Zirvəli dağa nə bələdçi...
Ötən əsrin ikinci başlanğıcında, daha dəqiq desək, 1958-ci ilin əvvəlində Azərbaycanın mətbuat səmasında yeni qoşa ulduz parladı. Həyata gəlişi ilə şimşək çaxmasını xatırlatsalar da onlar şimşək ömrü yaşamadılar, uzunömürlü məşələ çevrildilər. Bunlar Azərbaycan və rus dillərində nəşr olunan "Bakı" və "Baku" axşam qəzetləri idi. Yeni nəşrin sükanı da jurnalistika aləmində yeni parlayan insana etibar olunmuşdu: Nəsir Əsəd oğlu İmanquliyevə. O, yüksək partiya kürsüsündən gəlmişdi və onun baş redaktor təyinatını təbəssümlə qarşılayanlar da az deyildi. Pessimistlər Nəsir İmanquliyevin "oxucuların diqqətini və məhəbbətini qazanacaq iki dildə əsl şəhər qəzetləri" çıxara biləcəyinə şübhə ilə yanaşırdılar. Amma zaman adlı məhək daşı bu fikrin puçluğunu sübuta yetirdi. Bir qədər irəli "qaçaraq" xatırlatmaq istəyirəm ki, Nəsir İmanquliyev nəinki arzu olunan qəzetləri yüksək səviyyədə çıxara bildi, həm də otuz il müddətində xalq sevgisi qazanan bu nəşrlərin idarə pultunu əllərində dəyanətlə saxladı, mətbuat aləmində hər "peşəkar" jurnalistə nəsib olmayan məktəb yaratdı...
"Bakı" və "Baku" axşam qəzetlərini təsadüfən "mürəkkəb nəşr" adlandırmırdılar. Əvvəla, bu iki qəzet vahid redaksiyada birləşməsinə baxmayaraq, hər biri müstəqil və fərqli qəzet idi. Başqa sözlə, biri digərinin tərcümə variantı deyildi. Hərəsinin özünəməxsus yaradıcı kollektivi, o cümlədən spesifik mövzusu və oxucu potensialı var idi. Xüsusən rus dilində çıxan "Baku" qəzeti bütün ölkəyə (SSRİ-ni nəzərdə tuturam) yayıldığından baş redaktor tərəfindən daha çox diqqətə və yaxşı mənada "nəzarətə" möhtac idi. Baş redaktor həm də hər iki qəzetin məqsəd və vəzifələrini vahid məcrada birləşdirməli idi: Azərbaycan paytaxtının həyatını olduğu kimi, lakin rəngarəng və oxunaqlı yazılar vasitəsi ilə işıqlandırmaq, paytaxt əhalisinin rifahına layiqincə xidmət etmək!
"Bakı" və "Baku" qəzetlərinin digər "mürəkkəbliyi" isə onların "axşam qəzeti" olmasında idi. Dünya təcrübəsindən məlumdur ki, belə "qriflə" nəşr olunan mətbuat orqanından yüksək dərəcədə operativlik tələb olunur. Günün birinci yarısında baş verən olayları əks etdirən "axşam qəzeti" çıxarmaq və günün sonunda onu qəzet köşkünə, yaxud abunəçilərə çatdırmaq mətbuat sahəsində ən çətin işlərdən sayılır. Çünki bu məqsədi həyata çeçirmək üçün təkcə jurnalist çevikliyi, yaxud kollektiv "entuziazm"ı kifayət etmir. Bunun üçün müasir poliqrafiya bazasının və operativ yazıların yaranmasını təmin edən redaksiya avadanlığının olması, habelə redaksiya ilə oxucu arasında körpü rolu oynayan poçt-rabitə qurumlarının saat mexanizmi kimi dəqiq və əlbir fəaliyyəti vacib şərtlərdəndir. Ancaq o zamankı Azərbaycanda bu amillərin əksəriyyəti çatışmırdı. Yazı avadanlığı və mətbəə texnologiyası bəsit idi və "axşam qəzetinin" tələblərinə cavab vermirdi. Ədalət naminə qeyd etməliyəm ki, heç indiki kompyuter bolluğunda da gündəlik "axşam qəzeti" çıxarmaq məsuliyyətini üzərinə götürən jurnalist (təsisçi, yaxud baş redaktor) yoxdur. Hər halda mən beləsini tanımıram...
Ötən yüzilliyin ortalarında gündəlik "axşam qəzeti" çıxarmağın bir çətinliyi də ondan ibarət idi ki, bu sahədə söykəniləcək, örnək ola biləcək təcrübə yox idi. O zaman üçün Azərbaycan milli mətbuatının yaşı səksəni ötsə də, belə bir nəşr dünyaya gətirməmişdi. Qeyd etməliyəm ki, o zamanadək SSRİ məkanında da "axşam qəzeti" nəşr edən bir respublika, yaxud şəhər olmamışdı...
Dövrün və quruluşun spesifik çətinliklərini ona görə xatırlatdım ki, belə bir zamanda və şəraitdə "Bakı" və "Baku" axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev çiyinlərini olduqca ağır yükün altına vermişdi. Və artıq tarixə çevrilmiş illərin məsafəsindən görünən faktlara, habelə yaddaşımın "boxçasında" qərar tutmuş xatirələrimə istinad edərək inamla deyə bilərəm ki, Nəsir müəllim bu ağır yükü şərəflə daşıdı. O, uzaq səfərlər gəmisinin kapitanı kimi öz gəmisini məharətlə idarə edərək, onu geniş "oxucu okeanına" çıxardı, otuz illik çətin məsafəni böyük mətinliklə qət etdi. Başqa sözlə, bu çətin vəzifədə düz otuz il sərasər çalışdı. Özü də mərd-mərdanə, qətiyyətli və alnıaçıq. Baş redaktor Nəsir İmanquliyevi bir dəfə də olsun yolundan sarpan, əyilən, hərəkətindən xəcalət çəkən vəziyyətdə görmədik. O, vəzifədən gedəndə də müdrikcəsinə getdi. Baş redaktorluğu "Nəsir məktəbinin" yetişdirməsi olan istedadlı şagirdlərindən birinə (Şamil Şahməmmədova) etibar edib, həmişəlik müəllimlik fəaliyyətinə keçdi. Ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində müəllimlik etdi...
Nəsir İmanquliyev jurnalistika sahəsində "mahir strateq" olduğunu elə ilk fəaliyyətindən sübuta yetirmişdi. O, olduqca çevik və işgüzar redaksiya kollektivi yaratmağa müvəffəq olmuşdu, bu kollektivə arxalanaraq ideyalarını uğurla həyata keçirirdi. Altmışıncı illərin əvvəlində artıq formalaşmış "Bakı" və "Baku" qəzetlərinin redaksiya kollektivi yeni və istedadlı qələm sahiblərini özündə birləşdirirdi. Onların hər biri fərdi istedad sahibi olsa da, hamısını birləşdirən bir keyfiyyətləri vardı: böyük şəhərin çoxşaxəli həyatını yaxşı bilir, bu həyatın düzgün və axşam qəzetinin tələblərinə uyğun işıqlandırılmasını gözəl bacarırdılar. Jurnalistika aləmində "əsl model" adlandırılmağa layiq olan həmin kollektivin üzvləri indi də hörmətlə xatırlanır. Onların yaddaşımda qalan siyahısı təxminən belə idi: Baş redaktorun müavinləri Əhməd Rəşidov və Vladimir Matyuşkin, məsul katiblər Adil Cavadlı və Mark Peyzel, şöbə müdirləri Kazım Ələkbərov, Oqtay Atayev, Çingiz Ələkbərov, Səfər Məmmədov, Qeybulla Rəsulov, Şakir Abdullayev, Şaban Şabanov, Rəfail Nağıyev, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Kamil Hacıbəylinski, Kamil Rəhimov, tərtibatçı rəssamlar Arif Ələsgərov və Hüseyin Zeynalov, ədəbi işçilər İsmayıl Kərimov, Cabir Novruzov, Famil Mehdiyev, Şamil Qurbanov, Yusif Həsənbəy, Sabir Məmmədov, Ərşad Əhmədov, Aydın Mikayılov, Akif Ağayev, Əlabbas Əliyev, Ağahüseyn Hüseynov, Əkbər İbrahimov, Şükufə Tağızadə, Xalidə Əmirova, Tofiq Əhmədov, Çingiz Hacıyev, foto-müxbirlər Yaşar Xəlilov, Fuad Rzazadə və bir sıra başqaları. Tam olmayan bu siyahı zaman-zaman dəyişəcəkdi. İrəli çəkilən, yüksək vəzifəyə dəvət alanların, yaxud elm-təhsil sahəsini seçənlərin ("Nəsir məktəbindən" çıxıb aşağı işə gedən əməkdaşı xatırlamıram) yerini istedadlı gənçlər dolduracaqdı. Belələrindən Nüsrət Kəsəmənlinin, Mülatif Adurovun, Fazil Rəhmanzadənin, Ənvər Məşədiyevin, Aqil Dadaşovun, Dağbəyi İsmayılovun, Həmid Nəcəfquliyevin adlarını çəkə bilərəm. Beləliklə, baş redaktorun "yaxşı kollektiv yaxşı işin təminatçısıdır" devizi reallığa çevrilərək ənənə kimi yaşayacaqdı...
