Belini zorla dikəldib ayağa qalxdı. Pəncərənin önünə keçib çölə baxdı. Uşaqlar top oynayırdılar. Gözləri yaşardı. Gözünün önündən keçən ötən illərin xatirələri bir anlıq da olsa ürəyini isitdi. "Samir, evə gəl…" "Gəlirəm, ana, qoy bir az da oynayım". İndi nə o anlar var, nə də "gəlirəm, ana" deyən Samirdən səs-soraq. Şəhərə getdiyinin ilk illərində tez-tez zəng çalardı. "Ana, qoy əlim tutsun, ev alıb səni yanıma gətirəcəm" deyirdi.
Oğlunun əli də tutdu, evləndi də. Ana isə həsrətilə yaşadığı o sözü bir daha eşitmədi.
Ana səbirli idi. Gözləyirdi. Ən böyük təsəllisi isə telefon zəngləri idi. Əvvəllər bu zənglər tez-tez olurdu. Sonra yavaş-yavaş seyrəlməyə başladı. Daha ana da əvvəlki deyildi. Beli bükülmüş, ayaqları yeriməz olmuşdu. Dostu da, köməyi də başı əyri bir çəlik idi.
…Artıq on beş gün idi ki, oğlundan xəbər yox idi. Bəzən ona elə gəlirdi ki, telefonu xarab olub. Hətta bir dəfə qonşuda yaşayan Qasıma telefonunu uzadıb:
- Oğul, mənim bundan başım çıxmır, deyəsən xarab olub. Zənglər gəlib çatmır, - dedi.
Qasım telefonu əlinə alıb o tərəf, bu tərəfinə baxdı.
- Hər şey normaldır, - dedi.
Ananın sual dolu baxışını görüb:
-Nömrənizi deyin yoxlayım, - dedi.
Ekranda işıq yandı və zəng səsi eşidildi. Ana buna sevinmədi. Əksinə, tutuldu. Axı özünə təskinlik verirdi ki, yəqin telefonu xarab olub. İndi isə… Gözü telefonda qalan ananın xəyalından nələr keçmirdi. "Düşmənin ağlına gəlməyən mənim ürəyimə gəlir", - deyib hərdən özünü danlayırdı da.
Qəflətən telefonun zəngi çaldı. Amma çox qısa, yarımçıq çaldı. Ana çəliyi belə unudub özünü masanın üzərinə qoyduğu telefonun üstünə atdı. Zəng oğlundan idi.
Ana gözünü telefona dikib durmuşdu. Zəng isə təkrarlanmırdı. Çaldığı zənglərin bu dəfə də nəticəsiz qalacağından qorxduğu üçün zəngin təkrarlanmasını gözləyirdi. Aradan bir xeyli vaxt keçdi. Ananın səbri tükənirdi. Ürəyinə gələnləri şüuruna yaxın buraxmaq istəmədiyi üçün əlləri titrəyə-titrəyə oğlunun nömrəsini yığdı. 5-ci zəngdən sonra oğlunun səsini eşidəndə sevincdən gözləri doldu.
- Eşidirəm, ana, qısa elə, vaxtım azdır.
- Oğul mənə səndən zəng gəldi. Nigaran qaldım.
- Yəqin əlim dəyib, yaxşı, sonra danışarıq, indi vaxtım yoxdur, - əlaqə kəsildi.
Ümman boyda sevinc bir anda yox oldu. Əli ilə qulaqlarını tutdu. "Yəqin əlim dəyib" sözü qulağında uğultuya çevrildi. Yavaş-yavaş yerə çökdü. Yanına düşmüş çəliyinə qeyri-şüuru həsədlə baxdı. Yaxşı ki, sənin nə ürəyin, nə də həsrət çəkdiyin biri yoxdur, - dedi.
Ana bu an elə gücsüzləşmişdi ki, hətta yanağından üzüaşağı süzülən göz yaşlarını silməyə taqəti qalmamışdı. Qulağı isə ona acıq verirmiş kimi "yəqin əlim dəyib" sözünü ürəyinə ötürməklə onun əzabını artırırdı. Etinasızcasına deyilmiş söz ananı həyata bağlayan son ümidinə də qənim oldu. Gözləri yavaş-yavaş yumulsa da, qulağı eyni sözü təkrarlayırdı: "Yəqin əlim dəyib".
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist