin direktoru Erbol Tleşov parlamentdə keçirilmiş müzakirələrdə qeyd etmişdir ki, yeni əlifbanın layihəsinin yaradılması ilk növbədə qazax dilinin səs sistemini nəzərdə tutur. Nəticədə təklif olunan əlifba 25 işarədən ibarətdir. 

Tleşovun dediyinə görə, yeni əlifba üçün “bir hərf - bir səs, bir hərf - iki səs” prinsipi əsas götürülmüşdür. O əlavə etmişdir ki, qazax dilinin səs sistemini tam təmin etmək üçün əlifbaya səkkiz spesifik səsi əks etdirən səkkiz diqraf daxil edilmişdir.

Xatırladaq ki, bu ilin aprelində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə hökumətinə qazax dilinin latın əlifbasına keçidinin qrafikini tərtib etməyi tapşırmışdı. Onun dediyinə görə, yaxın iki il ərzində latın qrafikasına keçmək üçün təşkilati və metodiki işlər aparılmalıdır. Dövlət başçısı əmin etmişdi ki, ilk dövrdə latın qrafikası ilə yanaşı, kiril qrafikasından da istifadə olunacaq.