Baş redaktorun ikinci "kozuru" böyük oxucu potensialına arxalanması və redaksiya ətrafında geniş ictimai müxbir şəbəkəsi yarada bilməsi idi. Bu şəbəkədə ən yüksək dərəcəli ziyalıdan tutmuş, ən adi fəhləyədək müxtəlif zümrələrin nümayəndələri yer tuturdular. Elm və sənət xadimləri, neftçilər və inşaatçılar, ayrı-ayrı peşə adamları axşam qəzetlərini maraqla oxuduqları kimi, onların səhifələrində özlərini müəllif sifətində görməyi də şərəf sayırdılar. Yazıçılar yeni əsərlərinin ilk təqdimatını bu qəzetlərdə edirdilər. Yaxşı xatırlayıram, yazıçı-rejissor Həsən Seyidbəylinin İmran Qasımovla birgə yazdığı "Uzaq sahillərdə" sənədli povestinin maraqlı epizodları ilk dəfə "Baki" qəzetində çap olunmuşdu. Xalqımız əfsanəvi partizan "Mixaylonun" - Mehdi Hüseynzadənin şücaəti barədə ilkin olaraq bu qəzetdən xəbər tutmuşdu. Həsən Seyidbəylinin digər əsəri olan "Cəbhədən cəbhəyə" povesti (onu bestseller adlandırmaq daha düzgün olardı) bir neçə ay ərzində "Bakı" qəzetinin səhifələrini bəzədi. Əsər o qədər maraqlı idi ki, oxucular qəzetin hər sayını böyük səbirsizliklə gözləyirdilər. Xalq yazıçıları Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, xalq şairi Rəsul Rza, yazıçılardan Qılman İlkin, Hüseyn Abbaszadə, Manaf Süleymanov və başqaları o zaman axşam qəzetlərinin ən fəal müəlliflərindən idilər.
Baş redaktorun "strategiyası" barədə fikrimi tamamlayaraq, xatırlatmaq istəyirəm ki, altmışıncı illərin ortalarından etibarən "Bakı" və "Baku" qəzetlərinin nəzdində "Fəhlə müxbirlər məktəbi" fəaliyyət göstərirdi...
Mənim Nəsir İmanquliyevlə tanışlığım və ünsiyyətim "Bakı" və "Baku" axşam qəzetlərinin həyata vəsiqə alması ilə başlamışdı. O zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə (hələ fakültə deyildi) daxil olmuşdum. Birinci semestri başa vurub, qış tətilindən təzəcə qayıtmışdım ki, qəzet köşklərində yeni nəşr gördüm. Gördüm və sevindim. Burada haşiyə çıxıb deməliyəm ki, o zaman indiki kimi, qəzet bolluğunda yaşamırdıq və mətbuat dünyasında baş verən hər yenilik bizi - gələcəyin jurnalistlərini hədsiz maraqlandırır və sevindirirdi. Mən də axşam qəzetlərinin ilk oxucularından və onları sevənlərdən biri oldum. Bir qədər sonra isə bu qəzetlərin redaksiyasına ayaq açdım və ən gənc müəlliflərindən oldum. Tələbəlikdə "debüt" yazım "Azərbaycan gəncləri" qəzetində dərc olunsa da, əsasən "Bakı" qəzetində "məskunlaşdım" və onun fəal müxbirinə çevrildim. Bunun bir "baiskarı" da hələ tələbəykən "Bakı" qəzetinə işə qəbul olunmuş istedadlı jurnalist Şamil Şahməmmədov olmuşdu. O, "Şəhər xəbərləri" şöbəsinə başçılıq edirdi və operativlik cəhətdən ən çətin şöbənin tələbinə uyğun olaraq böyük təşkilatçılıq qabiliyyətinə malik idi. Şöbə ətrafında mənim kimi tələbə müxbirləri toplayıb lazımi istiqamətdə işlətməyi bacarırdı...
