Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI konfransı keçirilib. Konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Astara rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov rayon təşkilatının son beş ildə gördüyü işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib: “1992-ci ilin 21 noyabrı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş, yaddaşlarda yaşayan unudulmaz bir günə çevrilmişdir. Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin nurlu zəkasından, xalqın dahi Heydər Əliyevə olan sevgisindən və inamından, zamanın zəruri tələbindən yaranmışdır.
Azərbaycanı zəfərlərdən-zəfərlərə qovuşduran, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının əsas daşıyıcısı, Heydər Əliyev məktəbi olan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti ilə daha da güclənərək ölkəmizin qurtuluş simvoluna çevrilib. Sıralarında 800 minə yaxın partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın qazandığı uğurların, yetişdiyi hədəflərin siyasi qərargahı, ideoloji iqamətgahı, alternativsiz və yeganə siyasi güc mənbəyidir. Yeni Azərbaycan Partiyasının 34 illik yüksəliş yolu ölkəmizin yaxın keçmişinin şərəf salnaməsi, vətənə, xalqa, dövlətə xidmət nümunəsidir.
Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarda, əldə etdiyi nailiyyətlərdə 1993-cü ilin iyul ayında təsis olunan, sıralarında 7 min 883 nəfər partiya üzvünü birləşdirən YAP Astara rayon təşkilatının özünəməxsus rolu vardır”.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası müasir, müstəqil, suveren Azərbaycanın həyatında mühüm yer tutan, ölkəmizin iqtisadi-siyasi inkişafında əvəzsiz xidmətləri olan böyük siyasi qüvvədir. Ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış partiyanın rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və xalqımızın rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri qəbul edərək Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verməklə əslində bugünkü güclü Azərbaycanın təməlini qoymuş oldu.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının sədri olan, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması, Azərbaycanla bağlı həqiqətlərin ən mötəbər səviyyədə qəbul etdirilməsi dövlətimizin başçısının diplomatiyasının məntiqi nəticəsidir.
Bu gün tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müasir Azərbaycanın inkişaf yolu ilə sıx bağlıdır. Ölkəmizin siyasi sabitliyinin qorunması, iqtisadi qüdrətinin artırılması, regionların sosial-iqtisadi inkişafının təmin olunması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət öz müsbət nəticələrini verməkdədir. Ölkəmizin əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlətçilik siyasəti, xalq-iqtidar birliyi və cəmiyyətimizin sabitliyə, inkişafa və tərəqqiyə olan inamı dayanır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yoluna və ideyalarına sadiq olan astaralılar möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər. Bu inam və sədaqət astaralıların dövlətimizə və Azərbaycanın parlaq gələcəyinə olan sarsılmaz bağlılığının ifadəsidir. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən çoxsaylı üzvlər Ulu Öndərin siyasi irsinə sədaqətlə xidmət etməyi özlərinin vətəndaşlıq borcu hesab edir, ölkəmizin və rayonun ictimai-siyasi həyatında həmişə fəallıq göstərirlər. Ölkədə keçirilmiş Prezident, Milli Məclis və bələdiyyə seçkilərində seçicilərin mütəşəkkilliklə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməsi buna sübutdur.
Xalq-iqtidar birliyinin nəticəsi idi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə 30 il işğalda olan torpaqlarımız cəmi 44 gün ərzində düşmən tapdağından azad edildi. İndi xalqımız böyük Zəfərin sevincini yaşayır. Azad Qarabağımızın hər tərəfində şərəflə dalğalanan Azərbaycan Bayrağı bizə sonsuz qürur verir. Vəhşi düşmən tərəfindən dağıdılaraq, xarabalığa çevrilmiş, talan edilmiş torpaqlarda sürətli quruculuq işlərini görəndə ürəyimiz dağa dönür. Bu gün qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır.
Əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri və bütün xalqımız həmişə olduğu kimi bundan sonra da partiyanın sədri, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək səmərəli fəaliyyətləri ilə dövlətimizin inkişafına və cəmiyyətimizin tərəqqisinə layiqli töhfələr verəcəklər”.
YAP rayon təşkilatının Astara Pedaqoji Kolleci ərazi partiya təşkilat sədri professor, şəhid atası Kamran Kazımov, Astara Təhsil Sektoru ərazi partiya təşkilat sədri Xədicə Əliyeva, Astara rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov konfransda çıxış etmiş, rayon təşkilatının 2021-2026-cı illər üzrə fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov VII Qurultaydan ötən dövr ərzində görülmüş işlərdən danışaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildiyini bildirmişdir. Bu poseslərdə Yeni Azərbaycan Partiyasının daim ön sırada olduğunu və bundan sonra da ön sıralarda olacağını qeyd edən Əli Axundov növbəti dövr üçün qarşıda duran vəzifələrdən danışmış, YAP Astara rayon təşkilatına fəaliyyətində uğurlar arzulamışdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələrin seçilməsi ilə konfrans işini başa çatdırmışdır.
Seyran CAVADOV,
“Azərbaycan”