27 Aprel 2024 18:39
292
CƏMİYYƏT
A- A+

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

 

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Azərşəkər” MMC-nin, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak ediblər.

500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft-qaz sektoruna göstərilən yüksək dövlət diqqəti nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı Sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib. S.Cəfərov bildirib ki, COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq: “Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək”.

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev “Mzuri” texnologiyasının üstünlükləri barədə məlumat verib. Bildirib ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

“Gilan Pivot” MMC-nin baş direktoru Ruslan Ələskərov kənd təsərrüfatı sahəsində “Dragon-Line” texnologiyasının tətbiq edilməsinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, “Dragon-Line” pivot və damcılı suvarma sisteminin sintezi olan yeni nəsil hibrid suvarma sistemidir. Bu suvarma sistemindən istifadə suya və elektrik enerjisinə 20-50 faizə qədər qənaət edir, torpağın kipləşməsini, qaysaqlamasını və suyun səthi axınlarını azaldır, anitemperatur dəyişikliklərində bitki şokunun qarşısını alır.

Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video