Jurnalistika sahəsində həm nəzəri, həm də praktiki cəhətdən ilk qida mənbəyim "Nəsir məktəbi" olmuşdur. Təfsilata varmadan təkcə onu deyə bilərəm ki, beş illik universitet həyatımda qazandığım biliyin və təcrübənin yekun göstəricisi olan diplom işimin mövzusu cəmi dörd yaşlı "Bakı" qəzetinin çoxşaxəli fəaliyyətinə həsr olunmuşdu. Diplom rəhbərim həmin qəzetin baş redaktoru Nəsir İmanquliyev idi (o, həm də ADU-nun jurnalistika şöbəsində müəllim kimi fəaliyyət göstərirdi). Universiteti bitirdiyim ildə isə daha bir hadisə baş verdi ki, bu da peşə taleyimdə mühüm rol oynamaqla yanaşı, həyatımın düz on ilini "Bakı" qəzeti ilə bağlamağımın bünövrə daşı oldu.
1962-ci ilin baharında "Bakı" qəzetinin elan etdiyi "Ən yaxşı hekayə və oçerklərin Ümumrespublika müsabiqəsinə" yekun vuruldu. Müsabiqə gizli devizlə keçirilirdi, yəni yazı müəlliflərinin adları yalnız münsiflər heyətinin qərarından sonra açıqlana bilərdi. Respublikanın tanınmış yazıçılarının və publisistlərinin iştirak etdikləri bu məsul yarışa mən də cəsarət edib öz oçerkimi təqdim etmişdim. Yazım qışın qış günündə "Neft daşları"na etdiyim səfərin nəticəsi olaraq yaranmışdı. Dəniz neftçilərinin çətin və şərəfli həyatından bəhs edən oçerk "Hələlik, əzizim..." adlanırdı. Adı kimi, yazı üslubu da o zaman üçün qəbul olunan oçerk "trafaretindən" seçilirdi. Dənizdə buruq qazan qəhrəmanım romantik tərzdə Xəzərlə söhbətləşərək, həyatını ona danışırdı...
Müsabiqədə mükafata layiq yer tutacağıma ümidim az idi. Çünki bu yarışın münsiflər heyəti olduqca mötəbər və mənim aləmimdə "əlçatmaz" olan yazıçı və jurnalistlərdən "tərtib olunmuşdu". Təkcə onu demək kifayətdir ki, müsabiqənin "baş hakimi" dünya şöhrətli romanların müəllifi, xalq yazıçısı Mirzə İbrahimov idi. Heç cür inana bilmirdim ki, yazım belə səviyyəli qələm sahiblərinin xoşuna gələ bilər. Amma düşündüyümün əksinə oldu. Münsiflər heyəti "Hələlik, əzizim..." oçerkini yekdilliklə bəyənərək, Ümumrespublika müsabiqəsinin Birinci mükafatına layiq gördü. Həmin yekun toplantının iştirakçıları olan məşhur publisistlərdən Nurəddin Babayev, Rəfail Nağıyev sonralar danışırdılar ki, kod adı ("Günəş") yazılmış kiçik zərf açılıb, oçerk müəllifinin əsl adı elan olunarkən müsabiqənin təşkilat komissiyasının sədri, münsiflər heyəti sədrinin müavini Nəsir İmanquliyev sevincini gizlədə bilməyib, ayağa qalxdı, hələ imzalar içində imzası kifayət qədər tanınmayan oçerk müəllifini qürur hissi ilə təqdim edib dedi: "Mənim tələbəmdir... "Bakı" qəzetinin yetişdirməsidir..." Doğrudan da, Nəsir müəllim məni redaktor kabinetinə çağırıb, təbrik edəndə də sevinc və qürur hissini gizlətmədi. Üstəlik ömrüm boyu qulağımda sırğa olub qalacaq sözlər söylədi:
- İndiyədək heç bir tələbə belə məsul müsabiqənin qalibi olmayıb. Sən birincisən... Bundan sonra elə çalışmalısan ki, bu qələbənin təsadüfi olmadığını sübuta yetirəsən...
Mənim üçün bundan müdrik tövsiyə ola bilməzdi. Lakin o zaman ağlıma gəlməzdi ki, "Nəsir məktəbindən" qidalanacağım illər hələ qabaqdadır.
