04 Dekabr 2025 08:25
238
İQTİSADİYYAT
A- A+
Zərif biznesin real töhfəsi

Zərif biznesin real töhfəsi


Ölkəmizdə təxminən hər üç fərdi sahibkardan biri qadındır


Bu gün Azərbaycan qadınlarının biznes dünyasında görünməsi təsadüfi hadisə deyil. Müəllimdən tutmuş startap qurucusuna, kənddə bal istehsalçısından tutmuş böyük şirkət rəhbərinə qədər yüzlərlə qadın özünə güvənərək özəl sektorda inamla addımlar atır. 

Hər bir uğurlu biznesin arxasında isə böyük cəsarət dayanır. Azərbaycan qadınları bu cəsarəti özündə taparaq sıfırdan biznes qurur, ailəsinə, cəmiyyətə və ölkəyə dəyər qatır.  Onların uğur hekayələri yalnız şəxsi deyil, həm də qadınların potensialına inamın artmasının göstəricisidir. 

Adətən "Azərbaycan xanımı" deyəndə göz önünə ailəni  bütöv saxlayan dayaqlardan biri olan ana, milli-mənəvi dəyərləri qoruyan cəfakeş qadın gəlir. Lakin bu, qadının iş dünyasındakı fəaliyyəti ilə ziddiyyət təşkil etmir, əksinə, üstünlüklərini göstərir. Qadının sahibkarlığa marağının artması, üstəlik də zamanın tələbi olan innovativ və rəqəmsal biznes növlərində fəallığının yüksəlməsi bu sahədə nəzərəçarpacaq dinamikanı göstərir. Azərbaycan xanımının səsi dünyanın  hər yerindən gəlir. 20-25 il əvvəlin xanımı ilə bu günün qadını arasındakı fərq onun cəmiyyətin üst pilləsində möhkəm bərqərar olmasındadır.  O həm sosial rifahını yüksəldir, ailəsinə dəstək olur, onu ayaqda saxlayır, həm də başqalarının  "qolundan  tutub"  işlə təmin edilməsində  rol oynayır. Üstəlik də vergi ödəyicisi kimi dövlətin büdcəsinə xeyir verir. 

Qadın sahibkarlığının genişlənməsində təbii ki, dövlətin həyata keçirdiyi dəstək mexanizmləri həlledici rol oynayır. Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən qadınlara güzəştli kreditlərin ayrılması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes təlimləri, mentorluq proqramları, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maarifləndirici layihələri qadınların biznesə başlama və fəaliyyətlərini davam etdirmə prosesini asanlaşdıran mühüm tədbirlərdir. Bu dəstək mexanizmləri qadınların iqtisadi fəallığının artması və onların sahibkarlıq mühitinə inteqrasiyası üçün əlverişli şərait formalaşdırır.

Əvvəllər qadın sahibkarlar əsasən məhdud fəaliyyət dairəsində, xüsusilə tibb və təhsil kimi ənənəvi sahələrdə özlərinə yer tapırdılar. Lakin dövran yeniləndikcə qadınların biznes dünyasına baxışları da dəyişib. Bu gün artıq reklam menecmentindən tutmuş rəqəmsal iqtisadiyyata, kənd təsərrüfatının müxtəlif sahələrindən ekoturizmə qədər çox geniş bir spektrdə onların fəal iştirakını görürük. Xidmət sektoru, o cümlədən ticarət, təhsil, qida istehsalı kimi sahələrlə yanaşı, startaplar, dizayn, onlayn ticarət və yaradıcı sahələr qadın sahibkarların ən çox təmsil olunduğu istiqamətlər arasında yer alır. Dövlət Statistika Komitəsinin 2025-ci il yanvarın 1-nə olan məlumatına əsasən, ölkəmizdə məşğul əhalinin 48 faizini qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 faizdən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra  da irəli gedəcəyini göstərir.

Sovet dövründə mövcud olan sərt çərçivə və ənənələrdən fərqli olaraq, müstəqil Azərbaycanda qadınlar fərdi sahibkarlıq sahəsində öz imkanlarını daha cəsarətlə reallaşdırır və bu yolda kişilərdən heç də geri qalmadıqlarını sübut edirlər. Qadın sahibkarların iqtisadiyyata töhfəsi həm mikro, həm də makro səviyyədə əhəmiyyətlidir. Onların biznes fəaliyyəti bir tərəfdən ailə büdcəsinin güclənməsinə, yoxsulluğun azalmasına və regionlarda məşğulluğun artmasına səbəb olur, digər tərəfdən gender bərabərliyinin möhkəmlənməsinə, sosial inklüzivliyin təmin edilməsinə və cəmiyyətdə yeni, müsbət rol modellərinin formalaşmasına şərait yaradır. Xüsusən kənd yerlərində qadınların iqtisadi fəallığının artması regional inkişafın mühüm dinamikası kimi çıxış edir. Regionların statistikasına nəzər salarkən aydın olur ki, Qazax-Tovuz iqtisadi rayonunda qadın sahibkarların payı 28,2, Naxçıvan Muxtar Respublikasında 26,67, Gəncə-Daşkəsən iqtisadi rayonunda 25,9, Bakıda 24,8 faizdir. Ümumilikdə isə Azərbaycanda hər üç sahibkardan biri qadındır. 

Bu statistika onu sübut edir ki, qadınların sahibkarlıq fəaliyyətində iştirakı yalnız böyük şəhərlərlə məhdudlaşmır, həm də regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Regionlarda qadın sahibkarların yüksək faizi onların təşəbbüskar ruhunun, innovativ yanaşmalarının və biznesdə cəsarətli addımlarının nəticəsidir. Beləliklə, müasir Azərbaycan qadınları yalnız ailə və məişətdə deyil, həm də sosial-iqtisadi sahədə fəal rol oynayaraq ölkənin inkişafına real töhfə verirlər. Bu da o deməkdir ki, qadın sahibkarlar cəmiyyətin yenilənən düşüncə tərzinin əsas hərəkətverici qüvvələrindən birinə çevriliblər.

Lakin bir çox qadın sahibkar hələ də kredit və investisiya imkanlarına çıxışda bəzən çətinliklərlə üzləşir. Regionlarda isə onların təlim və mentorluq imkanları kifayət qədər geniş deyil. Sahibkarlıq yolundakı maneələr şübhəsiz ki, qarşıdakı illərdə aradan qaldırılacaq. Çünki qadın sahibkarların təşəbbüslərinin dəstəklənməsi yalnız onların uğuru deyil, həm də ölkənin iqtisadi inkişafı və sosial rifahının yüksəlməsi üçün strateji əhəmiyyət kəsb edir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!