...İki il sonra yenidən "Bakı" qəzetinə qovuşdum. Bu iki ilin bir neçə ayını təyinat aldığım "Kommunist" qəzetində müxbir, qalan vaxtını isə Mərkəzi Komitənin rayonlararası orqanı olan "Yüksəliş" qəzetində məsul katib vəzifəsində çalışmışdım. Lakin harada olsam da qəlbim "Bakı" qəzetində qalmışdı. Sanki bu istəyimi Nəsir İmanquliyev də duymuşdu. 1964-cü ildə mən yenidən "Kommunist" qəzetinə çağrılarkən Nəsir müəllimdən dəvət aldım və tərəddüd etmədən şəhər qəzetində işləməyə razılıq verdim. Əvvəlcə tərcüməçi, sonra elm-təhsil bölməsinin rəhbəri, daha sonra "Şəhər xəbərləri" şöbəsinin müdiri vəzifələrində çalışdım. On ilə yaxın müddət ərzində bilavasitə Nəsir İmanquliyevin rəhbərliyi və qayğısı altında işlədim. Bu zaman kəsiyində "Nəsir məktəbinə" nə verdiyimi deməkdə çətinlik çəkirəm. Ancaq onu dəqiq bilirəm ki, bu "məktəbdən" aldığım çox olub. İlk növbədə qələmimi püxtələşdirmiş, peşə ustalığımı artırmışam. Sonra isə həyatım üçün lazım olan şəraiti qazanmışam. Rayondan qayıdarkən şəhərdə daimi qeydiyyatı belə olmayan cavan jurnalistin (özümü nəzərdə tuturam) tezliklə mənzillə təmin olunması o zaman üçün əsl möcüzə hesab olunurdu. Belə "möcüzələri" isə yalnız Nəsir İmanquliyev kimi şəxsiyyətlər yarada bilərdi...
Jurnalistika aləmində belə bir "zərb-məsəl" var : "Hər bir qəzet öz redaktoruna oxşayır". "Bakı" və "Baku" qəzetləri də geniş mənada baş redaktoruna bənzəyirdi : Çevik və Cəsarətli, Zəhmətkeş və Məğrur ! Başqa sözlə, Nəsir İmanquliyevin siqlətində olan xarakter nümunələri öz əksini redaktoru olduğu qəzetlərdə tapırdı. Bakının və bakılıların həyatında nəzərə çarpan elə bir problem olmazdı ki, axşam qəzetlərinin səhifələrində öz əksini tapmasın. Hətta bu yolda ayrı-ayrı jurnalistlərimiz, bəzən bütün kollektiv məmur təzyiqinə, təqiblərə məruz qalırdı. Belə vaxtlarda Nəsir müəllim qaya parçasına çevrilib, sinəsini təhlükənin qabağına verirdi.
Nəsir müəllim işçilərinə qarşı sərt və olduqca tələbkar idi. Lakin onların başından bir tük də əskik olmasını istəməzdi. Ən sıravi işçisinin yamını ən yüksək mənsəb sahibinə verməzdi. Onun həyat proqramına həm də rəhbərlik etdiyi kollektivin toxunulmazlığını təmin etmək, işçilərinin rifahını mümkün qədər yaxşılaşdırmaq istəyi daxil idi.
Nəsir müəllimin bir "qəribə xasiyyəti" də vardı. Başqa yerdən dəvət alıb, kollektivi tərk etmək istəyən işçiləri çox çətinliklə buraxırdı. Buraxanda da bunu o şərtlə edirdi ki, həmin işçi aşağı vəzifəyə, yaxud az təminatlı işə getməsin. Bəlkə də bu səbəbdən idi ki, "Nəsir məktəbindən" çıxan əməkdaşlar bir qayda olaraq jurnalistika sahəsində, yaxud dövlət qulluğunda yüksək vəzifələrə təyinat alırdılar. Elm-təhsil sahəsini seçənlər isə tezliklə dissertasiya müdafiə edib, yüksək elmi dərəcəyə çatırdılar.
...Jurnalistka sahəsində müəyyən pillələri qalxmaq mənə də nəsib oldu. "Bakı" qəzetindən gedəndən sonra Azərbaycan televiziyasında Gənclər üçün proqramlar Baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkildim. Bir neçə il sonra isə Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin xeyir-duası ilə respublikanın tanınmış qəzetlərindən biri olan "Azərbaycan gəncləri" qəzetinə redaktor təyin olundum. Nə az, nə cox, düz on beş il bu vəzifədə çalışdım.
Onu dəqiq bilirəm ki, yüksəliş yolunda mənim üçün ən kəsərli zəmanət "Nəsir məktəbinin vəsiqəsi" olub. Bir də onu bilirəm ki, dağlar zirvəsindən tanınır...
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!